Azad olan rayonlarda torpaq bölgüsü necə aparıla bilər? -

Artıq işğaldan azad edilmiş ərazilərdə minalardan təmizlənmə, yolların çəkilməsi və digər işlər həyata keçirilir və məcburi köçkünlərin geri qaytarılmasına hazırlıq işləri aparılır.

Lakin bəllidir ki, 27-28 illik işğaldan azad olunmuş rayonların əhalisi bu illər ərzində xeyli artıb. Bu baxımdan, həmin rayonların əhalisi geri qayıdarkən onlar üçün torpaq sahələrinin hansı qaydada verilməsi maraq doğurur.

Bu barədə Metbuat.az-a özəl açıqlama verən əmlak eksperti Elnur Fərzəliyev bildirdi ki, azad olan ərazilərin torpaq bölgülərini apararkən ilk növbədə nəzərə alınmalı bəzi məqamlar var.

''İlk növbədə həmin əraziləri təyinatı üzrə bölərək sərhədlərini müəyyənləşdirmək vacibdir. Yaşayış sahələrinin sərhədləri, istehsal, əkin, mədən, meşə və digər massivlərindən ayrılmalıdır. Bəzi dağlıq ərazilər var ki, həmin ərazilərdə qış və yaz aylarında sel və daşqınlar daha çox olur.

Yaşayış massivləri salarkən ilk növbədə bu tip təbiət hadisələrinin baş vermədiyi ərazilər seçilməlidir. Torpaq sahələrinin bölgüləri və nəzarəti təyinatı üzrə aidiyyatı qurumlara verilməlidir''

Elnur Fərzəliyev bildirdi ki, torpaqları bu qaydada bölməklə gələcəkdə həmin torpaqların digər təyinatlar üzrə həm istifadəsinin, həm də satılmasının qarşısını almış olarıq.


''Bu qaydanı tətbiq etməklə həmin torpaqları dövlət balansında qalmasına şərait yaratmaq olar. Torpaq sahələrinin ayrılması və istifadəsi sərəncamlar və müqavilələr əsasında aparılmalıdır. Biz bu ərazilərdəki torpaqların özəlləşməsinin qarşısını almaqla dövlətin ehtiyyat torpaq sahələrini də genişləndirmiş olarıq.

Həmin ərazilərdə təyinatı üzrə işlər başlanılarsa bu ölkəmizdə çox ciddi məhsul bolluğuna və minlərlə yeni iş yerlərinin yaranmasına gətirib çıxara bilər.Təbii ki, bu hal nəyin ki, həmin ərazilərdən məcburi köçkün düşmüş soydaşlarımızda hətta digər bölgələrdən olan insanlarımızda da o ərazilərdə yaşamaq və işləmək həvəsini daha da artıracaqdır.

Qeyd edək ki, bu məsələ ilə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, həmin rayonlar işğal olunan zaman xüsusi mülkiyyətində torpaq sahəsi olan insanların torpaqları sözsüz ki, özlərinə veriləcək:

“Bu məsələ məlumdur. Həmin insanlar gedib öz torpaqlarına sahib olacaqlar. Həmin ərazilərdə dövlət mülkiyyətində olan torpaq sahələri də var və dövlət bu torpaq sahələrindən artan əhaliyə pay torpaqları verə bilər.

Sözsüz ki, həmin ərazilərdə bələdiyyələr də olmalıdır. Həmin bələdiyyələrə də dövlət torpaqlarından sahələr ayrıla bilər. Azərbaycanda aparılmış aqrar islahatların şərtlərinə uyğun hər kəsə torpaq sahələri ayrılacaq. Ancaq ola bilər ki, bəzi rayonlarda əhaliyə torpaq sahələri az düşsün, bəzi rayonlarda çox. Misal üçün, Ağdamın əhalisi çox, ərazisi kiçikdir, lakin Kəlbəcərin ərazisi Ağdamdan böyük, əhalisi isə azdır. Belə olan halda ola bilər ki, ayrı-ayrı rayonlarda insanlara düşən torpaq sahələrinin həcmində fərq olsun. Ancaq bütün hallarda əhalinin hamısına pay torpaq sahələri ayrılacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR