“YAŞAT” Fondu​ gələcək nəsillərə örnək olacaqdır - Ekspertdən ŞƏRH

.

Dekabrın-8 də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb.

Metbuat.az xəbər verir ki, Fondun yaradılmasında məqsəd Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinin sosial müdafiəsini dövlət tərəfindən həyata keçirməkdir.

Fondun fəaliyyət prinsipləri barədə Metbuat.az-a danışan iqtisadçı-ekspert Elman Sadıqov bildirdi ki, Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılacaqdır.

''Cəmiyyət olaraq biz Qarabağ uğrunda savaşan şəhid ailələrinə, şəhidlərə, qazilərə borcluyuq. Bu borcu da yerinə yetirmək bir günün işi deyil. Bu yardımı etmək bir növ könüllülük prinsipi ilə həyata keçirilməlidir. Qeyd edim ki, bu məsələdə iki tərəf var. Həm kömək etmək istəyənlər, həm də bu köməyə ehtiyac olan insanlar.Kömək etmək istəyənlər arasında həm Azərbaycanda həm də Azərbaycandan kənarda yaşayanlar da var.

Bu Fond sayəsində Azərbaycandan xaricdə yaşayan soydaşlarımız, Qarabağ müharibəsində şəhid olmuş hərbiçilərin ailələrinə həmçinin qazilərimizin istər sosial, istərsə də sağlamlıq imkanlarının bərpasına kömək ola bilərlər''.

Elman Sadıqov deyir ki, dünyada səhiyyə sahəsində böyük inovasiyalar əldə edən ölkələr çoxdur. Xüsusilə İsraildə, Almaniyada yaşayan həmvətənlərimiz belə bir platforma sayəsində köməyə möhtac, sağlamlıq imkanları məhdud qazilərimizə köməklik göstərə bilərlər.

''Azərbaycanda elə cərrahlar var ki, onlar öz hesablarına bədəni müəyyən xəsarət almış qazilərimizi əməliyyat edib sağlamlıqlarına qovuşdura bilərlər. Fondun tərkibində könüllü olaraq qazilərimizin sağlamlığının bərpası zamanı təkcə həkimlərimiz deyil, həm də klinikalar da köməklik göstərə biləcəklər.

Bu zaman əməliyyat zamanı lazım olan tibbi alətlərin, dərman preparatlarının köməyliyini də müəyyən qurumlar öz öhdəsinə götürməklə bu müqəddəs işdə, vətən yolunda canını, qanını səfərbərbər edən hərbiçilərimizə köməklik göstərə bilərlər. Platforma daxilində xaricdə müalicəsi tələb olunan hərbiçilərin də sağlamlıq xərcləri həll olunacaqdır.

Xüsusən də cəhbədən qayıdanda müəyyən səbəblərdən hərəkət məhdudiyyəti yaranan qazilərimiz üçün protezlərin alınması sayəsində onların normal həyatda hərəkətinə şərait yaradılacaqdır''.

İqtisadçı ekspert bildirdi ki, bu fonda şəffaflığın təmin olunması da ön planda olacaqdır. Heç bir şəhid ailəsinin hüququnun pozulmasına şərait yaradılmayacaqdır.

''Bütün bu problemlərin köklü həlli təkcə dövlətin gücünün ixtiyarında olan bir məsələ deyil. “YAŞAT” Fondunun fəaliyyət göstərməsində cəmiyyət olaraq hər birimiz fəal olmalıyıq.

Bu sahədə biz gələcək nəsillərə də vətənin işğalçıdan təmizlənməsi uğrunda gedən müharibədə şəhid olan igidlərimizin ailələrinə, qazilərimizə hər zaman köməklik etməyi,onlara cəmiyyətin müxtəlif sahələrində dəstək verməyi bir miras olaraq qoyacağıq''.

Qeyd edək ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaradılan yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) yaradılıb. Son dövrlər cəmiyyətdən gələn müxtəlif təşəbbüslər var. Ayrı-ayrı vətəndaşlar həmin yaralı hərbçilərin və şəhid ailələrinə dəstək olmaq istəyirlər. Məhz bunları nəzərə alaraq şəffaf bir platformanın yaradılması qərara alınıb. Bu, mərkəzləşdirilmiş platforma olacaq. Burada hər kəsin şəxsi kabineti olacaq”.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev keçirdiyi onlayn mətbuat konfransında deyib ki,platforma sayəsində bütün şəhid və yaralı hərbçi ailələrinin ehtiyaclarını müəyyənləşdirəcəyik və ianələr hesabına onların ehtiyacları qarşılanacaq. Bu fond yardımsevərlərin fondudur”, - o bildirib.

Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR