Ərdoğan Putinə sülhməramlılar ilə bağlı hansı təklifi verdi?-

10 (9) noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanatı Cənubi Qafqazda yeni mərhələnin başlanğıcını qoydu.

Bu Bəyanatın imzalanmasından 2 ay sonra yanvarın 11-də Moskvada üç ölkənin başçısının görüşü - 10 noyabr üçtərəfli Bəyanatının möhkəmləndirilməsi baxımından əhəmiyyət kəsb edirdi. Moskva müzakirələrindən az sonra Putinin Ərdoğan ilə telefon danışığında müzakirə olunan məsələlər də siyasi baxımdan maraq dairəsində oldu.

Bu barədə Metbuat.az Türkiyənin Azərbaycandakı keçmiş hərbi ataşesi, general Yücel Karauz ilə müsahibə aparıb.

Yücel bəy Mosvka müzakirələrini necə qiymətləndirirsiniz?

“11 yanvarda Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş və imzalanan Bəyanat xüsusi aktuallıq təşkil edirdi.

Bu mövzuya tez bir zamanda maraq göstərilməsini mən çox önəmli olduğunu qeyd etmək istəyirəm. Moskva görüşündə nəqliyyat-kommunikasiya sahəsində əldə edilmiş razılaşma sayəsində Türkiyə və Orta Asiya Naxçıvan vasitəsi ilə Azərbaycana birbaşa olaraq bağlanacaqdır.

Bu da çox maraqlı bir faktdır. Rusiya da Bakı üzərindən dəmiryolu ilə Yerevana əlini daha rahat uzada biləcəkdir”.

Üçtərəfli müzakirələrdə Azərbaycanın masada diqtə edən tərəf olması Ermənistanı bir daha susdurmağa vadar etdi. Yeni imzalanmış müqavilə ilə regionda necə bir geo iqtisadi vəziyyət gözlənilir?

“Burada vacib olan məsələ sülhə və sabitliyə xidmət edəcək sosial-iqtisadi vəziyyətin inkişafıdır. Bu həm də Azərbaycanın milli maraqlarına xidmət edəcəkdir.

Müzakirələrdə Ermənistanın tələblərini Azərbaycanın qəbul etməməsi bir daha onu göstərdi ki, masada Azərbaycan söz sahibidir.

Əlbəttə Qafqazda sülhün və sabitliyin bərqərar olunması Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli əməkdaşlığın birgə səyləri nəticəsində mümkün olacaqdır”.

Moskva müzakirələrindən sonra Ərdoğan və Putin telefon danışığının detalları barədə fikirlərinizi bilmək istərdik.

“Moskva görüşündən sonra Putinin Rəcəb Təyyib Ərdoğana zəng etməsində əsas məqsəd Qafqazda Türkiyənin mövqeyinə və fikirlərinə göstərdiyi diqqət və qayğıdan irəli gəlirdi.

Bu danışıqlar əsnasında Ermənistan təxribatlar törətməyə, sözdə Dağlıq Qarabağın statusu məsələsini yenidən gündəmə gətirməyə və 10 noyabrda imzalanmış bəyannamənin şərtlərini pozmaqda davam edirdilər. Cənab prezident Ali Baş komandan İlham Əliyev Ermənistanın bu davranışlarının davamlı olacağı təqdirdə “dəmir yumruğun” onlara öz üzünü göstərəcəyini bəyan etməsi qiymətləndiriləcək davranışlardandır”.

Ərdoğanın Putin ilə müzakirələrdə sülhməramlıların fəaliyyəti ilə bağlı məsələyə münasibətinə gəldikdə isə burada önəmli faktlar diqqətdə saxlanılmalıdır...

“Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Putin ilə telefon danışığından sonra şəxsi sosial şəbəkə hesabından belə bir açıqlama vermişdir.

“Dağlıq Qarabağda heç bir sülhməramlıya ehtiyac duyulmadan sülh və sabitliyin qorunması üçün çalışmalıyıq. Bunu ən qısa zamanda etməliyik. Bu müddətdə sülhə xələl gətirən terror fəaliyyətlərinə təşəbbüs göstərməkdən uzaq durulmalıdır. Həm 10 noyabrda baş tutan bəyannamə, həm də Moskva görüşlərində tərəfsiz və haqq və hüquq çərçivəsində davranışlar sərgilənməlidir”.

Dağlıq Qarabağda Türkiyə-Rusiya birgə əməkdaşlığı problemin tamamilə həll olunması üçün vacibdir. Amma qeyd etməliyəm ki, Moskva müzakirələri Azərbaycanın diplomatik qələbəsi kimi tarixdə yerini aldı.


Amerikanın son vaxtlar bu mövzulardan kənar qalması amma eyni zamanda Ermənistana isti mövqeyi də aydındır. Bu barədə nə deyə bilərsiniz?

“Son günlər okeanın o tayında baş verənlər də müzakirə və maraq dairəsindədir. Amerika prezidenti seçilən Co Baydenin yanvarın 20 də gerçəkləşəcək andiçmə mərasiminə başı qarışsa da onun və köməkçisi vitse prezident Kamala Harisin də ermənilərə isti münasibəti artıq bəllidir.

Amma bu məsələdə Türkiyə hər zaman haqq və hüquq prizmasından yanaşmışdır. Bilirik ki, BMT qərarlarının sonunda Amerikanın da imzası var. Amma bu bütövlükdə vəziyyəti stabilləşdirmək üçün atılmış addımlara aiddir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR