ƏHALİNİN DİQQƏTİNƏ! Bu dərmanların reseptsiz istifadəsi

Azərbaycanda televiziya kanallarında ən çox yol verilən nöqsanlardan biri də dərman vasitələrinin reklamı ilə bağlıdır.

Metbuat.az xəbər verir ki, Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə yaydığı hesabata qeyd olunur ki, il ərzində Azərbaycanda ümumrespublika televiziya və radio kanalları tərəfindən teleradio yayımı haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması hallarına yol verilib və bu pozuntulardan biri də dərman vasitələrinin reklamı ilə bağlıdır. Hesabatda bildirilir ki, həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamı zamanı "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinin (Dərman vasitələrinin reklamı) tələbləri nəzərə alınmalıdır.

Belə ki, həmin maddəyə əsasən, Azərbaycan Respublikasında yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər.

Məsələ ilə bağlı trend-ə açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, ixtisasca həkim olan Musa Quliyev bildirib ki, ümumiyyətlə dərman vasitələrinin reklam edilməsinin tərəfdarı deyil.

O qeyd edib ki, dərmanların reklamı "Dərman vasitələri haqqında" qanunda öz əksini tapıb:

"Həmin qanun qəbul edilməmişdən öncə dərmanların reklamı tamamilə qadağan olunmuşdu. Sonradan müvafiq icra hakimiyyəti orqanının tövsiyəsi ilə Milli Məclisə qanun layihəsi gəldi. Həmin qanun layihəsində reseptsiz satılan dərmanların reklamına icazə verilirdi. Ancaq biz orada düzəliş etdik ki, reklam forması Səhiyyə Nazirliyi ilə razılaşdırılmalıdır.

Dünyanın bir sıra ölkələrində bu təcrübə mövcuddur, reseptsiz satılan dərmanların reklamına icazə verilir. Amma mən nə dərman vasitələrinin, nə də bioloji aktiv qida əlavələrinin reklamının tərəfdarıyam. Çünki dərman müalicə vasitəsidir. Yalnız həkim bilir ki, hansı dərman hansı xəstəyə kömək edər, hansı dərman hansı dərmanla işlənsə yaxşı təsiri olar. Elə dərman olar ki, müəyyən insanlarda allergiyaya səbəb ola bilər. Amma buna baxmayaraq, bir sıra ölkələrdə reseptsiz satılan dərmanların reklamına icazə verilir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR