Şəhid olduğu gün qardaşının övladı dünyaya gəldi - Xəyal Məmmədov / FOTO

.

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçərək tarix yazan qəhrəmanlarımızdan biri də Göyçay rayon sakini, 31 yaşlı şəhid Xəyal Məmmədovdur.

Metbuat.az xəbər verir ki, Xəyal Arif oğlu Məmmədov 1989-cu il fevral ayının 13-də rayonun Birinci-Ərəbcəbirli kəndində anadan olub. İlk orta məktəb təhsilini Göyçay Səməd Vurğun adına internat məktəbində alıb. Xəyal uşaqlıqdan məktəb vaxtlarında da vətənpərvərliyi ilə digər şagirdlərdən fərqlənirdi. O, təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yola düşüb. Ümumilikdə 11 il müddətində hərbi xidmətdə həm işləyib, həm də xidmət göstərib. O, ömrünün bütün illərini hərbiyə həsr edib. İkinci Qarabağ müharibəsindən 4 il əvvəl 2016-cı ildə 4 günlük davam edən Aprel döyüşlərində də iştirak edib. Nəhayət ki, 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Ali Baş Komandan İlham Əliyevin əks hücum göstərişinə tabe olaraq X.Məmmədov Vətən müharibəsi zamanı gedən şiddətli döyüşlərdə də müharibəyə qatılıb. Döyüş yoldaşları ilə birlikdə xüsusi qəhrəmanlıqlar yerinə yetirib. Torpaqlarımızı işğaldan azad etdikcə onlarda daha da intiqam hissi yaranırdı. Müharibənin 6-cı günü - Oktyabr ayının 2-si tarixində Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Oktyabrın 3-ü isə doğulub boya-başa çatdığı Birinci-Ərəbcəbirli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qəhrəmanımız şəhid olduğu günü isə onun doğma qardaşının balaca övladı dünyaya gəlib. Əmisinin qəhrəman olan günü həyata yeni göz açan balacaya adının da əbədiləşdirilməsi məqsədilə igid Xəyalın adı verilib. İndi bu balaca artıq xəyallarda yaşayan şəhid Xəyalın adını daşıyır. Şəhidimizin valideynləri isə deyir ki, həmin gün onlar həm sevinc, həm də böyük kədər hissini bir arada yaşayıblar.

"Xəyalın şəhidlik xəbərini alanda o gün mən nəvə yolu gözləyirdim. Mən xəstəxanada olan vaxtı axşam saat 7-8 radələrində nəvəm dünyaya gəldi. Digər oğlumun uşağı dünyaya gələn zaman qəhrəman oğlum Xəyalın şəhid olma xəbəri də mənə gəldi. Elə ordaca məni pis vəziyyətdə gətirdilər evə"-deyərək şəhidimizin anası Məmmədova Yeganə qeyd edib.

Xatırladaq ki, döyüşlər zamanı xüsusi qəhrəmanlıqlar göstərdiyi üçün Ali Baş Komandan İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Davud Tarverdiyev

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR