Şəhid ailələri və döyüşçülərin kredit borcları

“Qarabağ qazilərinin borclarının ödənilməsi üçün bir fond yaradıla bilər, oraya toplanan vəsaitlərlə borcların müəyyən hissəsini bağlamaq mümkündür”-

Metbuat.az xəbər verir ki, bu açıqlamanı iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov da vurğulayıb.

“Hələ ki ölkədə hərbi vəziyyət bitməyib. Böyük ehtimalla ən yaxşı halda 1 dekabrdan sonra hərbi vəziyyətə xitam verilə bilər. Ancaq əgər Ermənistan öz öhdəliklərinə riayət etməsə uzana da bilər. Bu mənada bizim əsgər və zabitlərimiz hərbi səfərbərlikdə olduğu üçün onlar hələ öhdəliklərini icra edə bilmirlər. Fors-major vəziyyət davam etdiyi üçün nə bank, nə digər şirkətlər onlardan borclarının ödənilməsini tələb edə bilməz.

Biz banklardan və ticarət şəbəkələrindən bütün borcların bağışlanmasını tələb edə bilmərik. Əlbəttə, öz istəkləri ilə bunu edə bilərlər və bu çox yaxşı olardı.

Ancaq dövlət bunu onlardan tələb edə bilməz, çünki bankların da maliyyə vəziyyəti pisləşmiş olar. Necə ki, bu ilin aprel-may aylarında 4 bank problemli kreditlərə görə bağlandı. Bu səbəbdən bankları da anlamaq olar. Onlardan bütün hərbçilərimizin borclarının bağışlanmasını istəmək olmaz, bəzi banklarda kreditlərin həcmi daha çox, bəzilərində daha az ola bilər. Dövlətin tövsiyəsinə nə dərəcədə əməl olunacağı da dəqiq deyil”.

Ə.Həsənovun sözlərinə görə, ən yaxşı yol cəmiyyət olaraq şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının borclarının ödənilməsi üçün ictimai bir fond yaratmaqdır:

“İki çıxış yolu var. Cəmiyyət Qarabağ qazilərinin borclarının ödənilməsi üçün bir fond yarada bilər, oraya toplanan vəsaitlərlə borcların müəyyən hissəsini bağlamaq mümkündür. Çatışmayan hissəsini də dövlət üzərinə götürə bilər. Bu, mərkəzləşdirilmiş qaydada aparılmalıdır, fondun bütün əməliyyatları şəffaf olmalıdır. İctimaiyyət olaraq biz ölkə üzrə belə bir fond təsis edə bilərik. Ona edilən bütün ödənişləri, köçürmələri tam şəffaf internet saytında yerləşdirmək olar, kim 1 manat belə ödəyibsə orada görünsün.

Doğrudur, dövlət də kredit borclarının ödənilməsini tam şəkildə öz üzərinə götürə bilər, ancaq hər məsələdə yükü dövlətin üzərinə yıxmaq doğru deyil. Fond yaranarsa hamı burada rahat iştirak edə bilər. Kiminsə 5 manatı varsa, bununla təklikdə heç bir borcu ödəyə bilməsə belə, fonda köçürməklə prosesdə iştirakçı ola bilər”.

İqtisadçı hesab edir ki, hər kəs bu məsələdə gözləntiləri dövlətin üzərinə yönəldib, lakin dövlətin görəcəyi işlər də çox böyükdür:

“İşğaldan azad olunan ərazilərin bərpası üçün nə qədər vəsait lazımdır, müharibə zamanı ziyan çəkən şəhər və rayonların bərpası üçün xeyli pul lazımdır. Dövlətin xərci onsuz da çoxdur. Bu cür məsələlər xarici təcrübədə də dövlət tərəfindən həll olunmur, cəmiyyət olaraq biz öz sözümüzü deməliyik. Bəzən ordunun ehtiyacı olmadığı məsələlər üçün də vəsait toplanır, müəyyən xərclərə gedilir, halbuki əsgərlərimizin təminatı yüksək səviyyədədir. İndi əsas dəstək cəmiyyətdən məhz bu borc məsələsinə yönəldilməlidir. Çünki kredit borclarından danışırıqsa, burada ipoteka kreditləri də var və kifayət qədər böyük məbləğlərdən söhbət gedir”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR