"Azərsu" deputatın ittihamlarına cavab verdi

"Bu gün millət vəkili Rəşad Mahmudov 2008-ci ildə icrasına başlanan Astara şəhərinin su və kanalizasiya layihəsinin niyə kəm-kəsirlə yerinə yetirildiyi, Şuşada işlərə başlayarsa, nə vaxta başa çatdırarıq deyə “Azərsu” ASC-yə suallar ünvanlayıb və istəyib ki, büdcə müzakirələri zamanı sorğusuna cavab verilsin".

Metbuat.az xəbər verir ki, “Azərsu” ASC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deputatın suallarını cavablandırıb.

Qurum rəsmisi bildirib: "Hörmətli Rəşad müəllim, Astara şəhərində layihə üzrə tender 2014-cü ildə keçirilib və işlərə 2015-ci ildə başlanılıb. Azərbaycan hökumətinin İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi layihədə yalnız içməli su infrastrukturunun yenidən qurulması nəzərdə tutulmuşdu. 15 oktyabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Astara şəhərinin içməli su təchizatı layihəsinin başa çatması münasibətilə açılış mərasimi keçirilib. Astara şəhərini içməli su ilə təmin etmək üçün Xanbulançay təmizləyici qurğusundan 29 km magistral su xətti çəkilib, şəhərdə 109 km paylayıcı şəbəkə inşa edilib.

İki çağırış Astaradan millət vəkili seçilən Rəşad müəllim yəqin ki, bunları bilməmiş deyil. Bilmirsə, deməli layihənin gedişi ilə heç vaxt maraqlanmayıb.

Şuşa ilə bağlı suala gəldikdə isə millət vəkilinin diqqətinə çatdlrmaq istəyirəm ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu tərəfindən işğaldan azad edildikdən sonra Şuşaya gedən ilk mülki şəxslər məhz “Azərsu” ASC-nin əməkdaşları olub. Onlar qısa müddətdə düşmən tərəfindən dağıdılmış magistral su kəmərlərini bərpa edərək Şuşa şəhərinin dayanıqlı içməli su təchizatını bərpa ediblər və o vaxtdan Şuşada xidmətimiz təşkil olunub".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR