.

Qarabağda sülhməramlıların əsas məqsədi sülhü təmin etməkdir - Politoloq Şəbnəm Həsənova

.

AzərbaycanRusiya prezidentlərinin, habelə Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı anlaşmaya əsasən İkinci Qarabağ Müharibəsi başa çatdı. Bundan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının parlament fraksiyasının toplantısında bəyan etdi ki, Qarabağdakı sülhməramlı missiyada Türkiyə Rusiya ilə birlikdə iştirak edəcək.

Müharibə Azərbaycanın qələbəsi ilə bitdi. Rus sülhməramlıların Qarabağda atəşkəsə nəzarət etməyə başlaması cəmiyyətdə müəyyən suallara cavablar axtarmağa vadar etdi.

Politoloq Şəbnəm Həsənova Metbuat.az-a özəl olaraq bu barədə müsahibə verib. Siyasi ekspert deyir ki, münaqişənin həll olunmasının siyasi və strateji perspektivləri mühüm əhəmiyyət kəsb edir.

''Hər şeydən əvvəl o qeyd olunmalıdır ki, hazırda Dağlıq Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsinin hüquqi bazası Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış birgə bəyanatda özünü ehtiva edir.

Sülhməramlıların əsas məqsədi BMT mandatlı və bu mandatdan kənarda olan qüvvələrin münaqişə tərəfləri ilə razılaşdırılmış qaydada münaqişə bölgəsində sülhü təmin etmək məqsədilə fəaliyyət göstərməsindən ibarətdir. Bununla bağlı dünyada təcrübələr də var.

Belə ki, hazırda sülhməramlı qüvvələr Kosovo, Əfqanıstan, İraq, Haiti, Kipr, Livan, Suriya, Cənubi və Şimali Sudan, Mali, Kotdivuar və digər münaqişə ərazilərində müvafiq missiya yerinə yetirirlər. Vəziyyətdən asılı olaraq sülhməramlıların missiyası fərqlənir.

Buna baxmayaraq, bütün sülhməramlı missiyalar öz fəaliyyətində beynəlxalq hüququ və BMT-nin baza prinsiplərini rəhbər tutur, münaqişə bölgələrində sülhün və təhlükəsizliyin təmin edilməsinə dəstək verirlər''.

- Qarabağda Türkiyənin varlığı Rusiya üçün nə qədər barışıla biləndir?


''Qarabağda Türkiyənin də varlığı reallıqdır. Rusiya Xarici işlər naziri Sergey Lavrovun Türkiyənin təkcə bu regionda yox, bütövlükdə onun getdikcə artan gücünü və nüfuzunu dəyərləndirərək Türkiyənin təkcə regionda deyil, bütövlükdə real faktor olduğunu bildirməsi bu ölkənin münaqişədə və bölgədə həlledici faktor olmasından xəbər verir .

Türkiyə Azərbaycana qardaş, dost ölkədir, eyni zamanda Türkiyə bir çox istiqamətdə Rusiyanın tərəfdaşıdır. Düşünürəm ki, yaxın gələcəkdə Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlığı daha da genişlənəcək''.

Şəbnəm xanım Qarabağ münaqişəsinin siyasi və strateji perspektivləri nədir?


''Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının siyasi və strateji perspektivləri olduqca mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu gün cənab Prezident İlham Əliyev yüksək siyasi və diplomatik səriştə nümayiş etdirərək təkcə Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinə son qoymur, eyni zamanda bölgənin yeni siyasi konfiqurasiyasını formalaşdırır. Mövcud münaqişənin həll edilməsi əslində Ermənistanın inkişaf perspektivi baxımından da olduqca mühüm əhəmiyyət kəsb edir.

Düşünürəm ki, məhz işğal siyasətinə görə siyasi və iqtisadi cəhətdən blokada şəraitində olan, eyni zamanda bütün regional layihələrdən də bilərəkdən təcrid edilən Ermənistanın gələcəyi baxımından münaqişənin həll edilməsi onun bir dövlət kimi ancaq xeyirinə olacaq.

Türkiyə ilə Rusiyanın Qarabağda sülhyaratma missiyasına qoşulması heç bir tarixi, siyasi, iqtisadi əlaqələri olmayan ölkələri narahat etməməlidir. Artıq hərbi əməliyyatların bitməsini nəzərə almalı olan bu dairələr ultimativ ritorikadan çəkinərək Ermənistanı yeni reallıqlarla barışmağa çağırıb, Cənubi Qafqazın inteqrasiyasına və xalqların ümumi rifahına töhfə verməyə səsləsələr daha məqsədəuyğun olar.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR