Ombudsman BQXK-nin nümayəndə rəhbəri ilə azərbaycanlı əsirlərdən danışdı

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauer ilə videokonfrans vasitəsilə görüş keçirib.

Ombudsman Aparatından Metbuat.az-a verilən məlumata görə, 22 noyabr 2020-ci il tarixdə baş tutmuş görüşdə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan hərbi qulluqçularına münasibətdə pis rəftar və işgəncə faktları, real çəkiliş əsasında sosial mediada yayılan məlumatlar Ombudsman tərəfindən xanım Bauerin diqqətinə çatdırıb. Təəssüflə qeyd olunub ki, həmin videolarda yer alan hərbi əsirlərin taleyi ilə bağlı hər hansı bir məlumat almaq mümkün olmayıb.

Ombudsman Səbinə Əliyeva tərəfindən görüşdə əsir düşmüş iki hərbi qulluqçumuzun ailə üzvlərinin də iştirakı təmin edilib. Onlar əsirlikdə olan övladlarının hüquqlarının təmin edilməsi və ölkəyə qaytarılması ilə bağlı müraciətlərini Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Bauerə çatdırıblar.

Ombudsman qeyd edib ki, Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı məsələ ilk gündən onun diqqət mərkəzindədir və bununla bağlı aidiyyəti beynəlxalq qurumlara ardıcıl müraciətlər ünvanlayıb.

Xanım Bauer görüşdə qaldırılan məsələlər ilə bağlı mandatı çərçivəsində lazımi addımları atacağını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR