Talış və Suqovuşanın azad olunmasında igidlik göstərən

Sentyabrın 24-də başlayan və 44 gün davam edən, erməni qəsbkarları üzərində Azərbaycan xalqının böyük qələbəsi ilə başa çatan Vətən müharibəsi xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Zəfər salnaməsinə izini qoyan igidlər arasında Lənkəran Dövlət Universitetinin (LDU) məzun və tələbələri həmçinin işçiləri də var.

Bu barədə Metbuat.az-a özəl müsahibə verən LDU-nun mətbuat katibi, jurnalist Esmira İsmayılova bildirdi ki, belə igidlərin olması bütün kollektivdə qürur və fəxarət hissi yaradır.

O Vətən müharibəsindən qalib əsgər kimi geri qayıdan Surac və İqbal Şəfili qardaşlarının döyüş yolu barədə açıqlama verərək qeyd etdi ki, Şəfili qardaşlarının Vətən müharibəsində şəhid yox, şahid olmaları bütün Lənkəran, oxuduqları Lənkəran Dövlət Universitetinin professor-müəllim-tələbə heyətini sevindirir.


''Lənkəran Dövlət Universitetinin sözçüsü kimi şəhid tələbə və məzunlarımızdan yazmaq nə qədər ağrılıdırsa, söz açmaq bir o qədər sevincdirici, ürəkaçandır.

Şəfili qardaşlarının hər ikisi eyni vaxtda LDU-ya daxil olub, eyni ildə bitirib və eyni gündə də həqiqi hərbi xidmətə çağrılıblar. Eyni hissədə xidmət edən, birgə döyüş yolu keçən qardaşları birləşdirən əsas məqamlardan biri də hər ikisinin cəsurluğu, qorxmazlığı, şücaətidir.

Qardaşlardan böyüyü - Şəfili Surac Sübhan oğlu 1998-ci il iyunun 15-də Lənkəran rayonunun Siyabli kəndində anadan olub. 2015-ci ildə Ə. Xalıqov adına Rvo kənd tam orta məktəbini əla qiymətlərlə bitirib. 2016-cı ildə Lənkəran Dövlət Universitetinin Aqrar və mühəndislik fakültəsinin “Torpaqşünaslıq və Aqrokimya” ixtisasına qəbul olunub və 2020-ci ildə bu ixtisas üzrə bakalavr dərəcəsini alıb. Surac bu ilin iyul ayının 2-də həqiqi hərbi xidmətə çağrılıb.

Kiçik qardaş-Şəfili İqbal Sübhan oğlu 1999-ci il oktyabrın 1-də anadan olub.

2016-cı ildə Ə.Xalıqov adına Rvo kənd tam orta məktəbini əla qiymətlərlə bitirərək elə həmin il Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin “ Biznesin idarəedilməsi” ixtisasına daxil olub. 2020-ci ildə bu ixtisas üzrə bakalavr dərəcəsini alan İqbal bu ilin iyul ayının 2-də həqiqi hərbi xidmətə yollanıb''.

Esmira İsmayılova deyir ki, təsadüf elə gətirib ki, Goranboy rayonun N saylı hərbi hissəsində xidmətə başlayan qardaşlar Talış kəndi və yüksəklikləri, Kəhillər xarabalığı, Dostager və Suqovuşan yaşayış məntəqələrinin azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıqla vuruşublar.

''Sentyabrın 27-də Qarabağ müharibəsi başlanan andan Şəfili qardaşları ön cəbhədə döyüşüblər. İqbal Şəfili bu döyüşlərin birində yaralansa da müalicə olunduqdan sonra yenidən döyüş yoluna davam edib, qardaşını cəhbədə tək qoymayıb.

Sevindirici haldır ki, Vətən müharibəsinin təltif olunan döyüşçüləri arasında İqbalın da adı var. Cənab Ali Baş Komandanın sərəncamı ilə Şəfili İqbal Sübhan oğlu “Cəsur döyüşçü” medalı ilə təltif edilib''.


Onlardan söz açanda LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov, fakültə dekanları Gülbəniz Əliyeva və Balayar Şahbazovdan ancaq xoş sözlər eşitdik. Onlar tədrisdə fərqlənən qardaşların Vətən müharibəsində də şücaət göstərmələrindən qürur duyduqlarını dilə gətirdilər, universitetdə yaradılacaq Zəfər lövhəsində Şəfili qardaşlarına da yer ayrılacağını bildirdilər.


Qardaşların atası, hazırda təqaüddə olan Sübhan müəllim də söhbət zamanı oğlanları ilə qürur duyduğunu dilə gətirdi. Ən böyük sevinc hissini isə sözsüz ki, Zülfiyyə ana yaşayır. Çünki övlada Ana Vətən sevgisinianadan yaxşı heç kim aşılaya bilməz.


Vətənə layiq, düşmənə çəpər övladlar böyütdüyünüzə görə var olun, Qəhrəmanlar anası!

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR