Elman Sadıqov: “2021-ci ildə neftin qiymətində kəskin eniş olarsa ...’’ -

2021-ci il dövlət büdcəsinin gəlirləri hesablanarkən istər dolların məzənnəsində, istərsə də neftin qiymətində nəzərdə tutulmuş müəyyən hədd heç də ona əsas vermir ki, bu məbləğin ilin sonunda dəyişmək zərurəti yaranmayacaqdır’’.

Bu açıqlamanı Metbuat.az-a özəl olaraq iqtisadçı ekspert Elman Sadıqov verib.

Ekspertin 2021-ci il gözlənilən risk və addımların təhlilinə dair müsahibəsini təqdim edirik:

Elman müəllim, 2021-ci ilin büdcəsi üçün əsas məsələ və hədəflər nədən ibarətdir? Ehtiyac yaranarsa büdcə müzakirələrinə yenidən baxıla bilərmi?

-Hazırda büdcədə önəmli məsələlərdən biri də dolların manata nisbətən məzənnəsidir. Ümumiyyətlə son 4-5 il ərzində Azərbaycanın büdcəsi üçün xarakterik olan mövzulardan biri də odur ki, cəmiyyətimiz daha çox dolların manata nisbətən məzənnəsi və neftin büdcədəki qiymətinə fokuslanıb.

2021-ci ilin büdcə gəlirləri hesablanarkən dolların məzənnəsi 1.70 manat olaraq götürülüb. Amma bu o deməkdir deyil ki, istər dolların məzənnəsi, istərsə də neftin qiymətində olan hədd dəyişilə bilməz.

Dəfələrə biz görmüşük ki, neftin qiyməti bir həddə götürüldüyü halda, dünya bazarında neftin qiymətinin sürətli enişi səbəbindən ilin ortasında dövlət büdcəsinə yenidən baxılması üçün müraciət edilib.Ya da əksi baş vermişdir. Büdcə müzakirələri zamanı neftin qiyməti aşağı götürülmüşdür amma dünya bazarında neftin qiyməti kəskin yüksəldiyi zaman büdcədə böyük profisit yaranmışdır. Nəticətədə, gəlirlərin artımı büdcənin həcminə və xərclərinə yenidən baxılması zərurəti yaradır.

Növbəti 2021-ci il üçün də sadaladığım hər iki hal mümkündür.

Yəni ilin əvvəlində dolların və ya neftin qiymətinin hansı həddə olması o demək deyil ki, ilin sonuna qədər bu belə davam etməlidir. Hazır ki, büdcə müzakirələri ilkin indikatordur. Əgər sonradan ehtiyac olarsa bu məsələyə yenidən baxılmaq zərurəti yarana bilər. Vurğulamaq istədiyim məqam odur ki, növbəti ildə gözlənilən qeyri-müəyyənlik fonunda neftin bir barelinin 40 dollar həddində götürülməsi normaldır.

Elman müəllim hazırda cəmiyyəti maraqlandıran suallardan biri də növbəti il üçün manatı gözləyən vəziyyət ilə bağlıdır desək yanılmarıq. Bu barədə sizin proqnozlarınızı bilmək istərdik.

- Əsas məsələlərdən biri dolların kursu məsələsidir. Hazırda hökümət dolların manata nisbətən məzənnəsi prosesini stabil saxlamağa çalışır.

Bildiyiniz kimi Azərbaycanın iqtisadiyyatının əsas ixrac komponenti neft və qazdır.Dolların məzənnəsi də neftin dünya bazarındakı qiymətindən asılıdır.

Neftin qiymətinin artıb azalması ciddi sürətdə tədiyyə balansına, ölkəyə daxil olan valyutaya təsir göstərir. Ona görə də biz neftin qiymətini ciddi sürətdə nəzərə almalıyıq.

Devalvasiya riskləri 2021-ci il üçün nə qədər gözləniləndir?

-Əslində devalvasiya olacaq və ya olmayacaq sualı ağır sualdır. Ümumiyyətlə bunun olub-olmaması vəziyyətdən asılıdır. Bu gözlənti hər iki halda növbəti il üçün mümkündür.

İndiyə qədər devalvasiyanın baş verib verməməsi ehtimalı əsasən iki amildən asılı idi.

Birinci amil neftin qiyməti, ikinci amil isə qeyri-neft sektorunda görüləcək tədbirlər, o cümlədən turizm və qeyri-neft sektorudakı ixrac potensialı.

Hazırda isə daha böyük amil meydana gəldi. Pandemiya.

Düşünürəm ki, bu amil hazırda həlledici amilə çevrildi. Yəni, devalvasiya ilə bağlı təhlillər aparılarkən əsasən devalvasiya vacib, zəruridirmi, hansı faydaları və hansı zərərləri olacaq suallarına dəqiq cavablar tələb olunur.

Hazırda devalvasiyanın zərərləri daha çox olar, nəinki faydası. Çünki, devalvasiyanın normal vaxtlarda fayda verəcəyi turizm sektoru 0 həddindədir və devalvasiya olsa da pandemiya səbəbindən turizm artmayacaq.

İkincisi də, biznes aktivliyinin çox aşağı olması səbəbindən qeyri-neft sektorunun ixracının da artma ehtimalı çox azdır. Hətta devalvasiyaya yol verib 2021-ci ildə qeyri-neft sektorunda ixracın artırılması işlərini sürətləndirsək də bu kifayət qədər vaxt tələb edəcəkdir.

Devalvasiya nəticəsində isə büdcədə yaranan 1-2 milyardlıq müsbət fərq tezliklə inflyasiya və artımı zəruri edəcək müavinət və maaş fonunda mənfiyə çevriləcək. Xarici borclarla bağlı məsələni, bank və maliyyə sektorunda yaranacaq vəziyyəti və ən əsası, yaranacaq sosial gərginliyi demirəm.

Amma məsələnin narahatedici başqa bir tərəfi də var.

İqtisadiyyatda belə bir qanun var. Hər hansı bir hadisənin gözləntisi o hadisənin nəticəsindən ya daha ağır olur, ya da həmin hadisənin baş verməsini tətikləyir. Bu inflyasiya gözləntilərinə də aiddir, devalvasiya və sair.

Yəni Azərbaycanda devalvasiya gözləntiləri belə devalvasiyanın baş verməsindən daha ağır yükdür.

Devalvasiya olmasa belə devalvasiya olacaq kimi xəbərlərin tirajlanması manata olan təzyiqləri də artırmaqla bu gözləntiyə şərait yaradır və devalvasiya riskini artıra bilir.

Bəs hazırda reallıq nədən ibarətdir? Devalvasiya riskləri nə qədər gözləniləndir?

- 2021-ci il üçün bu prosesdə neftin qiyməti həlledici faktor olacaq. Bu da OPEC+ölkələrindən asılıdır. Ümidverici məqam odur ki, əgər OPEC davamlı neft bazarına nəzarət mexanizimi yaradarsa, yəni keçmiş səhvlərindən dərs çıxararsa, demək ki, OPEC neftin qiymətinin kəskin enişinə mane olmaq niyyətindədir. Qeyd edim ki, OPEC+ ölkələrinin son iclasında alınan qərarlar həmin təşkilatın məhz bu istiqamətdə düşündüyünü əyani olaraq göstərdi. Əgər buna nail olunarsa, 2021-ci ildə neftin il ərzində gündəlik orta qiymətinin 45 dollardan yüksək olacağı təqdirdə devalvasiya təzyiqləri azalacaqdır.

Yəni 2021-ci il ərzində devalvasiyaya getməmək mümkündür. Bu haldahökümət bunun qarşısını ala biləcək mexanizmi qura bilər. Lakin, bu o demək deyil ki, sərbəst üzən məzənnəyə heç vaxt keçməyək, kurs həmişə stabil qalsın. Bu heç mümkün də olmaz. Amma, biz devalvasiyanın ölkə iqtisadiyyatı üçün daha faydalı ola biləcək şəraiti yetişdirdikdən sonra sərbəst üzən məzənnə rejimini tətbiq etsək proses nəinki ağrılı olmaz, hətta orta və uzunmüddətli perspektivdə iqtisadiyyatı canlandırar. Amma bu gün devalvasiya üçün uyğun zaman deyil.

Əgər neftin qiymətində uzunmüddətli kəskin eniş olarsa artıq devalvasiya riski artır. Bu önəmli faktordur. Neftin qiymətinin büdcədə 40 dollar həddində götürülməsi o deməkdir ki, il ərzindəgündəlik orta qiymət 40 dollar olacaq. Yəni, tutaq ki, 3 ay ərzində neftin bir barelinin qiyməti 40 dollardan aşağı oldu, amma növbəti üç ay ərzində neftin qiyməti 45-50 dollara qalxarsa artıq orta hədd 40 dollar civarında formalaşmış olacaqdır. Bəzən insanlar düşünürlər ki, 40 dollara neftin qiyməti düşən kimi artıq devalvasiya olacaq. Bu doğru deyil. Hər bir halda ümumiyyətlə neftin qiymətinin 40-45 dollardan aşağı düşməsi tədiyyə balansına ciddi təsir üçün siqnaldır.

Nə zaman devalvasiya qərarı alına bilər? Ümumiyyətlə devalvasiyanın faydası varmı?

-Hazırda dollara olan tələb də minimumdur. Xaricə gedənlərin sayı minimumdur, biznes, istehlak zəifdir. Bu da tədiyyə balansına nəfəs almağa, azalan daxilolmaları müəyyən dərəcədə kompensasiya etməyə imkan verir. Bir az öncə də qeyd etdiyim kimi, hazırda devalvasiya qərarının zərərləri xeyrindən daha çox ola bildiyi üçün yaxın zamanlarda devalvasiya qərarı ehtimalı aşağıdır.

Devalvasiyanın təsirlərinə gəlincə. Ümumiyyətlə devalvasiyanın iki tərəfi var. Faydası da var, zərəri də.

Dövlət o halda devalvasiyaya gedir ki, bunun cəmiyyət, iqtisadiyyat və dövlət üçün zərərindən çox xeyri olsun. İxrac yönümlü bir çox ölkələrin Mərkəzi Bankları ciddi xərclər çəkərək bazara intervensiya edərək öz valyutalarını ucuzlaşdırırlar. Amma, bunu hamı edə bilərmi və ya vacibdirmi, hə və yox cavablarından öncə ölkənin iqtisadi göstəriciləri və tədiyyə, ticarət balansları ciddi şəkildə təhlil edildikdən sonra fikir bildirmək olar. Konkret olaraq ölkəmizdə də devalvasiyanın olması və ya olmaması senariləri, olmasının və olmamasının fayda və zərərləri həm SWOT (güclü, zəif tərəfləri, fürsət və təhlükələr), həm də statistik təhlilləri aparılır.

Hazırki məqamda daha çox pandemiyanın nəticələri, devalvasiyanın iqtisadiyyata gətirəcəyi ziyan, maliyyə-bank sektoruna vura biləcəyi zərbə və sosial məsələlər nəzər alınacaqdır. Müsbət tərəflərdən biri budur ki, ölkə devalvasiyaya getmək məcburiyyəti qarşısında qalmayıb. Yəni, təhlükəsizlik yastığımız və tədbirlər bizə bu məsələdə daha rasional davranaraq uyğun zamanı yetişdirmək imkanı verir.

Devalvasiyaya o halda getmək daha məqsədəuyğun olar ki, devalvasiyanın gətirəcəyi faydaların bir qismi ilə devalvasiyanın vurduğu zərərlərin heç olmasa bir qismi kompensasiya oluna bilsin. Hazırda isə az öncə də qeyd etdiyim kimi faydaları minimumdur. Zərərləri örtməyə yetərli deyil.

Ən önəmlisi devalvasiyaya gedilən zaman müəyyən risklərin yumşaldılmasına (bunun öz qaydaları, metodları, təcrübələr mövcuddur) ehtiyac var.Bu zaman devalvasiya seçimi iqtisadiyyat üçün daha uğurlu nəticələrə səbəb ola bilər.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR