.

Böyük zəfərin gizli qəhrəmanları - Aytən Əhmədova yazır...

.

Məqaləyə ulu öndər ümummilli lider Heydər Əliyevin çıxışlarının birində qeyd etdiyi fikirlə başlamaq istəyirəm: “Bütün problemlərin həlli güclü Azərbaycandan keçir”. Bəli, inkişaf etmiş iqtisadi, siyasi cəhətdən güclü Azərbaycandan... Bu yöndə ilk addımlar ulu öndərin “Əsrin müqaviləsi”nə imza atdıqdan sonra başladı. Arxa-arxaya bağlanan müqavilələr, həyata keçirilən möhtəşəm layihələr, dünyanın nüfuzlu təşkilatlarının Azəraycanın ərazi bütövlüyünü tanıması haqqında qəbul etdiyi sənədlər və s. hamısı vətənimin rifahı üçün düşünülmüş planın bir parçası idi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr bu günə, yəni 30 il sonraya hesablanmış sənədlər idi.

Bu uğurlu siyasət Ali Baş Komandanımız İlham Əliyev tərəfindən də davam etdirilmişdir. Dünyanın onlarla ölkəsi ilə dostluq münasibəti qurmaq, Qafqazda böyük layihələrə imza atmaq, təbii sərvətimiz olan neft və qeyri- neft sahələrini inkişaf etdirmək onun əsas amallarından biri olmuşdur. Azərbaycanı qlobal aləmdə tanıtmaq, onun haqq səsini bütün dünyaya çatdırmaq, işğal altındakı torpaqları azad etmək hər zaman ölkə siyasətinin əsas hissəsini təşkil etmişdir.

Hər şey 12 iyul tarixində Ermənistanın Azərbaycan dövlət sərhəddini pozaraq Tovuz rayonuna hücum etməsilə alovlandı. Bu günün qələbəsi Tovuz rayonuna hücum zamanı canını, qanını vətənə qurban verən general- mayor Polad Həşimovun şəhid olması ilə başladı. Ali Baş Komandanımızın ziyarəti və orada qisas andı bütün millətimi oyatdı. Xalqımın milli ruhu, milli kimliyi sanki özünə qayıtdı. Prezidentimin xalqa müraciətindən sonra minlərlə vətən oğulları döyüşə getmək, şəhidlərimizin qisasını almaq üçün könüllü hərbi xidmətə yazıldı.

Zəfərə aparan yollar... 27 sentyabr səhər saatlarında mənfur düşmən yenidən torpaqlarımıza hücum etdi. Düşmən elə hesab edirdi ki, 90-cı illərdəki kimi torpaqlarımızı işğal edərək yüzlərlə oğullarımızı şəhid edəcəkdir. Hər bir işi hesablamışdılar: silah, əsgər, ərazinin relyefini. Amma bir şeyi hesaba qatmamışdılar- Azərbaycan xalqının əzmini, iradəsini və prezidenti ilə bir yumruq kimi birləşərək mübarizə aparmasını.

Dövlətimiz ordumuzu hər bir təminatla ödəməsinə baxmayaraq xalqım ön cəbhədə döyüşən əsgərlərə hər cür yardım etdilər. Bu qələbədə hər kəsin az da olsa payı vardır. Müharibənin ilk günlərindən başlayaraq hərbi hospitallarda fəaliyyət göstərən həkimlərimizi unutmaq olmaz.

Yaralı əsgərlərimizə əlindən gələn bütün vasitələrlə köməklik edən 230 saylı hərbi hospitalın komandiri Tibb Xidməti polkovnik- leytenant Qaçayev Hüseyn və onun fədakar tibb işçilərinin xidmətləri danılmazdır.

Qaçayev Hüseyn Sədaqət oğlu 29.10.1978- ci ildə İsmayıllı rayonunun Micanlı kəndində anadan olmuşdur. İxtisasca cərrah olan bu qəhrəmanımız 2018-ci ildən 230 saylı hərbi hospitala rəhbərlik edir. Müharibənin başladığı ilk gündən gecə- gündüz hospitalda olan Hüseyn Qaçayev və onun tibb komandası yaralı əsgərlərə hər cür köməklik edirdilər ki, itkilərimiz az olsun.

Qubadlı rayonunun Xanlıq kəndi işğaldan azad olunduqdan sonra polkovnik öz tibb heyətini götürərək oraya yollandı. Qubadlıda təşkil olunmuş səhra hospitalında fəaliyyətə başladı. Beş əməliyyat stolu və orda işləyəcək onlarla cərrah əsgərlərimizə yardım edirdilər. Qəhrəman həkimlərimiz düşündülər ki, dəhşətli döyüşlər gedən əraziyə nə qədər yaxın olsalar, bir o qədər şəhidimiz az olar. General polad Həşimovun şəklini döş nişanı kimi sinələrində daşıyan bu cəsarətli həkimlərimiz yüzlərlə əsgərimizin həyatını xilas etdilər. Silahların qorxunc səslərindən çəkinməyən, hətta şəhid olmağı belə göz önünə alan həkimlərimiz döyüş meydanından yüzlərlə yaralını çıxararaq onları əməliyyat edərək həyata qaytardılar. Öz həyatlarını təhlükəyə qoyan, saatlarla ayaq üstə əməliyyatlar edən Tibb Xidməti Polkovniki Roman Çobanovun, Tibb Xidməti Polkovnik- leytenantı Samir Əhmədovun və Aslanova Vüsalənin də xidmətləri danılmazdır.

Yaralı əsgər və zabitlərimizə bir ana, bir bacı nəvazişilə yanaşan xanım tibb işçilərimiz döyüşlərin ilk günündən evlərindən günlərlə uzaqda qalaraq onlara qulluq etmişdir. Bu qəhrəman xanımlarımızı sizlər də tanıyın: Baş çavuş Gülnara Quliyeva, Baş çavuş Sarıyeva Cəmilə, Baş çavuş Məmmədova Nişanə, Baş çavuş Əsgərova Ruhiyyə, Baş çavuş Cəfərova Gülnarə, Baş çavuş Hüseynova Zəminə, Baş çavuş Babayeva Türkan, Baş çavuş Günay, Kiçik çavuş Hüseynova Təhminə, Əzizova Səbinə və s. adlarını çəkmədiyimiz onlarla mərd Azərbaycan qadınlarımız. Bəli, bu insanlar sözün əsl mənasında 44 günlük müharibənin gizli qəhrəmanlarıdır.

Filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Aytən Əhmədova. Gəncə Dövlət Universiteti


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR