.

LDU-da 20 yanvar şəhidlərinin anım mərasiminə həsr olunmuş ONLAYN KONFRANS - FOTO

.

Lənkəran Dövlət Universitetində (LDU) Microsoft Teams platforması üzərindən Azərbaycan tarixinin ən ağrılı səhifəsi olan 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş onlayn konfrans keçirilib.

Metbuat.az xəbər verir ki, konfrans iştirakçıları 20 Yanvar şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda canından keçən igidlərin- I və II Qarabağ müharibəsi qurbanlarının xatirəsini ehtiramla yad ediblər.


Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov 31 il öncə baş verən qanlı faciənin mahiyyəti, onu doğuran səbəblər, həmin vaxt ölkədə yaşanan xaos , xalqın apardığı azadlıq mübarizəsi barədə ətraflı söz açıb.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkənin paytaxtı Bakıda baş verən qanlı qətlyamı , onun dəhşətli nəticələrini, yüzlərlə günahsız insanın gülləbəran edildiyini xatırlayan universitet rəsmisi 20 yanvar faciəsini 2020-ci ilin 10 noyabr-Zəfər gününə gedən yolun başlanğıcı kimi dəyərləndirib. Bildirib ki, 20 Yanvar təkcə faciə deyil, həm də Azərbaycan tarixinin qanla yazılmış şərəf, qürur salnaməsi, milli oyanış günüdür. Professor N. İbrahimov Azadlıq uğrunda canından keçən şəhidlərin heç zaman unudulmayacağını, xalqın qan yaddaşında , xatirəsində daima yaşayacağını, həmişə ehtiramla anılacağını deyib.

Universitetin Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi, dosent Asif İmanlı “ 20 Yanvar əsrin ən böyük faciəsi kimi” mövzusunda məruzə edib. Məruzədə faciəni doğuran tarixi şərait, səbəbləri və ibrət dərsləri ətraflı təhlil olunub, 20 Yanvar faciəsinin rus imperiyasının həmin illərdə ittifaq respublikalarında, o cümlədən , Azərbaycanda yürütdüyü şovinist siyasətin acı nəticəsi olduğu vurğulanıb. Bildirilib ki, M.Qorbaçov və onun əlaltılarının bütün cidd-cəhdlərinə, törətdikləri qanlı qətlyama baxmayaraq Azərbaycan xalqı haqq mübarizəsindən nəinki geri çəkildi, əksinə, mübarizəni davam etdirərək, ittifaq halqasından qoparaq müstəqilliyini elan edən ilk respublikalardan oldu.


Konfransda Tarix və onun tədrisi kafedrasının müdiri, dosent Rakif İbadov , I Qarabağ müharibəsinin veteranı, dosent Qədim Rufullayev çıxışlarında həmin vaxt cənub bölgəsində, o cümlədən, Lənkəranda yaşanan hadisələrdən, tarixi durumdan bəhs ediblər. Bildirilib ki, keçmiş ittifaqda ilk dəfə olaraq məhz Lənkəranda Sovet hakimiyyəti dinc yolla xalqın əlinə keçdiyindən rus qoşunları əraziyə yeridilib. Qanlı toqquşmalar zamanı Lənkəran 11 nəfər şəhid verib. Çıxışçılar 2020-ci ilin 27 sentyabrında başlanan, 10 noyabrda qələbəmizlə bitən Vətən müharibəsini 20 Yanvar faciəsinin mübariz məntiqi sonluğu kimi dəyərləndiriblər.Yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə faciənin ibrət dərslərinin tələbələrə bütün açıqlığı ilə, faktlar və sənədlər əsasında çatdırılmasının, təbliğinin əhəmiyyəti xüsusi vurğulanıb.

Məruzədən sonra 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən videofilmə baxış olub.

Qeyd edək ki, 20 Yanvar faciəsinin 31-ci ci ildönümü ilə bağlı LDU-da bu mövzuda yazılmış əsərlərdən , foto-şəkillərdən ibarət kitab-rəsm sərgisi təşkil edilib.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR