"Narahatlığa şərait yaradan antimilli qüvvələr vətən xainidirlər" -

Bəzi antimilli qüvvələr çalışırlar ki, noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatında yer alan Rusiya sülhməramlı kontingentin gəlişinə fərqli bir don geyindirsinlər’’.

Bu açıqlamanı Metbuat.az-a özəl müsahibəsində millət vəkili Cavid Osmanov edərkən bildirdi ki, son günlər cəmiyyətdə yaranan narahatlığa əsas yoxdur.

“44-günlük müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Azərbaycan ordusu Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı zəfər qazanaraq adını tarixə yazdı.

İşğaldan azad edilən torpaqlarımız sayəsində ərazi bütövlüyümüz tam təmin edildi.Düşməndən azad edilən hər qarış torpağımızda Azərbaycanın qanunları işləyəcəkdir. Orada yaşayan ermənilər Azərbaycanın pasportlarından istifadə edəcəklər.

Rusiya sülhməramlıların Qarabağ ərazisindəki missiyası beynəlxalq praktikaya əsasən aparılır. Azərbaycan tam qələbə qazandı. Sülhməramlıların fəaliyyətinə qardaş Türkiyənin də nəzarət edə bilməsi üçün monitorinq mərkəzində qərarlaşması bizim uğurumuzdur. Cəmiyyətdə bu məsələ ilə bağlı narahatlıq üçün səbəb yoxdur. Bu narahatlığa şərait yaradan antimilli qüvvələr isə vətən xainidirlər”.

Cavid Osmanov bildirdi ki, Türkiyə bu savaşda Azərbaycana böyük dəstək göstərmişdir. İmzalanmış bəyanatda Türkiyə masada söz sahibi olduğunu bir daha təsdiqlədi.

“Əgər düşmən tərəfindən hər hansı bir təxribat olarsa onlar dəmir yumruğu yenidən qarşılarında görəcəklər. Dəmir yumruq onların başını elə əzib ki, onlar hələ uzun müddət özlərinə gələ bilməyəcəklər.

Bu tarixi zəfərimizdir. Azərbaycan təkcə diplomatiyada deyil həm də informasiya savaşında da tam qalib gəldi.

Bizim igidlərimizin qarşısında tab gətirə bilməyən erməni əskəri silahını atıb qaçırdı. Bütün bunların kökündə Ali Baş Komandanımız Cənab İlham Əliyevin ordu quruculuğu sayəsində apardığı islahatlar dayanır. Diplomatiya sayəsində cənab prezidentimiz bütün dünyaya nümunə göstərdi. Biz bu savaşda dostumuz kim, düşmənimiz kimdir bunu aydınlaşdırdıq.

Biz qətiyyətlə deyə bilərik ki, Azərbaycan haqq savaşından alnı açıq çıxdı. Bu qələbənin qazanılmasında qanını canını verən igidlərimizə, şəhidlərimizə Allahdan rəhmət diləyir ruhları qarşısında baş əyirik!

Allah şəhidlərimizə rəhmət etsin”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR