x
Loading...

Sosial şəbəkələri tənzimləmək üçün presedent formalaşdı - Müşfiq Ələsgərli yazır

Rusiyada sosial şəbəkələrdə “uyğunsuz məzmunun bloklanması”nı ehtiva edən qanun qüvvəyə minib. Fevralın 1-dən qüvvəyə minən bu qanun, əslində, “İnformasiyanın Mühafizəsi Qanunu”nun yeniləmiş, əlavələr edilmiş versiyasından ibarətdir. Amma məzmununda sosial şəbəkələrin tənzimlənməsinə yönəlik əlavə və dəyişikliklər o qədər əhatəli, çoxçeşidlidir ki, onu sosial şəbəkələrin tənzimlənməsi barədə yeni qanun kimi də təqdim edirlər.

Yeni qanun sosial şəbəkələrin Rusiya seqmenti üçün standartları müəyyən edir, onların fəaliyyət çərçivəsini cızır. Oncəsosial şəbəkələrdə“uyğunsuzməzmun” anlayışına aydınlıq gətirilir. Buraya narkotik maddələrin istehsalını və istifadəsini, uşaq pornoqrafiyasını, intihara çağırışları təşviq edən,cəmiyyətə və dövlətə qarşı hörmətsizlik, üsyana çağırış və sair tipli xəbərləri ehtiva edən statuslar aid edilir.

Paralel olaraq, qanunda sosial şəbəkələrin strukturu müəyyən edilir. Qeyd olunur ki, auditoriyası 500 nəfərdən artıq olan insanı əhatə edən platformlar sosial şəbəkə hesab olunurlar və qanunla tənzimlənən platformalar çevrəsinə daxil edilirlər. Bu standartlara daxil olan sosial şəbəkə platformaları üzərlərindən yayılan məzmuna görə məsuliyyət daşıyırlar. Onlar qanunsuz materialları özləri yığışdırmağa borcludurlar. Resurs rəhbərliyi məzmunun qanunsuzluğundan əmin deyilsə, aydınlaşdırmaq üçün dövlət tərəfindən məsul edilmiş “Rospotrebnadzor”la əlaqə qurmalıdır. Şərtlərə uyğun gəlməyən məzmunun bloklanmasına icazə verilir. Bloklanma ilə razılaşmayan istifadəçilər qərara etiraz üçün departamentə müraciət edə bilərlər.

Şərtləri pozanlar üçün nəzərdə tutulan cəzanın növü təkcə bloklanmaqdan ibarət deyil.

Məlumat vaxtında çıxarılmasa, həm istifadəçilər, həm də şəbəkə resursları ciddi cərimələrlə üzləşə bilərlər. Cərimələrin məbləği fiziki şəxslər üçün 200 min rubla qədər, vəzifəli şəxslər üçün 800 min rubla qədər, hüquqi şəxslər üçün 8 milyona qədərdir. Təkrar pozuntular halında cərimələrin miqdarı artırılır.

Qeyd edək ki, sosial şəbəkələrin tənzimlənməsi üçün dünyanın əksər ölkələrində çoxsaylı təkliflər irəli sürülüb, modellər təqdim edilib. Lakin modern dünya üçün uyğun olacaq vahid model formalaşmayıb. Belə ki, ayrı–ayrı ölkələrdə, xüsusilən, Çin, İran və digərlərində tətbiq edilən modellər sosial şəbəkələrin tənzimlənməsindən daha çox, onların fəaliyyətlərinin məhdudlaşdırılmasına yönəlib ki, bu da mütərəqqi dünya tərəfindən məqbul sayılmayıb. Tənzimləməni demokratik prinsiplər çərçivəsində ehtiva edən təşəbbüslər Almaniyadan gəlib. Amma “alman modelinin” özü də yarımçıq qalıb, sosial şəbəkələr üçün xarakterik olan problemləri tam əhatə etməyib: struktur, yayım çevrəsi, məsuliyyət standartları barədə tam təsəvvür formalaşdırmayıb. Türkiyədə 2020-ci ildə qəbul edilən qanun daha əhatəlidir, həm də mütərəqqidir.Türk modeli sosial şəbəkəlirin məhdudlaşdırılmasına deyil, standartların müəyyənləşdirilməsinə yönəlib. 9 maddədən ibarət olan bu qanunun əsas tələbi budur ki, xaricdən idarə olunan hər hansı sosial şəbəkənin ölkə üzrə istifadəçilərinin sayı 1 milyon nəfərdən artıq insanı əhatə edirsə, Türkiyədə yerli təmsilçisi təyin edilməli, həmin təmsilçi sosial şəbəkələrdəki təhqir, böhtan, narkotik maddələrin təbliği və ya neqativ paylaşımlara görə məsuliyyət daşımalıdır. Əgər təmsilçi müəyyən edilməzsə, 5 mərhələdə cəza tədbirləri tətbiq oluna bilər. Əvvəlcə 10 milyon türk lirəsindən başlayan cərimələr 30 milyona qədər arta bilər, sonda sosial şəbəkənin Türkiyə seqmentinin fəaliyyəti məhdudlaşdırıla bilər. Amma Türkiyə modeli də tam deyil, sosial şəbəkələrlə bağlı bütün məqamları əhatə etmir. Göründüyü kimi, burada sosial şəbəkə admininin məsuliyyəti müəyyən edilsə də, fərdi istifadəçilərin məsuliyətinə az yer verilir, bütün problemlər əhatə edilmir. Rusiyada fevralın birindən qüvvəyə minən qanun bu baxımdan daha əhatəlidir, ən müxtəlif məqamları əhatə edir. Demək olar ki, dünya ölkələrinə sosial şəbəkələrin tənzimlənməsi üçün yeni model təqdim edilib, yeni presedent formalaşırılıb. Ehtimal edilir ki, əksər ölkələr bu modeli nümunə olaraq götürməklə, üzərində təkmilləşdirmələr aparacaq, yeni milli qanunlar qəbul edəcəklər.

Təkmilləşdirmə və tamamlanmaya isə ciddi ehtiyac var. Belə ki, ayrı-ayrı ölkələrdə qəbul edilən qanunlar sosial şəbəkələrin məzmun baxımından tənzimlənməsini ehtiva etsələr də, digər məqamlara aydınlıq gətirilmir. Məsələn, “Keyfiyyətli Jurnalistika Uğrunda Qlobal Platforma” bəyan edir ki, mövcud sosial şəbəkə platformalarının, həmçinin, texnologiya nəhənglərinin, xüsusilə ən məşhur olan GAFAM –ın (Google, Apple, Facebook, Amazon, Microsoft) ayrı-ayrı ölkələrdə əldə etdikləri gəlirlərin üzərinə vergi tətbiq edilməlidir: “Bu şirkətlər dünyada 900 milyard dollar dəyərində gəlir əldə etsələr də, gəlir əldə etdikləri ölkələrin əksəriyyətində vergi ödəmirlər. Bu gəlirlərin üzərinə 6% səviyyəsində vergi verilməsi öhdəliyi qoyulmalı, əldə edilən vəsait peşəkar medianın inkişafına yönəldilməlidir. Əldə ediləcək gəlirin məbləği 54 milyard dollar bərabər ola bilər”.

Digər bir problem isə ABŞ-da qabardıldı. Tvitter, Facebook və instaqram ABŞ-ın keçmiş prezidenti Donald Trampı cəzalandıraraq onun hesablarını dondurdular. Səbəb olaraq, yanvarın 6-da Tramp tərəfdarlarının qiyam etməsini, Konqressə basqın etmələrini göstərsələr də, ortada maraq və qərəzlərinin olduğunu tam gizlədə bilmədilər. Sosial şəbəkə nəhəngləri o qədər imkan əldə ediblər ki, artıq siyasi gündəmə müdaxilə edir, situasiyanı müəyyənləşdirməyə cəhd göstərirlər. Bu təhlükəni öncədən görən Tramp hələ 2020-ci ilin may ayında “Onlayn senzuradan müdafiə haqqında” sərəncam imzalamışdı.

Güman etmək olar ki, yaxın gələcəkdə sosial şəbəkələrlə bağlı bütün məqamları əhatə edən yeni qanunvericilik təşəbbüsləri ortaya çıxacaq, sosial şəbəkələrin tənzimlənməsi dünyanın trend mövzusuna çevriləcək.

Müşfiq Ələsgərli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR