x
Loading...

Azərbaycanda vulkanın püskürmə anı - VİDEO

.

2021-ci il 09 yanvar tarixində saat 17:48-də Bakı şəhərindən 89 km qərb istiqamətində, Qobustan rayonunun Şıxzərli kəndinin 1-1,5 km şimal-qərbində yerləşən Şıxzərli palçıq vulkanının püskürməsi ilə əlaqədar Ekologiya Nazirliyinin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun əməkdaşları ərazidə monitorinqlər aparıblar.

Metbuat.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a qoruğun direktoru Ceyhun Paşayev məlumat verib.

O bildirib ki, püskürmədən öncə 40-50 saniyə çox güclü uğultu səsi eşidilib, daha sonra iki fazadan ibarət olmaqla, 40-45 dəqiqə ərzində yerin dərinliyindən palçıq kütləsi yer səthinə püskürüb.

Püskürmə zamanı palçıq vulkanları üçün xarakterik hesab edilən alov sütunu adıçəkilən palçıq vulkanının budəfəki püskürməsində qeydə alınmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"nun əməkdaşları müvafiq ölçmə işləri həyata keçiriblər.

"Müəyyən olunub ki, vulkan aktivliyi nəticəsində 2,5 hektar sahə sülb tullantıları ilə tamamilə örtülüb. Ümumi olaraq, 1700 m3 həcmində tullantı yer səthinə xaric olunub. Tektonik çatlar şimal və şimal-qərb istiqamətində daha sıx və dərindir. Çatların orta enliliyi 0,7 metr, bəzi yerlərdə uzunluğu 150 metrə çatır. Xaric olan püskürmə məhsullarının maksimal hündürlüyü 0,8 metr, ən minimal hündürlüyü isə 0,5 metrdir", - C.Paşayev bildirib.

Direktorun sözlərinə görə, Şıxzərli palçıq vulkanı Dövlət Təbiət Qoruğuna daxil deyil.

Qeyd edək ki, vulkanın aktivliyinin təhlili onu göstərir ki, o, çox aktiv palçıq vulkanıdır. Son püskürmə də daxil olmaqla 1810-cu ildən başlayaraq bu, vulkanın 25-ci paroksizmidir. Ən güclü püskürməsi 1980-ci ildə qeydə alınan Şıxzərli vulkanı dünyanın ən aktiv palçıq vulkanlarından hesab olunur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR