x
Loading...

Növbəti 4 il ərzində Avropanı gözləyən PRİORİTETLƏR - ŞƏRH

.

''Növbəti 4 il üçün Avropanın siyasi və iqtisadi prioritetləri 2021-ci ildə müəyyənləşəcək. Bu illər ərzində gözümüz önündə tədricən və radikal olaraq dəyişən Avropa görəcəyik''.

İqtisadçı ekspert Elman Sadıqov Metbuat.az-a bu açıqlamanın səbəbləri izah etdi:


''Burada birinci əsas səbəb odur ki, Almaniya kansleri Angela Merkel 2021-ci ilin sentyabr ayında baş tutacaq seçkilərdə iştirak etməyəcəyini və siyasətdən gedəcəyini hələ 2 il öncə bəyan etmişdir. Almaniya baş naziri olmağa namizəd sayılan 3 siyasətçinin hər biri kəskin anti-Rusiya mövqeyi ilə Merkeldən fərqlənir.

Qeyd edim ki, Merkel Rusiya, İran və Suriyaya münasibətdə daha yumşaq siyasət yürütdü.

İkinci səbəb isə odur ki, Avropanın Merkeldən sonra yaranacaq boşluğu doldurmaq üçün praqmatik, nüfuzlu, hamı tərəfindən qəbul olunan və savadlı bir siyasətçiyə ehtiyacı var. Zənnimcə Azərbaycanın da ən böyük ticarət, həm də strateji tərəfdaşı olan İtaliya atmaq istədiyi addımla bu sahədə böyük bir nailiyyət əldə etmək, Avropada önə çıxmaq istəyir. Əlbəttə, Avropa Birliyində Almaniyanı əvəzləmək və onun önünə keçmək iddiasında ola bilməz.

Amma, ən azı mühüm söz sahibi və nüfuzu daha da yüksələn bir ölkə olacağı görünməkdədir".

Bəs İtaliya hansı addımı atmaq istəyir?

"Avronun xilaskarı, monetar siyasətin ustadı, təkcə Avropanın deyil, dünyanın demək olar ki, bütün aparıcı ölkələrin liderləri, Mərkəz Banklarının sədrləri, akademik iqtisadçıları arasında nüfuz sahibi olan, Avropa Mərkəz Bankının keçmiş sədri, "Super Mario" ləqəbli Mario Draghi`yə İtaliyada hökumət qurmaq və baş nazir olmaq təklifi və onun bu təklifi qəbul etməsidir.


Burada əlbəttə əsas səbəblərdən biri bundan ibarətdir ki, İtaliyanın iqtisadçı baş nazirə ehtiyacı vardır və İtaliyanı həm getdickə artan büdcə kəsiri, həm də iqtisadi çətinliklərdən qorumaq lazımdır. Onun nüfuzu Avropada İtaliyaya həm büdcə kəsirində güzəşt, həm də iqtisadi əlaqələrlə bağlı dividendlər əldə etmək imkanlarını artıracaqdır. İtaliyanın özünün də mövcud iqtisadi çətinliklərini və növbəti illərdə gözlənilən təlatümləri dəf etməkdə özünü isbatlamış və ideal namizədlərdən olan Mario Draghi amili həlledici olacaq.

Düşünürəm ki, baş nazir kimi senatda təsdiqlənmə şansı çoxdur''.

Elman Sadıov bildirdi ki, nəticə etibarilə, əvvəla, İtaliyada baş vermə ehtimalı yüksək olan bu dəyişikliyin ölkəmizə təsirləri əlbəttə olacaqdır. Digər tərəfdən, bütün ölkələr qarşıdakı illərdə baş verəcək dəyişikliklərə ciddi hazırlıq (bir çox ölkələrdə bu proseslər çox ciddi, amma pərdə arxasında gedir) mərhələsinə qədəm qoymaqdadır. Üçüncüsü, dünyada baş verən dəyişikliklərin ciddi, geniş və dərin təhlili hər bir ölkə üçün öz yerini və mövqeyini tutmaq üçün çox önəmlidir, həlledicidir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR