.

Prezident-xalq vəhdətinin təntənəsi - Elşən Vəliyevin məqaləsi

.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələri, müharibə əlilləri və veteranları ilə mütəmadi olaraq görüşmələri, onların qayğıları ilə maraqlanmaları, problemlərini həll etmələri vətən uğrunda, xalq yolunda öz qanını və canını əsirgəməyən, bu yolda xidmətləri olan insanlara qarşı yüksək diqqətin təcəssümü olmaqla bərabər, həmçinin hərbi qulluqçularımızda böyük ruh yüksəkliyi yaradaraq qələbə əzmini artırmışdır".

Metbuat.az xəbər verir ki, bu sözləri hüquqşünas, Ukraynadakı "Azərbaycan Ticarət Evi"nin təsisçisi Elşən Vəliyev "Respublika" qəzetində dərc edilən məqaləsində qeyd edib. Həmin məqaləni təqdim edirik:

Şərəfli və zəngin tarixi olan Azərbaycan xalqı hər zaman öz mübarizliyi, əzmkarlığı və qəhrəmanlığı, eləcə də müdrik və qətiyyətli liderləri ilə seçilmişdir. 44 günlük Vətən müharibəsində böyük fərəh və qürur hisləri ilə növbəti dəfə bunun şahidi olduq. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm cənab Prezident İlham Əliyevin həyata keçirdiyi mükəmməl siyasət, sərgilədiyi qətiyyət, xalqımızın həmiyyət dolu cəsarəti və hərbçilərimizin misilsiz qəhrəmanlığı Azərbaycanın və azərbaycanlıların nəyə qadir olduğunu bir daha bütün dünyaya əyani şəkildə sübut etdi. Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbəmizdən sonra, hər kəsə aydın oldu ki, Azərbaycan uzun müddət işğal altında olan torpaqlarını bu vaxta qədər istənilən an hərbi yolla düşmənlərdən azad edə bilərdi. Bununla belə, ölkəmiz bu məsələnin beynəlxalq hüquqla və sülh yolu ilə öz həllinin tapmasının tərəfdarı olduğundan bu qədər səbrlə davranmışdır. Sirr deyil ki, 30 ilə yaxın bir müddət ərzində Ermənistan Azərbaycanın 20 faiz ərazisini, beynəlxalq səviyyədə tanınmış tarixi torpaqlarını - Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayırdı. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılmasını nəzərdə tutan müddəaları özündə əks etdirən 822, 853, 874 və 884 saylı dörd qətnaməsinin qəbul olmasına baxmayaraq, əfsuslar olsun ki, həmin qətnamələr icra olunmamış, bununla əlaqədar aidiyyəti beynəlxalq təşkilatlar heç bir tədbir görməmiş, BMT TŞ-də Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar sonuncu müzakirələr isə 1995-ci ildə keçirilmişdir. Yalnız işğalçıların 27 sentyabr 2020-ci il tarixdən başlayan növbəti təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun uğurlu əks hücum əməliyyatlarının ardınca, iyirmi beş illik fasilədən sonra 29 sentyabr və 19 oktyabr 2020-ci il tarixlərində BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr keçirilmişdir. Yerigəlmişkən, qeyd olunan tarixlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş yuxarıda adları çəkilən qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdirməklə ölkəmizə dəstək olmuşlar. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürmək məcburiyyətində qalmışlar. Ermənistan da bu illər ərzində mövcud vəziyyətdən istifadə edərək qeyd olunan qətnamələri yerinə yetirməmiş, onlara məhəl qoymamış və hər vəchlə münaqişəni mümkün qədər çox və daha uzun müddətə dondurmağa çalışmışdır. Status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bütün çağırışlarını da cavabsız qoymuşdur. Bütün bunlar xalqımızın “səbir kasasını daşdırmışdır”. Buna görə də hər bir azərbaycanlı, o cümlədən Silahlı Qüvvələrimizin əsgəri, çavuşu, giziri, zabiti və generalı bunu özünə təlqin etməklə, tarixi torpaqlarımızı düşməndən azad etmək üçün Ali Baş Komandanın əmrinə hazır idi. 27 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması ordumuzu mənfur düşmənin layiqli cavabını verməyə vadar etdiyindən Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başladı. Elə ilk günlərdən düşmənə sarsıdıcı zərbələr vuran rəşadətli Silahlı Qüvvələrimizin qısa zamanda ardıcıl zəfərlər qazanmaqla kəndlərimizi, qəsəbələrimizi, yaşayış məntəqələrimizi, eləcə də şəhərlərimizi o cümlədən 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və nəhayət 8 noyabrda Şuşa şəhərini işğaldan azad etməsi Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələndi və bununla da, Vətən müharibəsi Azərbaycanın hərbi-siyasi qələbəsi ilə başa çatdı. Ardınca 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər və 1 dekabrda Laçın işğaldan azad olundu. Təbii ki, bütün bunlar möhtərəm cənab Prezident İlham Əliyevin müdrik siyasətinin, xalqımızın mübarizliyinin və hərbçilərimizin şücaətinin nəticəsində mümkün olmuşdur.

Qeyd etmək zəruridir ki, dövlət başçısı cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmizin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, eləcə də vətənimizin coğrafi mövqeyindən, təbii ehtiyatlarından, maddi və insan resurslarından səmərəli istifadə nəticəsində sosial-iqtisadi inkişafın davamlılıq və dinamiklik göstəricilərinə, gələcək inkişaf potensialına və digər parametrlərinə görə özünü hərtərəfli təmin edən dövlətlər sırasında qərarlaşmış Azərbaycanın son 17 il ərzində regional və qlobal nüfuzu daha da artmış, geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqeləri hərtərəfli möhkəmlənmişdir.

Möhtərəm cənab Prezident İlham Əliyevin ölkə başçısı olduğu dövrdə, ilk növbədə, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi platformasına əsaslanılmaqla daxili ictimai-siyasi sabitlik daha da möhkəmləndirilmiş, əhalinin təhlükəsizliyi, insanların əsas hüquq və azadlıqları, ölkənin əmin-amanlığı təmin edilmiş, vətəndaşların rifahının yüksəldilməsinə nail olunmuşdur. Hazırda tərəddüd etmədən söyləmək olar ki, daxili milli-vətəndaş birliyi hakimiyyətin yürütdüyü siyasətin xalq tərəfindən dəstəklənməsi əsasında tam bərqərar olmuşdur. Eyni zamanda digər əsas daxili inkişaf parametrləri—makroiqtisadi sabitlik, dinamik inkişaf edən iqtisadiyyat, sosial və mənəvi təminat sisteminin yüksəlişi, müsbət demoqrafik vəziyyət, miqrasiya və urbanizasiya proseslərinin dövlətin nəzarəti altında saxlanması, dövlət idarəçiliyinin effektivliyi və sair istiqamətlər üzrə də möhtəşəm uğurlar əldə edilmişdir.

Sözsüz ki, bu uğurların əldə edilməsində və ölkəmizin hərtərəfli qüdrətlənməsində zəngin elmi bilikləri, iti düşüncəsi, mükəmməl idarəçilik qabiliyyəti, millətinə, dövlətinə sadiqliyi, sadəliyi və səmimiyyəti, eləcə də, digər müsbət keyfiyyətləri ilə hər kəsin rəğbətini qazanmış Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın da çoxşaxəli fəaliyyətinin mühüm rolu olmuşdur. Onun, daxili və xarici siyasətdə bütün dünyada təqdir olunan fəaliyyəti, ölkəmizdə təhsilin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafında böyük xidmətləri, milli-mənəvi dəyərlərin qorunması və dünyada geniş təbliği istiqamətində gördüyü nəhəng işlər, eləcə də, saysız-hesabsız xeyirxah əməlləri dövlətimizin sürətli inkişafına və xalqımızın rifahına töhfələr verməkdədir.

Qeyd etmək lazımdır ki, dövlətimizin həyata keçirdiyi mükəmməl diplomatiya sayəsində digər məsələlərlə bərabər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də əksər beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləmişlər. Vurğulanmalıdır ki, cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə bir çox ən mötəbər beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasını özündə əks etdirən çox önəmli qətnamələr qəbul etmişlər. Belə ki, BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar məsələ ilə bağlı ədalətli olmaqla bizim haqlı mövqeyimizi dəstəkləmişlər. Onu da qeyd etmək zəruridir ki, əvvəlki illərdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT ölkəmizin lehinə ədalətli qətnamələr qəbul etmişdir ki, bu damünaqişənin həlli üçün hüquqi baza yaratmışdır. Təbii ki, bütün bunlar-ötən illərdə BMT Təhlükəsizlik Şurasının və ATƏT-in mənafelərimizə uyğun ədalətli qərarlar qəbul etməsi, Qoşulmama Hərəkatının və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Yekun Bəyannamələrində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü prinsipləri əsasında həll olunması ilə bağlı açıq müddəaların öz əksini tapması, Qoşulmama Hərəkatında birləşən 120 ölkənin, Avropa İttifaqına üzv olan 28 ölkənin, eyni zamanda, Qoşulmama Hərəkatına üzv olmayan türkdilli ölkələrin, bir sözlə beynəlxalq aləmin mütləq əksəriyyətinin dövlətimizi dəstəkləməsi, mənafelərimizə uyğun ədalətli qərarlar qəbul etməsi, bizə inanması və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini Azərbaycanın haqlı mövqeyi-ərazi bütövlüyü çərçivəsində görməsi dövlətimizin həyata keçirdiyi uğurlu xarici siyasətin sayəsində mümkün olmuşdur.

Görülən böyük işlərin nəticəsində müxtəlif ciddi maneələrə, o cümlədən erməni lobbi təşkilatları tərəfindən əlehimizə aparılan kampaniyalara baxmayaraq, ölkəmiz sözügedən münaqişənin həlli məsələsində beynəlxalq təşkilatların dəstəyini qazana, Ermənistanın işğalçı siyasətini ifşa edə bilmiş, Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olması təsdiqini tapmış, qondarma “Dağlıq Qarabağ”ı heç bir dövlət tanımamış, orada qanunsuz keçirilən “referendum”u qonşu ölkələr və bir neçə beynəlxalq təşkilat pisləmişdir.

Xüsusi vurğulanmalıdır ki, 15 fevral 2020-ci il tarixdə Münxen Təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə möhtərəm Prezident cənab İlham Əliyevin yüksək erudisiyasının və mükəmməl nitqinin qarşısında Nikol Paşinyanın aciz qalması və dövlət başçımızın polemikadakı inamlı qələbəsi Azərbaycan diplomatiyasının növbəti uğuru olmaqla, sözügedən məsələnin həllində ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etmişdir. Cənab Prezident İlham Əliyev tutarlı cümlələrlə və tarixi faktlara əsaslanan məntiqli fikirlərlə zəngin çıxışı ilə əsl həqiqətin nədən ibarət olmasına-bu münaqişədə Azərbaycanın haqlı tərəf olduğuna və torpaqlarımızın işğal edildiyinə dünya ictimaiyyətini inandırmağa müvəffəq olmuş və bununla da Paşinyanın savadsızlığını və yalanlarını növbəti dəfə ifşa etməklə, onu siyasi arenada məğlub etmişdir.

Qeyd olunan diplomatik uğurlara rəğmən, gedən proseslər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələrin icra edilməməsi bu qənaətə gəlməyə əsas verirdi ki, beynəlxalq hüquq sözügedən məsələyə dair hissədə işləmir. Bütün bunları nəzərə alan müdrik rəhbərimiz cənab İlham Əliyev münaqişənin həlli ilə bağlı hər iki istiqamətdə işini etibarlı tutaraq, həm beynəlxalq dəstək və hüquqi baza, həm də qüdrətli Silahlı Qüvvələr formalaşdırmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir : “...Əgər bu məsələ sülh yolu ilə həll olunmasa, bunu hərbi yolla həll edəcəyik...”.

Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsini hər zaman diqqət mərkəzində saxlayan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə də müstəsna əhəmiyyətli böyük işlər görülmüşdür. Belə ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu prosesini yüksək məharətlə davam etdirən dövlət başçımızın bu istiqamətə göstərdiyi diqqət və qayğı sayəsində müxtəlif ölkələrin qanunvericiliyindən və təcrübəsindən bəhrələnilməklə, eləcə də şanlı hərb tariximizə əsaslanılmaqla müasir hərbi qanunvericilik bazası yaradılmış, hərbi xidmətə çağırış və səfərbərlik işi xeyli təkmilləşdirilmiş, həmçinin hərbi hissələrdə nizam-intizam və qanunçuluq daha da möhkəmləndirilmişdir. Ordu quruculuğu sahəsində həyata keçirilən köklü islahatların vəkompleks tədbirlərin nəticəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, arsenalı ən müasir silah-sursat və hərbi texnika ilə təchiz olunmuş, hərbi qulluqçuların nəzəri və peşə bilikləri, mənəvi-psixoloji hazırlığı artırılmışdır. Bununla da müasir tələblərə tam cavab verən Azərbaycan Silahlı Qüvvələri formalaşmışdır.

Təsadüfi deyildir ki, dövlətimizin və xalqımızın təhlükəsizliyini, eləcə də müdafiəsini, habelə əmin-amanlığı ləyaqətlə qoruyan rəşadətli ordumuz, 2016-cı ilin aprel ayında mövqelərimizə doğru irəliləməklə, işğal altında saxladıqları ərazilərimizi bir qədər də genişləndirməyə ciddi cəhd göstərən düşmənin layiqli cavabını vermiş və qəhrəman hərbiçilərimiz böyük cəsurluq və şücaət göstərməklə nəinki öz mövqelərini qoruya bilmiş, hətta düşməni öz əvvəlki mövqelərindən də geri çəkilməyə məcbur etməklə, bir sıra mühüm strateji məntəqələri işğaldan azad etmişdir. 02 aprel 2019-cu il tarixdə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində çıxış edən Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev şanlı aprel döyüşlərini növbəti dəfə xatırlayaraq, onun xüsusi əhəmiyyətini vurğulamışdır. 2018-ci ilin may ayında da atəşkəsi ciddi şəkildə pozaraq öz işğalçı niyyətini davam etdirmək istəyən düşməni növbəti dəfə uğursuzluğa düçar edən ordumuz Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisini, o cümlədən Şərur rayonunun Günnüt kəndini düşməndən azad edərək dövlət sərhədi boyunca əlverişli əraziləri öz nəzarətinə götürmüşdür. 2020-ci ilin iyul ayında ermənistanın növbəti təxribatının qarşısını qəhrəmanlıqla alan ordumuz bu dəfə də öz gücünü göstərərəkdüşmənin layiqli cavabını vermişdir. Hər üç döyüş əməliyyatları gələcək zəfərlərimizdən və möhtəşəm qələbəmizdən xəbər verirdi.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasəti, yorulmaz fəaliyyəti və sarsılmaz qətiyyəti sayəsində dövlətimizin sürətlə hərtərəfli inkişafı, o cümlədən ölkə iqtisadiyyatının durmadan güclənməsi Silahlı Qüvvələrə kifayət qədər maddi vəsait ayrılmasına rəvac vermişdir ki, bu da şəxsi heyətin təminatının və sosial müdafiəsinin daha da gücləndirilməsini şərtləndirmişdir. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi və ordumuzun maddi-texniki bazasının müasirləşdirilməsi eləcə də, ordu quruculuğu istiqamətində həyata keçirilən digər möhtəşəm tədbirlərlə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların əmək haqlarının davamlı olaraq artırılmasına, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə, həmçinin onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə, mənzil-məişət və sair problemlərinin həll edilməsinə rəvac vermişdir. Son illər ərzində hərbçilərimizin xidmət şəraiti daha da yaxşılaşdırılmış, yeni hərbi hissələr və hərbi şəhərciklər yaradılmışdır. Bu istiqamətdə görülən nəhəng işlər sırasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsini nəzərdə tutan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Fərmanı hərbi qulluqçularımızda xüsusi ovqat yaratmaqla döyüş ruhunu artırmış, onların və ailə üzvlərinin sonsuz sevincinə səbəb olmuşdur.

Xüsusi vurğulanmalıdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələri, müharibə əlilləri və veteranları ilə mütəmadi olaraq görüşmələri, onların qayğıları ilə maraqlanmaları, problemlərini həll etmələri vətən uğrunda, xalq yolunda öz qanını və canını əsirgəməyən, bu yolda xidmətləri olan insanlara qarşı yüksək diqqətin təcəssümü olmaqla bərabər, həmçinin hərbi qulluqçularımızda böyük ruh yüksəkliyi yaradaraq qələbə əzmini artırmışdır. Aprel döyüşlərində yaralanan və yüksək texnologiyalı protezlərlə təmin edilmiş hərbi qulluqçularla 03 aprel 2019-cu il tarixdə, keçirilən görüşdə Mehriban xanım Əliyeva onlara “qardaşlarım” deyərək müraciət etməklə söyləmişdir: “...Belə xalqla, belə əsgərlərlə biz Qarabağı mütləq qaytaracağıq...”. Qeyd olunanlar qəti əminliklə onu deməyə əsas verirdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğal altında olan torpaqlarımız düşmənlərdən təmizlənəcək və doğma Azərbaycanımızınərazi bütövlüyü bərpa olunacaqdır. Bu, belə də oldu.

Bütün bunların nəticəsində 27 sentyabr 2020-ci il tarixdən başlayaraq düşmənlərin törətdikləri növbəti təxribatlarının qarşısının alınması ilə əlaqədar gedən 44 günlük döyüşlərdə müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu öz gücünü, qüdrətini və yüksək döyüş hazırlığını, onun şəxsi heyəti isə peşəkarlığını və qəhrəmanlığını əyani şəkildə sübut etməklə, ölkəmizə möhtəşəm qələbə qazandırdı. Fürsətdən istifadə edib, uca Allahdan Vətən müharibəsində qəhrəmancasına həlak olan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfa diləyirəm.

Sevindirici və qürurvericidir ki, cənab İlham Əliyev kimi lideri, eləcə də əsrlər boyu, o cümlədən ikinci Qarabağ müharibəsində şanlı tarix yazan qəhrəman övladları olan Azərbaycan xalqının çox güclü, çox cəsarətli və çox böyük xalq olması bütün bəşərə bir daha agah oldu. Əminəm ki, belə xalqı olan dövlət durmadan çiçəklənəcək və doğma Azərbaycanımız daha da qüdrətlənəcəkdir.

Elşən Vəliyev, hüquq üzrə magistr, Ukraynadakı Azərbaycan Ticarət Evinin təsisçisi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR