Qəsd

Qəsd
14:05 18 Yanvar 2015
139 Dünya
Ölkə mətbuatı
A- A+

Parisdə "Charlie Hebdo" satirik jurnalının əməkdaşlarına qarşı həyata keçirilən qətliam, şübhəsiz, qorxulu, lakin heç də gözlənilməz hadisə deyil. İndiyədək fərqli miqyasda olsa da, bənzər hadisələr yaşanıb. Ən azı, 2005-ci ildə Danimarkanın mühafizəkar "Jyllands-Posten" qəzetinin Məhəmməd Peyğəmbərin karikaturasını dərc etməsi ilə bağlı yaşananları yada salmaq olar. Lakin bu dəfə fransız satira ustaları daha miqyaslı və yaxşı planlaşdırılmış cavab alıblar. Yanvarın 7-də avtomatla silahlanmış naməlum şəxslər "Charlie Hebdo" jurnalının ofisinə hücum ediblər və nəticədə, 12 nəfər həlak olub, 20-dən çox insan yaralanıb. Hücum jurnalda islamla bağlı yer almış karikaturalarla əlaqələndirilir - qatillər "Allahu-Əkbər!", "Peyğəmbərin qisasını aldıq!" kimi şüarlar səsləndirirmişlər.

Onlar qətliamın ardından oğurladıqları avtomobillə aradan çıxıblar. Bir müddət sonra isə cinayəti törətmiş şəxslərin adları açıqlanıb - ərəbəsilli Fransa vətəndaşı olan Şərif və Səid Kuşai qardaşları və Həmid Murad. "Euronews" xəbər verir ki, terror aktı nəticəsində jurnalın bütün rəhbərliyi və əsasını qoyanlar qətlə yetiriliblər. Onların arasında Fransada məşhur karikaturaçılar olan Stefan Şarbonye, Jan Kabyu, Jorj Volinski, həmçinin redaksiyanın mühafizəsini həyata keçirən 2 polis əməkdaşı da var.

"Charlie Hebdo" jurnalı dünyanın ən aktual hadisələrinə reaksiya verməyi özünə borc bilir. O, indiyədək dəfələrlə Məhəmməd Peyğəmbərin karikaturasını dərc edib. 2006-cı ildə jurnal bu addımı "Jyllands-Posten" ilə həmrəylik əlaməti olaraq, 2012-ci ildə isə "Müsəlmanların sadəlövhlüyü" filmi ilə əlaqədar baş qaldırmış iğtişaşların fonunda atıb. Jurnalın son nömrəsində fransız yazıçısı Mişel Uelbekin yeni "İtaət" romanı haqqında məqalə də dərc edilib. Orada Avropanın islamlaşmasından söhbət gedir. Bundan başqa, "Charlie Hebdo" İŞİD terror təşkilatının liderlərindən olan Əbu Bəkr əl-Bağdadini də məsxərəyə qoyub. Doğrudur, baş vermiş terrora görə radikal "İslam dövləti" qruplaşması məsuliyyəti üzərinə götürməyib, lakin o, bu terrorun islamçıların Qərbi Avropa "əhl-səlim"lərlə mübarizəsində ilk addım olduğunu bəyan edib.
 
Jurnalistlərə qarşı həyata keçirilmiş terroru əksər ölkələrin, o cümlədən müsəlman dövlətlərinin siyasətçiləri, ictimai xadimlər, müxtəlif konfessiyalara mənsub din xadimləri, regional və beynəlxalq strukturların təmsilçiləri pisləyiblər. Bütün bəyanatlarda qeyd olunur ki, qətlə heç bir bəhanə ilə haqq qazandırıla bilməz, terrorçuluğun dinlə əlaqəli olması mümkünsüzdür, zorakılıq və radikallıq "islamın əsl düşmənidir".
Avropa liderləri "Charlie Hebdo" jurnalının redaksiyasına hücumu Avropa dəyərlərinə, demokratik dəyərlərə hücum kimi qiymətləndiriblər. Bu, xüsusilə Avropa Şurasının hadisə ilə bağlı bəyanatında qeyd olunur. Fransanın sabiq prezidenti Nikola Sarkozi baş verənləri sivil dünyaya müharibə elan olunmasına bərabər tutub, hazırkı dövlət başçısı Fransua Olland isə vətəndaşlarını birliyə çağırıb. "Heç bir varvar hücumu mətbuat azadlığını boğa bilməz. Biz baş verənlərə reaksiya göstərmək iqtidarında olan vahid bir dövlətik", - deyə Olland qeyd edib.
 
Həqiqətən də, söz azadlığı Qərb sivilizasiyasının ən vacib nailiyyətlərindən, ən lazımlı liberal dəyərlərindəndir. Çünki bir çox digər hüquq və azadlıqların mövcudluğu, həmçinin demokratik dövlət quruculuğu onunla əlaqələndirilir. Amma müasir Qərbin, daha dəqiqi, Avropa cəmiyyətinin daha bir müqəddəs cəhəti multikulturalizmdir. Yəni, Avropa yalnız birləşmək qərarı verməyib (əslində, Edinburqdan olan şotlandlarla Salonikdən olan yunanlar arasında hələ də ümumi cəhətlər çox azdır), həm də Aİ-də əvvəlkitək fəal şəkildə yurd salan miqrantları həzm edə biləcəyi qərarına gəlib. "Gəlmələr"in əksəriyyəti Avropaya onun müstəmləkəçi keçmişindən mirasdır. İndi isə Avropanın sahillərinə "ərəb baharı"nın yaşandığı Şimali Afrika və Yaxın Şərqdən olan qaçqınlar "hücum çəkiblər".

Məsələ ondadır ki, Aİ-nin həqiqətən də yeni qana və işçi qüvvəsinə ehtiyacı var. Problem ondadır ki, miqrantlar assimilyasiyaya uğramır, heç cür ortastatistik almana və ya fransıza çevrilmir, əksinə, ayrı cəmiyyət kimi yaşayırlar. Məsələn, Fransanın bütün nəhəng şəhərlərində miqrant rayonları var və bu rayonlara son dərəcə ciddi zərurət olmadığı halda, polis əməkdaşları belə girmirlər. Yəni, ideal liberal formul olan "hər kəs bərabər və eyni şəkildə tolerantdır" fikri Avropada nəyə görəsə "işləmir".
 
Multikulturalizmin əsas götürüldüyü cəmiyyətlərdə söz azadlığı hüququnun sərhədləri məsələsi daim mübahisə mövzusudur. Çünki bir şey hələ də aydın deyil: əgər kimin üçünsə dini hissləri fikirlərini sərbəst ifadə etmək imkanından az önəm daşımırsa, bu halda necə olmalıdır? Burada söhbət heç də hansısa konkret dindən getmir. Çünki məsələn, "Charlie Hebdo" jurnalının karikaturaçıları səhifələrində yalnız Məhəmməd Peyğəmbərin deyil, İsa Məsihin də satirik fotolarını yerləşdiriblər. Bundan başqa, "Pussy Riots" qrupunun ən əhəmiyyətli pravoslav məbədlərindən birinin qarşısında göstərdikləri performans da Avropada çoxları tərəfindən söz azadlığı kimi qiymətləndirilib. Beləliklə, dəqiq meyarlar yoxdursa, söz azadlığı və ifadə azadlığını müxtəlif cür şərh etmək olar. Bəlkə də müəyyən rakursdan terror qurbanlarının belə, karikaturasını çəkmək olar. Yoxsa olmaz? Son hədd haradadır? Yeri gəlmişkən, bloggerlər və sosial şəbəkə istifadəçiləri "Charlie Hebdo" jurnalında vaxtilə Moskva metrosunda törədilmiş terror aktlarına dair də karikaturaların dərc olunduğunu xatırladırlar.
 
İstənilən halda, sual açıq qalır. Axı aydın deyil ki, söz azadlığı Qərbin məşhur "siyasi nəzakət" formulu ilə necə uyğunlaşır. Niyə kimsə dini hisslərinin təhqirinə dözməli, lakin bu və ya digər tarixi hadisəni bu və ya digər ölkə parlamentinin qərarından fərqli şərh etdiyi üçün həbs riski ilə üzləşməlidir? Sosial şəbəkə istifadəçiləri 2008-ci ildə "Charlie Hebdo" jurnalının 79 yaşlı fransalı karikaturaçısı Sinenin işdən qovulduğunu da xatırladır. Səbəb? Prezident Nikola Sarkozinin oğlu ilə bağlı çəkilmiş antisemit karikatura imiş.
 
Söz azadlığı mütləq hüquq deyil. Beynəlxalq Vətəndaş və Siyasi Azadlıqlar Paktının 19-cu maddəsində deyilir ki, fikrin azad şəkildə ifadə olunması hüququ digər şəxslərin hüquq və şöhrətinə hörmət əlaməti olaraq məhdudlaşdırıla bilər. Bundan başqa, onun dövlətin təhlükəsizliyinə, ictimai asayişə, əhalinin sağlamlığına və ya əxlaqına təhlükə yaratdığı halda da məhdudlaşdırılması mümkündür. Eyni bəyannamənin 20-ci maddəsində bildirilir ki, özündə təhrikçilik, ayrı-seçkilik ifadə edən istənilən müharibə təbliği, həmçinin milli, irqi və ya dini nifrətin təbliğ olunması qadağan edilməlidir.
 
Karikaturalara gəlincə, bir dəlili əsaslı saymaq olar - demokratik dövlətlərdə hər bir vətəndaşın oxumaq və ya oxumamaq, baxmaq və ya baxmamaq, nəyəsə diqqət yetirmək və ya yetirməmək hüququ var. Deyək ki, məsələn, karikaturanın özü, həqiqətən, "milli təhlükəsizliyə təhdid" və ya "dini nifrətin təbliği" adlandırıla bilməz. Amma bir anda maskalanmış qorxulu insanlar peyda olur və karikaturanın dərc olunduğu nəşrin əməkdaşlarını güllələyir. Buna cavab olaraq, bütün ölkə ərazisində məscidlər partladılmağa başlayır, insanlar girov götürülür, polislərə hücumlar təşkil olunur, nümayişlər başlayır, minlərlə insan dini və etnik mənsubiyyətlə bağlı "arqument"lərdən istifadə edərək, küçələrdə və İnternetdə bir-birinə çirkab atır. Bax, bu bombaları və etirazları milli təhlükəsizliyə təhdid saymaq olarmı?

Yoxsa olmaz? Terror aktından sonra bloqlarda və sosial şəbəkələrdə baş qaldırmış "söyüşlü diskussiyalar" dini nifrətin təbliği sayıla bilərmi, yoxsa bütün bunlar, sadəcə, daha yüksək tonda aparılan dialoqdur?
 
Bütün dövrlərdə satira, karikatura, həcvin əsas məqsədi dominatlıq edən sosial, siyasi və dini baxışlara mesaj yollamaq olub. Buraya müqəddəs sayılanları, tabuları da əlavə etmək olar. Bəs "Charlie Hebdo" jurnalında dərc olunan karikaturaların siyasi və ya ictimai dəyəri nədən ibarətdir? Məgər onlar Avropa cəmiyyətini irəli aparır, onu maarifləndirir? Yoxsa müəlliflər bundan əl-Bağdadinin inciyəcəyini və dəyişəcəyini düşünürdülər? Əslində, jurnalistin İŞİD terrorçularının maliyyə mənbələrini, ələ keçirdikləri ərazilərdən çıxarılan nefti sivil dünyanın gözü qarşısında necə satdıqlarını araşdırması, üzə çıxarması daha çox söz azadlığı sayılardı. Belə olan təqdirdə, dini mövzuda karikaturanın dəyəri nədən ibarət ola bilər? Üstəlik, onun hansı fəsadlara yol aça biləcəyi hər kəsə yaxşı bəllidir axı. Onsuz da gərgin olan vəziyyəti bir qədər də qarışdırmaq nəyə gərəkdir? Axı İŞİD-in tərkibində vuruşan muzdluların bir çoxunun Aİ pasportuna malik olduqlarını, İtaliya sahillərinə hər gün Məğribdən qaçqınların axışdığını, Almaniyada düz, Yeni il ərəfəsində Pegida hərəkatının ("Qərbin islamlaşdırılmasına qarşı Avropa vətənpərvərləri") nümayiş keçirdiyini hər kəs yaxşı bilir.
 
Dinc inteqrasiya, dözümlülük, söz azadlığı və aşkarlıq idealları üzərində qurulmuş Avropa azadlıq və demokratiya idealı kimi təqdim olunur. O, bütün təhqir olunmuşlar, alçaldılmışlar üçün arzular diyarıdır. Keçmiş SSRİ-nin bir sıra xalqlarının bitib-tükənmək bilməyən ərazi münaqişələri yaşadığı bir vaxtda, Avropa birləşib. Sanki Avropa bütün münaqişələrə, dini savaşlara birdəfəlik son qoyub. Amma deyəsən, yenə də, heç də hər şey qaydasında deyil.
 
Bu yaxınlarda "Sueddeutsche Zeitung" nəşrində Qumboldt adına Berlin Universitetinin mədəniyyət tarixi müəllifi Olaf Raderin fikirləri yer alıb. O, hazırkı Avropanın əsas problemi kimi... mədəni eyniliyin itməsini göstərir. Rader məqaləsində qədim tarix mütəxəssisi David Engelsin fikirlərinə əsaslanır, Avropa İttifaqının müasir dövrü ilə Roma İmperiyasının dağılma ərəfəsindəki vəziyyəti arasında paralellər aparır.
"The New York Times" qəzetində yer alan yazıda isə bildirilir ki, Almaniyadakı antiislam əhvalı "ölkənin milli eyniliyi ilə bağlı diskussiyalara yol açıb". Məqalə müəllifləri əmindirlər ki, Almaniya vətəndaşlarının narazılığının səbəbi ölkənin mentalitet və mədəni dəyərlər baxımından tamamilə yenidən dəyişməsi perspektivinin olmasıdır.
 
Buradan meydana sual çıxır: məsələn, bugünkü Almaniya (və ümumilikdə Aİ üçün) üçün hansı dəyərlər daha vacibdir? Milli xüsusiyyətlərin, yəni almanları fransızlar, yaponlar, ruslar və dünyanın bütün digər xalqlarından fərqləndirən cəhətlərin qorunub-saxlanılması? Liberal dəyərlərə arxalanaraq mütləq mədəni və ictimai neytrallığa can atma? Ölkə ərazisində yaşayan digər sivilizasiyaların və xalqların fundamental dəyərləri nəzərə alınmaqla, tolerantlıq və şəxsiyyətə hörmət?
 
Avropa paytaxtının mərkəzində jurnalistlərə hücumun təşkili, həqiqətən də, birbaşa söz azadlığına qarşı terrordur. Bu dəhşətli və biabırçı hadisədən dərs alınmalıdır. Faciə yalnız qəti addımlar atmaq üçün yox, həm də düşünmək üçün əsasdır. Çox istərdik ki, yüksək mədəni və mənəvi inkişafa nail olmuş Avropa nail olduğu ucalığı xarici təhlükələr, daxili sistem və dəyərlər ziddiyyəti şəraitində də qoruyub-saxlasın. Böhranlı dövrlərdə Paris bu mənada əsl tolerantlıq nümunəsi ola bilər.
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR