x
Loading...

Qisası qiyamatə saxlamayan şəhid Zahir Feyzullayev - VİDEO / FOTOLAR

44 gün davam edən Vətən müharibəsi həm də qisasın qiyamatə qalmadığı savaş idi. Hər bir əsgərimiz şəhid olan qardaşının qisasını almadan, nə şəhadət şərbətin içdi, nə qazi, nə qalib oldu.

O da şəhid döyüş yoldaşının dəfn gün onlarla ermənini məhv edir. Ardınca zəng edərək bu şad xəbəri dəfnə toplaşanlara çatdırır: "Qisas alındı".

Xüsusi Təyinatlı Qüvvələrin leytenantı, qəhrəman kəşfiyyatçı Zahir Feyzullayev şəhidlik mərtəbəsinə yüksəlməzdən öncə döyüş yoldaşının qisasının yerdə qalmadığını belə müjdələmişdi.

Şəhid Feyzullayev Zahir Eyvaz oğlu, 1992-ci il dekabr ayının 24-də Oğuz rayonu Muxas kəndində anadan olub. 1999-2010-cu illərdə Oğuz rayon Muxas kənd orta məktəbində təhsil alıb.

2011-2012-ci illərdə Daxili Qoşunların N saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçib. 2013-cü il noyabr ayının 12-də Müdafiə Nazirliyinin gizir hazırlıq kursuna qəbul olub. 2014-cü il yanvar ayının 25-də həmin kursu bitirib. Həmin ilin yanvarından fevralına qədər N saylı xüsusi təyinatlı hərbi hissədə xüsusi təyinatlı qrup komandiri, 2014-cü ilin fevralından 2015-ci ilin may ayına qədər N saylı xüsusi təyinatlı hərbi hissədə xüsusi təyinatlı qrup komandirinin müavini, 2015-ci ilin mayından 2018-ci ilin iyul ayına qədər N saylı xüsusi təyinatlı hərbi hissədə qrup komandirinin müavini, həmin ilin iyul ayının 2-dən N saylı xüsusi təyinatlı hərbi hissədə qrup komandiri vəzifəsində xidmət edib.

Qəhrəmanlıqlarına görə 2018-ci ilin iyul ayının 2-də kiçik leytenant, 2019-cu ilin iyul ayının 2-də isə leytenant hərbi rütbəsi alıb.

2015-ci il may ayının 2-dən 2015-ci ilin may ayının 27-dək “Görüntülü hədəf qiymətləndirmə” kursunu keçmək məqsədi ilə Türkiyə Respublikasının Ankara şəhərində, 2017-ci ilin aprel ayının 28-dən 2017-ci ilin iyul ayının 13-dək “Hərbi sərbəst paraşut” kursunu keçmək məqsədi ilə Türkiyə Respublikasının Ankara şəhərində, 2018-ci il oktyabr ayının 7-dən 2018-ci ilin noyabr ayının 2-dək “Statik təməl paraşut” kursu keçmək məqsədi ilə Türkiyə Respublikasının Kayseri şəhərində, 2018-ci ilin noyabr ayının 5-dən 2018-ci ilin dekabr ayının 1-dək “Statik paraşütçü buraxıcı və yer ekip komutanlığı” kursunu keçmək məqsədi ilə Türkiyə Respublikasının Kayseri şəhərində olub.

2019-cu ilin yanvar ayının 29-dan 2019-cu ilin fevral ayının 23-dək “Qış-2019” təlimində iştirak etmək məqsədi ilə Türkiyə Respublikasının Kars və Kayseri şəhərlərində olub.

Vətəninə göstərdiyi xidmətlərinə və qəhrəmanlıqlarına görə "Azərbaycan Ordusunun 100 illiyi", "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları və bir çox tərifnamələrə layiq görülüb.

Vətən müharibəsində Füzulidən başlayaraq ZəngilanXocavənd istiqamətlərində döyüşüb. Döyüşlərdə də şücaət göstərən xüsusi təyinatlı qüvvələrin leytenantının son döyüşü Tuğ kəndi uğrunda olub. Hücum zamanı yaxınlığa düşən mərmi onu şəhidlik zirvəsinə yüksəldib.

Qeyd edək ki, şəhid Zahir Feyzullayev nişanlı idi.

Allah rəhmət eləsin!




Gülşən Ramazanlı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR