x
Loading...

Şagirdlərin virusa yoluxması məktəblərin bağlanmasına SƏBƏB OLACAQ? - AÇIQLAMA

.

Məktəblərdə ibtidai siniflərdə dərslərinin bərpa edilməsi valideynləri sevindirsə də, narahatlığa da səbəb oldu.Son günlər ölkədə növbəti koronavirus dalğasında uşaqların kütləvi şəkildə yoluxacağı ilə bağlı şayiələrin yaranması valideynləri hazırda ciddi narahat edir.

Maraqlandıran suallardan biri də yoluxma halları ilə əlaqədar məktəblərin yenidən bağlanması ilə bağlıdır.

Mövzu ilə əlaqədar Kamran Əsədov Metbuat.az-a fikirlərini bildirib:

“Fevralın 1-də tədris qismən bərpa olundu və 1-4-cü siniflər qismən məktəblərə qayıdıb. Artıq 3 gündür dərslər ənənəvi qaydada başlayıb və 1 fevralda dərsə gedən şagirdlər bu gün 2-ci dəfə məktəbə gedəcək.

640 minə yaxın şagirdin bu müddətdə dərslərə gəlməsi mümkündür, amma mövcud vəziyyət bəzi valideynləri övladının hələ də məktəbə getməməsi qərarını qəbul etməyə məcbur edir.

Bir vacib məsələni də qeyd edim ki, 2020-ci ilin 15 sentyabr tarixində olan bərpa ilə 1 fevral 2021-ci ilin bərpası arasında fərqlər var. Ən ciddi fərq bu dəfə dərsə əyani qoşulan şagirdlərin azlıq təşkil etməsidir.

Təhsil Nazirliyi dərslərin bərpa olunduğu bütün məktəblərdə çox ciddi dezinfeksiya işləri görüb. Ən əsası, hər bir məktəbin girişində şagirdlərin temperaturu ciddi şəkildə yoxlanır. Hər hansı bir əlamət, istilik müşahidə olunan şagird məktəbə buraxılmır və valideynləri dəvət edilərək təcili yardıma yönəldilir.

Təhsil Nazirliyi digər dövlət orqanlarından fərqli olaraq, hər gün məktəblərdə apardığı yoxlamalarla bağlı mütəmadi məlumat verir. Yəni nə qədər şagirddə istilik olub, nə qədər müəllim və ya texniki işçinin məktəbə buraxılması məhdudlaşdırılıb.

Bu çox yaxşı haldır. Bu o deməkdir ki, bu qədər potensial yoluxmuş şəxs marketdə, ictimai nəqliyyatda bizimlə birgə hərəkət edir. Amma Təhsil Nazirliyi o şəxsləri müəyyən edir və onlar cəmiyyətdən izolyasiya olunur".

Təhsil eksperti qeyd etdi ki, son günlər qeydə alınan yoluxma halları məktəbdə baş verməyib: “Dediyim kimi, məktəb cəmi 3 gündür başlayıb və 1 fevralda məktəbə gələn şagird ilk dəfə məktəbə ayaq qoyur.

Belə hallar olacaq və bundan narahat olmaq lazım deyil. Yəni şagirdlərin məktəbdə yoluxması böyük ehtimalla baş vermir və verməyəcək. Onlar məktəbə gələnə qədər evdə, küçədə, ictimai nəqliyyatda yoluxa bilərlər, amma Təhsil Nazirliyinin məktəbdə apardığı ciddi yoxlama və nəzarət sistemi onların məktəbə daxil olmasına imkan vermir. Ona görə də təhsil müəssisələrinin açılması təhlükəli deyil. Sadəcə olaraq, metro da açılmalıdır ki, yoluxan az olsun".

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə yeni musavata açıqlamasında bildirib ki, məktəblərin bağlanması və ya açılması ilə bağlı qərarı nazirlik deyil, Operativ Qərargah verir: “Bu bizim səlahiyyətimizdə olan məsələ deyil”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR