Koronavirusun yeni ştammı yayıldı -

Koronavirusun Britaniyada aşkarlanan yeni ştammına artıq Niderland, Danimarka və Avstriyada da rast gəlinib.

Metbuat.az xəbər verir ki, bu haqda Dünya Səhiyyə Təşkilatı (DST) məlumat yayıb.

Təhlükədən qorunmaq üçün Niderland, Belçika, İtaliya artıq Britaniya ilə sərnişin aviareyslərini bağlayıblar. Avstriya, Fransa və İsveçin də eyni addımı atacaqları gözlənir. Amma artıq gecdir: Yeni ştamm nəzarətdən çıxıb.

COVİD-19-un VUI-202012/01 adlanan yeni variantının tapılması haqqında Britaniyanın səhiyyə naziri Mett Henkok dekabrın 14-də məlumat vermişdi. Onun sözlərinə görə, yeni ştamm adi koronovirusdan 70% daha sürətlə yayılır.

Britaniya hökumətinin baş elmi məsləhətçisi Patrik Vallans keçirdiyi mətbuat konfransında bildirib ki, yeni ştammın COVİD-19 ilə müqayisədə 23 mutasiyası var. Bu, ciddi şəkildə yenilənmiş virus haqqında danışmağa əsas verir.

Niderland hökuməti bəyan edib ki, yeni ştammın yayılması təhlükəsilə bağlı Avropanın digər dövlətlərilə məsləhətləşmələr davam etdiriləcək.

Britaniyanın özündə yeni ştammla əlaqədar olaraq, karantin tədbirləri ən sərt həddinə çatdırılıb. Bütün qeyri-ərzaq mağzaları, bərbərxanalar, idman zalları qapadılıb.

Bəs yeni ştamm öldürücülük baxımından fərqlənirmi? Vaksina reaksiyası necə olacaq? Bu vacib suallara hələ ki, dəqiq cavablar yoxdur. İndilik bəlli olan budur ki, yeni ştammın yaratdığı xəstəlik daha ağır olur və sağalması uzun çəkir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR