x
Loading...
.

Yad kişi ilə intim əlaqədə olan ərli qadının şok etirafı: "Pul da istədi..."

.

Azərbaycanda qadını şantajla pul tələb etməkdə ittiham olunan 1993-cü il təvəllüdlü Emin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Metbuat.az xəbər verir ki, Emin Quliyev Səbinə Səmədovanın (ad və soyad şərti verilib - red.) onunla intim əlaqədə olması barədə ərinə, anasına və atasına məlumat verəcəyi, həmçinin telefonunda olan intim fotoşəkillərini internet sosial şəbəkəsində yerləşdirib, rüsvayedici məlumatlar yayacağı ilə hədələyib.

Emin Quliyev 2019-cu ilin avqust ayında Səbinə Səmədovadan Quba rayonu, Vladimirovka kəndində 585 əyarlı 5 qram çəkidə 350 manat dəyərində qızıl üzüyünü alıb. 9 oktyabr 2019-cu il tarixdə saat 8 radələrində isə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində ondan 1000 manat tələb edib.

"Ayrılmaq istəmədiyini deyərək ağlamağa başladı"

Səbinə Məmmədova Emin Quliyevin son tələbi ilə razılaşmayıb. Emin Quliyev zor tətbiq edərək əlindəki siqareti Səbinə Səmədovanın üzünə basıb.

İstintaq oranı tərəfindən Emin Quliyev barəsində Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emin Quliyev özünü təqsirli bilməyib. O, qeyd edib ki, Səbinə ilə 2018-ci ilin oktyabr ayında Quba şəhərində tanış olublar: "Tanış olduqdan sonra yaxın münasibətlərimiz yarandı. Ona mobil telefon nömrəmi verdim. Biz telefonla danışmağa başladıq.

Səbinənin Quba rayonu Vladimirovka kəndində yaşadığını öyrəndim. Təzə tanışlıq vaxtlarda ondan subay, ya evli olduğunu soruşdum. Səbinə mənə subay olduğunu dedi.

Sonra Səbinənin evli və iki uşağı olmasını öyrəndim. Bu səbəbdən ondan ayrılmaq istədim. Lakin Səbinə ayrılmaq istəmədiyini deyərək ağlamağa başladı. Dedi ki, mənə olan olub, sən də məni atma. Bu sözlərdən sonra ayrılmaq fikrindən daşındım".

"Səbinəni axtarmağa başladım"

Emin Quliyevin sözlərinə görə, Səbinə bir müddət sonra ona xəstə olduğunu deyib: "Məndən müalicəyə ehtiyac olduğu üçün pul istədi. 2018-ci ilin noyabr ayından hissə-hissə olmaqla ona 800 manat verdim. Səbinə də həmin məbləği mənə qaytara bilmədiyi üçün borcunun əvəzində qızıl üzük verdi. Qızıl üzüyü 193 manata satdım.

Daha sonra məndən əlavə olaraq 400 manat da aldı. Səbinənin nömrəsinə dəfələrlə zəng etdim, lakin cavab ala bilmədim. Öyrəndim ki, o, ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. Bakıya gedərək Səbinəni axtarmağa başladım. Həyat yoldaşına zəng etdim, kirayə ev tapmaq haqqında danışdım. Səbinənin ərindən öyrəndim ki, onlar Qaraçuxur qəsəbəsi ərazisində yaşayırlar".

"Bildim ki, zəng edən şəxs Səbinədir"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Səbinənin uşaqlarının məktəbdə oxuduğunu bildiyi üçün 10 oktyabr 2019-cu il tarixdə, saat 07.30-da Qaraçuxur qəsəbəsi ərazisində 146 nömrəli tam orta məktəbə gedib: "Orada gözləyərkən Səbinənin uşaqları məktəbə gətirdiyini gördüm. Uşaqları məktəbə qoyaraq qayıdarkən, ona yaxınlaşdım, verdiyim 1000 manat borc pulu istədim.

Səbinə ilə söhbət etdik, sonra evə getdi. Həmin günü saat 11 radələrində telefonuma zəng gəldi. Telefona cavab verəndə bildim ki, zəng edən şəxs Səbinədir. Tanışından 300 manat aldığını, onu mənə verəcəyini, 700 manat pulu isə on günə qaytaracağını dedi".

"Polisə verəcəyimi dedim"

Emin Quliyev qeyd edib ki, bundan sonra Səbinə ilə "Neftçilər" metrostansiyası yaxınlığında görüşməyi qərarlaşdırıb:

"Həmin gün "Neftçilər" stansiyası yaxınlığına gəldim. Ora çatanda bir qədər aralıdan Səbinəni və yanında 4-5 nəfər şəxs olduğunu gördüm. Səbinənin həmin şəxsləri məni döydürmək üçün gətirdiyini fikirləşdim. Oradan uzaqlaşdım. Yolla gələrkən Səbinəyə zəng etdim, onu polisə verəcəyimi və haqqımı tələb edəcəyimi dedim".

Emin Quliyevin sözlərinə görə, 11 oktyabr 2019-cu il tarixdə saat 9 radələrində Səbinəyə zəng edib: "Səbinə ilə aramızda baş verənlərdən danışdım, saat 11 radələrinə pulumu çatdırmasını istədim. O da razılaşdı. Saat 11 radələrində yenidən ona zəng etdim, "Neftçilər" stansiyası yaxınlığında olduğunu söylədi.

Həmin günü saat 14 radələrində "Neftçilər" stansiyası yaxınlığına gəldim. 3-4 nəfər şəxs yaxınlaşaraq məni tutdular. Kim olduqlarını soruşdum, "polis əməkdaşlarıyıq" deyə cavab verdilər. Onlarla birlikdə Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinə gəldim".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səbinə Səmədova bildirib ki, Qubanın Vladimirovka kəndində qeydiyyatda olsa da, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşayır: "Ailəliyəm, iki övladım var. Ailə həyatı qurduqdan sonra Bakı şəhərində yaşamışam. Quba rayonuna isə gedib-gəlirəm. Həyat yoldaşımla aramızda narazılıqlar yarandı. Mən Quba rayonuna öz atamın evinə getdim".

"Nömrəmi silməsini xahiş etdim"

Səbinə Səmədovanın sözlərinə görə, 2018-ci ilin sonlarında Emin Quliyevlə tanış olub: "Vladimirovka kəndində yolla gedərkən tanımadığım bir nəfər yaxınlaşaraq məndən xoşu gəldiyini, tanış olmaq istədiyini dedi. Özünü Emil kimi təqdim etdi. Yolla gələrkən bir qədər söhbət etdik. Ona evli və iki uşağımın olduğunu dedim. Emil mənə subay olduğunu və məndən xoşunun gəldiyini söylədi. Ona ancaq telefonla danışmaq istədiyimi dedim. Telefon nömrəsini Emilə verdim, telefonla danışmağa başladıq.

Bir neçə gün danışdıqdan sonra həyat yoldaşımla barışacağımı fikirləşdim. Bu səbəbdən Emilə zəng edərək artıq danışmaq istəmədiyimi bildirdim, daha zəng etməməsini və nömrəmi silməsini xahiş etdim".

"Mənimlə cinsi əlaqədə olmasını istədi"

Səbinə Səmədova bildirib ki, Emil ona onun başına oyun açacağını, ondan ayrıla bilməyəcini deyib: "Emil mənə özü istəməsə, ayrıla bilməyəcəyimi, hamıya mənimlə danışdığını yayacağını söylədi, mənimlə cinsi əlaqədə olmağı tələb etdi. Mənə hədə-qorxu gələrək şantaj elədi.

Qorxdum ki, Emil mənimlə danışıqlarımı telefonuna yazır. Onun istədiklərini edəcəyimə söz verdim, sonra məni narahat etməməsini xahiş etdim. Həmin gün Emillə görüşdüm, cinsi əlaqədə oldum".

"Rüsvay olacağımı düşündüm"

Səbinə Səmədovanın sözlərinə görə, 2019-cu ilin avqust ayında Emil ona zəng edib: "O, yaşadığım məhəlləyə gəldiyini, üzüyümü barmağımdan çıxararaq ona verməyimi istədi. Verməsəm aramızda olanları atama, anama, həyat yoldaşıma deyəcəyini söylədi. İntim münasibətimizi sosial şəbəkədə yayacağını, hər şeyi evimin şüşəsinə, qapılarıma yazacağı ilə qorxutdu.

Bu sözlərdən sonra rüsvay olacağımı düşündüm, onunla görüşməyə razılıq verdim. Həmin gün Emillə küçədə görüşdük. Ona artıq hədə-qorxu gəlməməyi və hərəkətlərindən əl çəkməyi təklif etdim. Məndən üzüyü istədi, mən də barmağımdakı üzüyü ona verdim. Sonra zəng edərək üzüyü 190 manata satdığını bildirdi. Emil mənə üzüyün pulunu nə vaxtsa qaytaracağını dedi".

"Emillə əlaqə saxlamadım"

Səbinə Səmədova qeyd edib ki, həyat yoldaşı Quba rayonuna gəlib və münasibətləri düzəlib: "Həyat yoldaşımla barışdığım üçün Bakı şəhərinə qayıtdım. Bakı şəhərinə gələrkən telefon nömrəmi dəyişdim.

Emil mənim yerimi tapmaq məqsədilə yoldaşıma zəng edib, kirayə ev axtardığını deyib. Yoldaşım isə burada kirayə evlərin çox olduğunu bildirib. Oğlum Qaraçuxur qəsəbəsi ərazisində olan 146 nömrəli məktəbdə oxuyur. Bakı şəhərinə gəldikdən sonra Emillə əlaqə saxlamadım".

"Polisə gəldik"

Zərərçəkmiş qeyd edib ki, 9 oktyabr 2019-cu il tarixdə saat 07.30-da yaşadığı evdən oğlu ilə birlikdə çıxıb, onu məktəbə aparıb: "Oğlumu məktəbə qoyaraq yaşadığım evə qayıtmaq istədiyim vaxt Emillə rastlaşdım. Emil mənə təcili 1000 manat pul verməyimi, yoxsa aramızda olanları həyat yoldaşıma deyəcəyini, məni biabır edəcəyini söylədi, yaşadığım evi ona göstərməyimi istədi. Emilə yaşadığım evi göstərmədim. O, əlində olan siqareti sifətimə basaraq söndürdü.

Həmin gün qorxduğum üçün həyat yoldaşıma bu barədə bildirdim. Yoldaşımla Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinə gəldik. Polis bölməsinə bu barədə ərizə ilə müraciət etdim və izahatımı aldılar".

"Emili tutaraq polis bölməsinə apardılar"

Səbinə Səmədova qeyd edib ki, bundan sonra həmin günü polis əməkdaşlarının telefonu ilə Emilə zəng edib: "Emilə 1000 manat puldan 300 manatını tanışımdan tapdığımı, görüşərək verəcəyimi bildirdim. Emil də mənimlə razılaşdı. Həmin gün polis əməkdaşları ilə görüş yerinə getdik. Polislər onu tutaraq bölməyə apardılar".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baxılıb.

Emil Quliyev 7 il müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin 1000 manat miqdarında cərimə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR