x
Loading...
.

"Koronavirus uşaqlara keçməyə başlayıb" - Pediatr ƏLAMƏTLƏRİ AÇIQLADI

.

“Əvvəllər yeni növ koronavirus infeksiyasının (COVID-19) uşaqlarla işi yox idi. Onlar yoluxsa da ağırlaşmırdı, yüngül, yaxud əlamətsiz keçirirdi”.

Metbuat.az xəbər verir ki, bu sözləri açıqlamasında pediatr Aytən İsmayılzadə deyib. O bildirib ki, aparılan təcrübələrdə də onların yoluxucu olmasının əhəmiyyətsizliyi isbatlanmışdı:

“Bu dalğada isə koronavirus uşaqlara da keçməyə başlayıb. Son iki həftədə qəbul etdiyim uşaqlar arasında 5 nəfərdə COVID-19-dan ağırlaşma olub. Onlarda 5 gün ərzində hərarət çox yüksək 39-40, çox halsızlıq, iştahsızlıq, qarında ağrılar, qusma, ishal, dəridə gedib-gələn qızartılar, gözlərdə qızartı (ikisi qan dolmuş kimi), boyun limfa düyünlərinin böyüməsi, ağrılı olması (limfadenit) analizlərdə CRP 150- 350-dən yuxarı (norma 5-ə kimi) , EÇS 60-80 ( norma 5-15), leykositlər 20 000 civarında, neytrofilyoz göründü.

Bəli, bu əlamətlər digər virus qrip infeksiyalarinda da ola bilir. Amma biz başqa infeksiyanın epidemiyasını yaşayırıq.

Bu virus həm də mutasiyaya uğrayıb əvvəl etmədiyini sonra edə bilir. Əgər evdə koronavirus infeksiyası olubsa, yaxud onun ən kiçik bir əlaməti kimdəsə olubsa, məsələn, dadbilmənin itməsi, o zaman evdə uşaq daxil hər kəsin yoluxduğunu bilin. Amma uşaqlara antiviral dərmanları verə bilmərik. Çünki favipiravir uşaq orqanizmi uçun ağırdır, arbidol isə virus üçün zəifdir. İzləyəcəyik.

Kim virusu necə keçirir. Hər kəs artıq sağaldı dediyimizdə bir uşağın hərarətinin yüksək rəqəmlərə qalxması, məhz onun ağırlaşması ola bilər.

Koronavirus immuniteti çox yoran, tükəndirən bir gücə malikdir. İmmunitet zəiflədiyində, əlbəttə, bakteriyaların aktivləşməsi baş verəcək. Koronavirusda bu proses sürətlə baş verir. Mütləq CRP və qan ümumi analizini verilməlidir. CRP, yəni C reaktiv protein bədəndə iltuhabın səviyyəsini göstərir. Qan umumi dəyərlərini həkiminiz təhlil etməlidir. Yəni, evdə koronavirus olduğu halda uşaqda olan yüksək hərarəti digər virus infeksiyaları kimi üç gün gözləmədən araşdırmalıyıq”.

Pediatr qeyd edib ki, baş verən ağırlaşma əslində, sadəcə bakterial aktivləşmə ilə bağlı olmur:

“Multiorqan iltihab sindromu baş verə bilir. Prosesə ürək, böyrəklər, ağciyərlər, qaraciyər, mədəaltı vəz də cəlb oluna bilir. İnfeksiya olan pozitiv uşaqda bir həftə sonra poliserozit görüldü və xəstəxanaya yatırıldı. Poliserozit, yəni döş qəfəsi, qarın boşluğu seroz qişalarından maye ifrazı artımıdır. USM müayinədə qarın boşluğunda, plevral boşluqda maye yığılması müşahidə edildi. Yəqin ki, bu hal böyrək yumaqcıqlarının virus ilə zədələnməsi səbəbindən nefrotik sindrom inkişafı ilə bağlı oldu.

Uşaqlarda koronavirus ağırlaşması ilə görülən halsızlıq, sadəcə kefsizlik deyil, uşaq qolunu qaldırmaqda belə çətinlik çəkir və bu halsızlıq ishal qusma olmasa da olur. İştahsızlıq isə valideynlərin həmişə şikayət etdiyi iştahsızlıq olmur. Qan dəyərləri, döş qəfəsi rentgeni, lazım olarsa Exo-kq, USM muayinəsindən sonra kimin evdə kimin xəstəxana şəraitində mualicəsinə qərar verilir. Geniş spektrli antibiotik təyinindən sonra hərarətin tədricən düşməsi, limfa düyünlərində ağrının şişkinliyin azalması, gözlərdə qızartının azalması yaxşılaşma əlamətidir. Halsızlıq, iştahsızlıq daha sonra düzələn əlamətlərdir. Ürək, böyrək zədələnməsi olduqda xəstəxana şəraitində steroidlər, immunoqlobulin və s. ilə müalicə həyata keçirilir”. (Lent.az)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR