.

TƏBİB rəsmisindən tənqidlərə REAKSİYA

.

"Bu günlərdə xəstələrin xəstəxanaya yerləşdirilməsi zamanı rüşvət alınması barədə şikayətlər oldu. Açıqlama verdik, belə bir fakt varsa əlaqə saxlayın, məlumat verin. Bununla bağlı xüsusi nömrə də ayrılıb. Bir daha qeyd edirəm, 051 513 15 42 nömrəsilə əlaqə saxlaya və ya [email protected] email ünvanına yaza bilərsiniz".

Metbuat.az xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış öz feysbuk hesabında bildirib.

Qurum rəsmisi qeyd edib ki, belə hallar mümkündür, ortada insan faktoru var:

"Ölkədə yüzlərlə səhiyyə müəssisəsi və minlərlə tibb işçisi fəaliyyət göstərir. Təxminən 100 nəfərlik əməkdaş heyətilə 100000 nəfərlik bir heyətin bütün üzvlərinə nəzarət etmək üçün fiziki imkanımız yoxdur. Ona görə də sizdən kömək istədik. Topladığımız bütün tutarlı faktları araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndəririk".

Elnarə Baxış bildirib ki, TƏBİB bəzi məqamlarda quruma aid olmayan tənqidlərlə qarşılaşır:

"Məsələn, dərmanlar bahadır və ya tapılmır. Bildirim ki, TƏBİB dərman bazarına nəzarət həyata keçirmir. Ümumiyyətlə, TƏBİB apteklərin fəaliyyətinə məsul qurum deyil. Məlumat üçün deyim ki, apteklərə fəaliyyəti üçün lisenziyanı İqtisadiyyat Nazirliyi verir, dərman qiymətlərinə isə Tarif Şurası nəzarət edir"

Qurum rəsmisi testlərin qiymətinin baha olmasından da söz açıb:

"Dövlət tərəfindən götürülən testlər tamamilə ödənişsizdir. Gündəlik 20 minədək test ÜST-ün müəyyən etdiyi kriteriyalara uyğun olaraq pulsuz edilir. Ərazi üzrə poliknikalarda və TTY xidməti vasitəsilə həyata keçirilir. Kimsə sizdən pul tələb edə bilməz. Edərsə, bu barədə şikayətinizi Səhiyyə Nazirliyinə (Bakı şəhəri üzrə), TƏBİB-ə (regionlar üzrə) bildirə bilərsiniz. Özəl xəstəxanalardakı qiymətlərə isə biz nəzarət etmirik"

Bu gün ölkədə kifayət qədər test ehtiyatı olduğunu bildirən TƏBİB əməkdaşı qeyd edib ki, hər kəsdən eyni anda test götürmək fiziki baxımdan mümkün deyil:

"Burada söhbət təkcə testin götürülməsindən getmir. Həm də çeşidlənməsindən, laborotoriyaya daxil edilməsindən və s. kimi proseslərdən gedir. Yaxma 5 saniyədə götürülə bilər, lakin bir testin nəticəsinin açıqlanması üçün 8-10 saat vaxt tələb olunur. Və üstəlik hər kəsdən test götürülsə, simptomlu şəxslərin cavablarının açıqlanması günlərlə gecikə bilər. Yazırlar ki, test cavabı yoxdur, amma xəstəxanaya yerləşdirmək istəyirik. Axı, test cavabı olmayan insanı necə koronavirus xəstəsi kimi xəstəxanaya yerləşdirək? Bəlkə, həmin şəxs COVİD deyil. Demək ki, həmin şəxs koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya yerləşdirilərsə, yoluxma ehtimalı yaranacaq".

O, daha sonra sosial şəbəkələrdə TƏBİB-in ünvanına olan tənqidlərə münasibət bildirib:

"Sosial şəbəkələrdə rastlaşdığımız tənqidlərdən biri də odur ki, TƏBİB niyə karantin rejimini sərtləşdirir? TƏBİB birbaşa hansısa qərar qəbul etmir. Karantin rejimi ÜST-ün tövsiyəsi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə qəbul edilir. Və hətta brifinqləri TƏBİB deyil, NK yanında Operativ Qərargah təşkil edir. TƏBİB nümayəndələri isə virusun müalicəsi ilə bağlı yalnız tibbi və elmi izah üçün həmin brifinqlərə dəvət olunur. Elə brifinqlərdə tez-tez verilən suallardan biri də, "insanlar evdə koronavirusa yoluxub, dərman və ya ərzaq almaq istəyirlər, amma evdən çıxa bilmirlər. Necə edə bilərlər?" sualıdır. Bəli, koronavirus xəstələrinin evdən çıxması təhlükədir. Həkimlərimiz də bununla bağlı çağırış edirlər. Amma təəssüflə qeyd edirik ki, bizim belə bir sosial xidmətimiz mövcud deyil. Biz koronavirus xəstələrinə evdə dərman və ya ərzaq çatdıra bilmirik. Onsuz da həkimlərimizin işi çoxdur, bir də təsəvvür edin, onlar insanlara evdə sosial xidmətlər göstərirlər. Bu, fiziki baxımdan mümkündürmü?"

"Yazırlar ki, TƏBİB Koronavirusla Mübarizə Fonduna ayrılan pulları hara xərclədi? Sözügedən Fondun vəsaitinin xərclənməsi ilə bağlı qərarı TƏBİB deyil, Fondun İctimai Nəzarət üzvləri verəcək. Hələki vəsait xərclənməyib", - deyə Elnarə Baxış əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR