x
Loading...
.

Niyə orta məktəblərdə hüquq dərsləri keçirilmir? - Ekspertlərdən AÇIQLAMA

.

Son illər Azərbaycanda vətəndaşların hüquqi biliklərinin artırılması istiqamətində davamlı layihələr həyata keçirilməkdədir. Amma bu tədbirlərin respublikanın bütün bölgələrini əhatə etməsinə baxmayaraq, əhalinin hüquqi savadı istənilən səviyyədə deyil.

Ekspertlər isə hesab edirlər ki, vətəndaşların hüquqi savadının artırılması üçün ilk növbədə ümumtəhsil müəssisələrində bu sahənin tədrisi genişləndirilməlidir.

Bu barədə Metbuat.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirdi ki, ümumtəhsil məktəblərində hüquq dərslərinin keçirilməsi cəmiyyətdə baş verən hüquq pozuntularının aradan qaldırılmasına təsir etməyəcək.

“Orta məktəblərdə hüquq fənninin tədrisindən öncə “İnsan və cəmiyyət”, “Konstitutsiyanın əsasları” fənni tədris olunub. Əsas məsələ təhsilin məzmununa baxışın dəyişməsidir. Hal-hazırda ümumtəhsil məktəblərinin 5-9-cu siniflərində “Həyat bilgisi’’ fənni tədris olunur.

Ola bilər ki, 9-cu sinif şagirdləri üçün həmin fənnə hüquq və vəzifələrilə bağlı daha çox mövzular daxil edilsin.

Ümumiyyətlə orta məktəblərdə tədris olunacaq fənnlərin sayını azaltmaq lazımdır. Əlavə dərslərn tədrisi nəticədə şagirdlərin yorulmasına gətirib çıxarır. Amma müəyyən istiqamətlər üzrə ayrı-ayrı fənnləri birləşdirmək olar.

Burada əsas məsələsə fənni tədris edəcək şəxslərin o fənni uşaqlara hansı keyfiyyətdə başa sala bilməsidir. Bu sahədə kitablar nəşr ediləcək, dərs saatları ayrılacaq,amma tədrisin hansı keyfiyyətdə aparılması artıq müzakirə mövzusudur” .

Məsələyə münasibət bildirən ekspert Elnur Fərzəliyev Metbuat.az-a müsahibəsində bildirdi ki, təəssüf ki,insanlarımızın savadlı və elmli olmasına baxmayaraq əksər hallarda müxtəlif sahələr üzrə onların hüquqlarının pozulması halları ilə üzləşirlər. Adətən belə hallarla üzləşən şəxslərə“Hər kəs öz hüququnu bilməlidir”məsləhəti verilir. Çünki istənilən vətəndaşın, hətta hər bir orta məktəb şagirdinin də öz hüquqlarını bilməsi vacibdir.

“Ölkəmizdə 11 illik orta təhsil dövründə bütün sahələr üzrə elmlər öyrədilsə də, hüquqsahəsi tədris olunmur.Artıq uzun illərdir ki, Azərbaycan öz müstəqilliyini qazanaraq demokrat ölkə statusu alıb.İqtisadiyyatımız, ordumuz və digər sahələr bu müstəqillik dövründə yetəri qədər formalaşaraq inkişaf edib. Bu inkişafın əsas fonunda dayanan öz hüquqlarını bilən,formalaşmış insan amilidir. Təəssüf ki, ölkəmizdə hüquqlarını tam bilən insan mütləq şəkildə ya hüquqşünas, ya dabu sahənin həvəskarı olur. Yaxşı olardı ki, aşağı siniflərdən başlayaraq 11-ci sinifə qədər bütün orta təhsil müəssisələrində hüquq dərsləri tədris olunsun”.

Ekspert deyir ki,orta məktəblərdə uşaq hüquqlarından tutmuş konstitusiya və qanunvericiliyimizə qədər şagirdlərə əlavə dərs saatları ayrılaraq keçirilməlidir. Bu günə qədər baş vermiş minlərlə cinayət hadisələri, hüquq pozuntuları, korrupsiya və cinayətkarlığa sövq edən və digər xoşagəlməz hadisələr sırf vətəndaşların öz hüquqlarını yetərincə bilməməsindən yaranır.

“Əgər bir vətəndaş törədəcəyi işin cinayət halı olduğunu bilərsə və bu fonda onu hansı cəzanın gözlədiyini anlayarsa,cinayət tərkibli hər hansısa addımı atmaqdan uzaqlaşar. Bu gün orta məktəbi bitirən bir şagird bioloq olmaq qərarına gəlibsə,ona 11 il cəbr, həndəsə və sair dərslər vacib dərs kimi keçirilir. Halbuki tədris olunan digərfənnlər bir ömür boyu ona heç lazım olmaya bilər. Hər bir vətəndaşın bir ömür boyu öz hüquqlarını bilməsi isə vacibdir”.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Metbuat.az-a bildirdi ki, orta məktəblərdə “Konstitutsiyanın əsasları” fənninin tədrisi dayandırıldıqdan sonra kurikulum əsasında “Həyat bilgisi’’ fənninin keçirilməsinə başlandı. Məhz bu fənn daxilində şagirdlərə sağlamlıq, təhsil, yaşamaq hüququilə bağlı müəyyən məkumatlar verilir. Amma biz təkcə bu fənnin orta məktəblərdə tədrisi ilə kifayətlənməli deyilik.

“Hazırda 9-11-ci siniflərdə şagirdlərə “Konstitutsiyanın əsasları” fənninin tədrisi vacibdir. Bu şagirdlərin haqqıdır. Onlar öz huqularının nədən ibarət olduğunu bilməlidirlər. Düşünmürəm ki, hansısa şagird dərsdən kənar vaxtlarda konstitutsiyanı varaqlayıb hüquq və azadlıqlarının hansılar olduğu ilə maraqlansın.

Təkcə ali məktəblərə hazırlaşıb hümanitar sahəni seçən şagirdlər deyil bu fənni ümumtəhsil sferasında bütün şagirdlər mənimsəyib hüquq və azadlıqlarından xəbərdar olmalıdırlar”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR