Pandemiya dövründə onlayn alış-verişə MARAQ -

Koronavirus pandemiyası dünyada rəqəmsallaşmanı xeyli stimullaşdırdı. Pandemiya dövründə Azərbaycanda daxili onlayn ticarət də bir qədər inkişaf etdi.

Virusun yayılma tempini azaltmaq məqsədi ilə tətbiq edilən karantin rejimi bir çox alış-veriş mərkəzlərinin, geyim və digər mağazaların bağlanmasına səbəb oldu. Məhz bu səbəbdən insanlar şəxsi ehtiyaclarını qarşılamaq məqsədi ilə onlayn məhsul sifarişinə üstünlük verməyə başladılar.

Bəs Azərbaycanda pandemiya dövründə onlayn alış-verişə nə qədər insan maraq göstərib?

Metbuat.az xəbər verir ki, aparılmış sorğu nəticəsində bəlli olub ki, son 6 ay ərzində paytaxtın 38 faiz insan onlayn alış-verişə üstünlük verib.

1500 sorğu iştirakçısından 576 nəfəri aktiv onlayn alış-verişin istifadəçisidir. Amma pandemiyanın pik həddi olan son üç ay ərzində onlayn alış-veriş edən alıcıların il ərzində 20 sifariş həddi 8-ə qədər geriləyib.


12 ay ərzində 69 faiz insan geyimi onlayn sifariş etmək marağında olsa da ilin sonunda - son 3 ay ərzində bu bir qədər azalaraq 52 faizə düşüb.

Bu müddət ərzində çatdırılma xərcləri də daxil olmaqla geyim sifarişlərinin ortalama məbləği 180 manat olub. Onlayn sifariş ilə kiçik məişət və elektronik alətlərinə olan tələbat 24 faiz olsa da pandemiya səbəbindən son 3 ay ərzində bu rəqəm 17 faizdə dayanıb. Qeyd edək ki, bu kimi sifarişlərin məbləği isə 450 manat həddində olub.




Dəriyə qulluq və kosmetik vasitələrin sifarişi 2020-ci ilin 12 ay ərzində 23 faiz olsa da ötən 3 ay ərzində bu sifarişlər də bir qədər azalaraq 18 faizdə qərarlaşıb.

Bu müddət ərzində alıcıların bu kimi vasitələrə xərclədiyi məbləğ minimum 200 manat dəyərində olub.

Onlayn alış-verişə maraq göstərənlərdən daha çox ənənəvi üsulla şəxsi lazımı vasitələri mağazadan birbaşa almağa maraq göstərənlərin 56 faizi düşünür ki, bu üsul daha təhlükəsizdir.

Sorğu nəticəsində bəlli olub ki, 19 faiz alıcı onlayn alış-verişə şübhə ilə yanaşır.



Statistikaya əsasən paytaxt əhalisinin 21 faizi düşünür ki, internetdə mağazalardan geyim almaq barədə kifayət qədər məlumata malik deyil.

Seçdiyimiz hər hansı bir məhsulu sifariş verib ödəniş prosesinə çatdıqda plastik kartların xidmətindən istifadə edirik. Araşdırma zamanı məlum olub ki, insanların onlayn-alış verişdən uzaq qalmasının digər bir səbəbi də plastik pul kartlarının olmamasıdır. Məhz 19 faiz alıcı bu səbəbdən onlayn deyil, ənənəvi üsulla alış-veriş etmək variantını seçir.

Qeyd edək ki, məqalədə istifadə olunan iqtisadi göstəricilər Metbuat.az-ın "ERA" Marketinq Mərkəzindən aldığı məlumatlara əsaslanır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR