.

''2025-ci ildən sonra dünyada neftin trend olacağını gözləmirəm '' - Elman Sadıqovla müsahibə

.

Aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

30 noyabr tarixində keçirilən OPEC+ ölkələrinin konfransında 2021-ci ilin əvvəlindən etibarən gündəlik neft hasilatının 2 mln. barel artırıb-artırılmaması barədə qərar verilməli idi.

Qəbul edilmiş qərara əsasən OPEC+ ölkələri isə gündəlik hasilat artımını 500 min barel olaraq təyin etdilər. Əgər lazım olarsa operativ qərarların müzakirə edilməsi və bazara nəzarət üçün hər ay iclas keçirəcəkləri barədə razılığa gəldilər. Bəs bu icladan hansı nəticələr çıxarmaq mümkündür?

Metbuat.az bu barədə iqtisadçı ekspert Elman Sadıqovla müsahibə aparıb.Həmin müsahibəni təqdim edirik.

Elman müəllim bu dəfə ki, OPEC+ ölkələrinin konfransında risklər hansı meyarlar daxilində nəzərə alındı?

''Öncədən qeyd edim ki, OPEC+ ölkələri (xüsusilə buradakı 2 aparıcı ölkə olan Səudiyyə ƏrəbistanıRusiya) 2020-ci ilin mart ayında buraxdıqları səhvi təkrarlamadılar. Həmin səhvləri yəni kompromisə gəlməmək, pandemiyanı və mövcud reallıqları nəzərə almamaq və hasilatı kəskin azaltmamaqla riskə yol vermək və s, nəinki təkrarlamadılar, hətta daha rasional mövqe nümayiş etdirərək riskə yol verməyin nə dərəcədə acı nəticələr verə biləcəyi mesajını verdilər.Bildiyimiz kimi 2021-ci ilin yanvar ayından etibarən (öncəki qərara əsasən) əslində gündəlik hasilat 1.9 milyon barel artırılmalı idi. Yəni, gündəlik hasilat kəsintisi 7.7 milyon bareldən 5.8 milyon barelə qədər azaldılmalı olsa da, gündəlik hasilatı cəmi 500 min barel artırdılar. Yəni, gündəlik hasilat kəsintisi 5.8 milyon barel deyil, 7.2 milyon barel olacaq.

Proqnozumda 2 milyon barel məsələsinin həlledici amil olacağı, müzakirələrin qızğın gedəcəyini, amma pandemiyanın davam edəcəyini nəzərə alaraq 2 milyon barelə yaxın (dəqiq 1.9 milyon barel) hasilat artımının riskli ola biləcəyini, bu səbəbdən ən yaxşı halda 1 milyon barel hasilat azalmasını (qeyd: dəqiq olaraq 900 min barel gündəlik artım) şəxsi proqnozlarıma əsasən daha məqbul olacağını, əlavə olaraq, OPEC+ ölkələrinin bazara nəzarət üçün daha operativ davranacaqlarını bildirmişdim.

OPEC+ ölkələri isə gündəlik hasilat artımını 500 min barel olaraq təyin etdi və bazara operativ nəzarət üçün hər ay iclas keçirərək vəziyyəti müzakirə etmək, lazım olarsa operativ qərarlarla bazara müdaxilə etməyi qərara aldı. Nəticədə, hasilatın artırılması faktiki olaraq, öncə qəbul edilən qərarın cəmi 25%-i həcmində, ən yaxşı gözləntilərin isə 50%-i həcmində oldu. Bu isə, nəticə etibarı ilə, Brent markalı neftin 50 dollara çatması ilə nəticələndi. Mənim bu ilin sonuna proqnozum Brent markalı neftin bir barelinin 45-55 dollar arasında olacağı idi.''

OPEC istəsə bazara 10 milyon barrel neft verə bilər...

''Azeri light'' ilə bağlı vəziyyət necədir? Pandemiya hazırda iqtisadiyyatın əsasını təşkil edən neft sektoruna necə təsir etdi?

''Azeri light'' ilə bağlı hər hansı bir problem yoxdur.Gündəlik 7.2 milyon neft kəsintisi və öncəki illərdən ehtiyyatda olan 3-4 milyonluq ehtiyyat var.1994 cu ildə bağlanan ''Əsrin müqaviləsi''-nin bitməsinə hələ 4 il var.

2017-ci il sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında yeni Saziş imzalanıb. Bununla da, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yataqları blokunun işlənilməsində yeni dövr başlanıb. Sazişi Azərbaycan hökumətinin, SOCAR-ın, BP, “Chevron”, IMPEX, “Statoil”, “ExxonMobil”, “TP”, ITOCHU və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzalayıblar.

Hasilatın Pay Bölgüsü haqqında yenidən işlənmiş və 2050-ci ilə qədər uzadılmış sazişə əsasən, BP fəaliyyətini layihənin operatoru kimi davam etdirir, SOCAR-ın payı 11 faizdən 25 faizə artırılır, mənfəət neftinin isə 75 faizi Azərbaycana qalır.

Hər bir halda mən düşünürəm ki, narahat olmağa şərait yaradacaq hər hansı bir problem yoxdur. 2024-cü ildən sonra da ''Azeri Light''-ın istehsalı davam edəcəkdir''.

2025 ci ildən sonra neftin dünyada trend olacağını düşünmürəm...

Dünyada alternativ enerji mənbələrinə diqqət artmaqda davam edir. Xüsusən ABŞ bu məsələlərdə qabaqcıl enerji texnologiyalarının inkişafına maliyyə dəstəyi ayıran ölkələr sırasında birincidir.Yeni seçilən prezident Baydenin də ekoloji təmiz enerji layihələrində maraqlı olduğu bəllidir.Bu barədə sizin düşüncələrinizi bilmək istərdik?

''2021-ci ilin II yarısından etibarən qiymətlərə təsir edəcək əsas amillərdən biri də ABŞ başda olmaqla neft idxal və istehlak edən aparıcı dövlətlərin alternativ və təmiz enerji ilə bağlı atacaqları addımlar olacaq. Amerika 2030-cu ilə qədər həyata keçirəcəyi enerji layihələri sayəsində dünyada neft bolluğu yarana bilər.Bu zaman neftin qiyməti da su qiymətinə olacaqdır.

2030-ci ildən sonra benzinə ehtiyac duyan avtomobillərə ehtiyac azalacaqdır. Artıq dünyada elektrik enerjisi ilə avtomobillərə tələbat artmaqdadır.Çində, Yaponiyada həmçinin Amerikada enerji ilə işləyən avtomobillərə maraq böyükdür.Bu ölkələrin ən çox neft istehlak etdiyini nəzərə alsaq artıq gələcəkdə neftə olan tələbatın hansı həddə olmasını təsvir etmək mümkündür.

Xüsusilə Amerikanın yeni prezidenti Co Baydenin alternativ enerji mənbələrinə, ekoloji enerji ilə bağlı layihələrinə diqqət yetirsək görərik ki, gələcəkdə enerji sahəsində dünyanı olduqca möhtəşəm yeniliklər gözləyir.

Bütün bunları nəzərə alan OPEC+ ölkələrinin neft qiymətlərinin tənzimlənməsində tamamilə yeni və daha operativ yanaşma tətbiq etmələri bu bazarda volatilliyin və xüsusilə qarşıdakı illərdə kəskin qiymət enişi riskinin yumşaldılması deməkdir.''

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR