“Hərbi tarazlıq hələ Aprel döyüşlərində pozulmuşdu”-

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan 44 günlük müharibədən, diplomatik cəbhədəki problemlərdən danışıb.

Metbuat.az xəbər verir ki, o, geniş şəkildə şərh etdiyi siyasi prosesləri acınacaqlı durum kimi xarakterizə edib.

Keçmiş baş diplomat bildirib: “Qarabağla bağlı baş verən hadisələrlə əlaqədar saysız-hesabsız şərhlər görürük. Əsasən məsələni super güclərin mübarizəsi və ya regional güclərin rəqabəti kontekstində təqdim edirlər.1994-cü ildə atəşkəsdən sonra Azərbaycanın məqsədi itirilmiş əraziləri geri qaytarmaq idi. Buna nail olmaq üçün onun iki yolu var idi: danışıqlar (diplomatiya) və ya hərbi yol (müharibə). Prezident Köçəryan diplomatiyamızın qarşısında çox açıq bir vəzifə qoymuşdu - danışıqlarda uzunmüddətli boşluğun yaranmasına heç vaxt yol verməmək. Bizim zamanımızda - on il ərzində (1998-2008-red.) masada həmişə bizim xeyrimizə işləyən bir sənəd olub”.

Sabiq XİN rəhbəri daha sonra deyib ki, son illərdə danışıqlarda müəyyən çıxılmaz vəziyyət yarandığı üçün münaqişə tərəflərinin təmaslarında durğunluq əlamətləri görünməyə başladı. O qeyd edib ki, bunun simptomları daha çox 2016-cı ildə Aprel döyüşləri zamanı, PUA-ların ilk dəfə Qarabağda görünməsindən sonra özünü büruzə verdi. Oskanyan dörd günlük müharibə zamanı hərbi tarazlığın pozulmasının hiss olunduğunu söyləyib:

“2018-ci ildən sonra, Nikol Paşinyan və onun hökuməti ölkə üçün ən vacib məsələ ilə bağlı məsləhətləşmələr aparmaqda uzaqgörənliyə və müdrikliyə sahib olmadı. Yoxsa mən mütləq onların diqqətini bu iki istiqamətdə müşahidə etdiyim üstünlüyə (danışıqlar və hərbi balans) və görülməli olan işlərə yönəldəcəkdim”.

Oskanyan deyir ki, onun məsləhətlərini öyrənən olsaydı Nikolun yaxşı tarixi imkanları olardı. Ancaq hadisələr tamamilə fərqli bir istiqamətdə inkişaf etdi. Bölücü xətlər yaradıldı, danışıqlar dərin dalana salındı:

“Bu müharibənin də göstərdiyi kimi, hərbi tarazlığın ciddi şəkildə pozulması baş verdi. Müzakirə prosesləri davamlı iş və yaradıcı düşüncə tələb edən incə məsələdir. Münaqişədə Ermənistanın mövqeyi müharibədən qaçmaq idi və danışıqlarda üstün tərəf kimi qalmaq gərəkirdi. Paşinyanın “bizə yaxşı bir sənəd gətirsələr, onu sizinlə müzakirə edərəm” fikri mənim üçün təəccüblü oldu. Heç kim masaya qabda yaxşı bir sənəd gətirmir. Ermənistan “yaxşı sənəd” gözləyərkən müharibə üçün alçaldıcı bir sənəd aldı...Qarşısı alınmayan müharibə yoxdur. Bunun əksinini göstərən fikir, siyasi gücsüzlüyü və hərəkətsizliyi əsaslandıran yalan və təhlükəli bir fikirdir. Müharibə əvvəldən qaçılmaz hala salınıbsa, deməli diplomatiya və xarici siyasət normal, qaydada intizamlı şəkildə mövcud olmayıb. Qaçmaq istədiyimiz bir müharibə başladısa, deməli Ermənistan rəhbərliyi sadə siyasi hesablamalarda səhv etdi, danışıqlar prosesində uğursuz oldu.

Bütün bunları ağrı və hirslə deyirəm. Bu gün bəzi şeylər dəyişdirilə bilər. Diplomatiya sonsuz imkanlar platformasıdır. Ən ümidsiz vəziyyətlərdə belə nəyisə düzəltmək mümkündür. Ancaq diplomatiya, xarici siyasət, hərbi elm və iqtisadiyyatda böhrana səbəb olan mövcud hakimiyyət, əlbəttə ki, bunu edə bilməz. Ölkəni daha da böyük bir fəlakətdən qurtarmaq üçün getməlidirlər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR