.

Şəhid olduğu deyilən əsgər sağ qayıtdı - Kəşfiyyatçı qazi ilə müsahibə - VİDEO

.

44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdırdı.

Onların sırasında Şuşaya qədər gedib çıxan kəşfiyyatçı qazi İsmayıl Hüseynzadə də var.

Döyüş yoldaşı qollarında ölən, Şuşaya qədər gedib çıxan, ailəsinə şəhid olduğu xəbəri gələn qəhrəman veteranımızın Metbuat.az-a müsahibəsini təqdim edirik:

İsmayıl oxucularımıza özünün necə təqdim edərdin?

''Mən Hüseynzadə İsmayıl İmamverdi oğlu 27 avqust 1994-cü ildə Bakı şəhəri Bakıxanov qəsəbəsində doğulmuşam. 2010 -cu ildə Bakı Neft Energetika kollecinin neft-qaz quyularının istismarı fakutləsinə qəbul olmuşam.

Görmə qabiliyyətimdə problem olduğu üçün əsgərliyə gedə bilmirdim. Amma vətənin keşiyində durmaq, igidlik məktəbini keçə bilməmək hissləri də məni dərindən kədərləndirirdi. Buna görə də mən Müdafiə Nazirliyinə düz bir il məktub yazdım ki, məni hərbi xidmətə çağrılmağım üçün icazə versinlər''.

İsmayılın bir il ərzində hərbi xidmətə getmək üçün cəhdləri uğurlu olur. O 2016-cı ilin oktyabr ayında hərbi xidmətə Naxçıvana yollanır. Kəşfiyyat bölümündə xidmət edən İsmayıl 2018-ci ilin martında vətənə borcunu yerinə yetirib ailəsinin yanına geri qayıdır.

2-ci Qarabağ müharibəsi başlayanda İsmayıl könüllü kimi yenidən cəbhəyə qayıdır...

''Tovuz hadisələri zamanı ön cəbhəyə yaxın bölgələrimizdən birində idim. General-mayor Polad Həşimovun şəhid olması xəbərini eşitdiyimi zaman çox böyük sarsıntı keçirdim. Ailəmə də məlumat vermədən Bakıya gələrək Sabunçu Rayon Hərbi kommisarlığına müraciət edərək adımı könüllü kimi ordu sıralarına yazdırdım.

28 sentyabr mənə hərbi komissarlıqdan zəng gəldi və səfərbərliyə dəvət edildim. Cəbhəyə gedən zaman ailəmə bir kəlimə söz dedim.’’Haqqınızı halal edin,şəhid olsam heç kim ağlamasın’’- deyib сəbhəyə yollandım''.

Füzulidən Şuşaya qədər döyüş gedən bütün istiqamətlərdə kəşfiyyatçı kimi iştirak edən İsmayıl Hüseynzadə deyir ki, cəbhədə qələbə qazandıqca yuxusuzluq, aclıq hissinin yerini yalnız erməni cəlladlarını öldürmək, torpaqlarımızı azad etmək hissləri əsir alır.

''Şəhid olan yoldaşlarının qisasını aldıqc atəbii hisslər aclıq, yuxusuzluq, yorğunluğu unudursan.Günlərlə biz meşələrdə, dağlarda, səngərdə torpağın üzərində yatırdıq. Səhər oyananda yağışın altında yatdığımızın belə fərqinə varmırdıq.Əynimizdə yaş olan geyimlərimiz elə üstümüzdə də quruyurdu.Bu şəraitdə döyüşürdük və bir müddət sonra buna öyrəşirdik.Düşüncəmizdə tək bir məqsədə fokuslanmışdıq.Qələbə qazanmaq, torpaqlarımızı azad etmək tək istəyimiz idi''.

Döyüş yolu keçən hər bir igidin unuda bilmədiyi bir xatirəsi olur. İsmayıl sənin üçün ön cəbhədə yaşadığın hansı hadisə unudulmaz olacaqdır?

''Danışdıqca bütün vücudumu titrədən bir hadisə yaşadım. Zəngilanın alınması uğrunda gedən döyüşlərdə döyüş yoldaşım snayperdən boğazından vurulmuşdu.Onu qollarıma götürüb neytral əraziyə tibbi personalın yanına aparağa çalışdım. O, anda mən yalnız döyüş yoldaşımı həkimə çatdırmağı düşünürdüm.

Heyif ki mənim cəhdlərim uğursuz oldu və o çox qan itirdiyindən qollarımdaca şəhid oldu.Bu anları mən heç vaxt unuda bilmərəm''.

Şuşa uğrunda gedən döyüşlərdə yaralanan İsmayıl həmin anları belə xatırlayır.

''Şuşa istiqamətində döyüşərkən snayper məni vurmaq istədi. Gecə vaxtı idi. Əvvəlcə düşməni hədəfə alıb öldürdüm. Bu zaman snayperin hədəfinə çevrildim. Hündür bir binadan əməliyyat aparırdıq. O məni ayağımda nişan aldı vura bilmədi. Sonra isə ayağımın altından damı nişan aldı.

Atəş nəticəsində dam dağıldı və mən üçüncü mərtəbədən birinci mərtəbə torpağın üzərinə yıxılıb xəsarət aldım''.

İşğaldan azad edilən torpaqlarda olmaq hissini necə təsvir edirsən?

''Uşaq vaxtı Xocalı soyqırımında baş verənləri gördükcə, işğal altında olan torpaqlarımızı düşmənin tapdağı altında olduğunu düşündükcə mən o torpaqların azad olunmasında iştirak edəcəyimi xəyal edirdim. Bu xəyalımda gerçək oldu. Hər bir qarış torpağın azad olunmasında hiss etdiyimiz qürur hissinin miqyasını təsəvvür etmək mümkün deyil. Çox sevinirdik''.

Ön cəbhədən qayıtdıqdan sonra özünü necə hiss edirsən? Bildiyimiz qədər sənin şəhid olduğun xəbəri də ailənə verilmişdi...

''Şəxsən mənim sağ qalmağım anaların duaları sayəsindədir. Zəngilanı işğaldan azad etmişdik.Qələbə sevincini evə zəng vurdum ki çatdırım evdəkilər dedilər ki,mənim şəhid olduğumu deyiblər...

Çox döyüş yoldaşımı itirdim. Hər dəfə yağış yağanda mən elə bilirəm ki ''minyamyotun'' səsini eşidirəm.Yola çıxanda maşınların asfaltda şütüməyi belə mənə cəbhədə baş verən səsləri xatırladır. Gecələr yuxumda belə mən o günləri yaşayıb danışıram. Hələ də torpaqdan yatmağa can atıram. Soyuq bədənimə dəymədən yata bilmirəm.

İnsanların hazırda mənə münasibəti də fərqlidir. Tanımadığım insanlar yanıma gəlib mənimlə söhbət etmək istəyir. Bu olduqca qürurvericidir.

Kövrəlirəm amma fəxr hissi də yaşayıram.Mən vətən qarşısında olan borcumu yerinə yetirmişəm amma insanların bizə geri qayıtdıqdan sonra belə münasibət göstərməsi də çox sevindirir.

Mənim 44 günlük bu mübarizədə damla qədər də olsa payımın olması möhtəşəm bir hissdir. Məni bugün yenə cəbhəyə çağırsalar yenə də döyüş bölgəsinə qayıdıb mübarizəmə qaldığım yerdən davam edərəm. Biz bu savaşda birliyimizi nümayiş etdirdik. Bundan vacib heç bir şey yoxdur''.

Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan İsmayıl deyir ki,şəhidlik zirvəsinə də yüksələ bilərdi.

Onun döyüş meydanında yalnız bir amal olub.Torpaqlarımızı düşman tapdağından təmizləmək. ''Mən vətənimin düşman əlində olduğu bir vaxtda evdə rahat otura bilməzdim. Mən həmişə cəbhəyə hərbə can atmışam. Bu mübarizədə də canımla qanımla mübarizə aparıb qazi kimi geri qayıtdım''.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR