SOCAR şirkətdaxili vakansiyalar elan edib

Azərbaycan Respublikasının OPEC+ razılaşması çərçivəsində neft hasilatının azaldılması ilə əlaqədar öhdəliklərinin icrası məqsədi ilə hazırda SOCAR-da optimallaşdırma işləri aparılmaqdadır.

Metbuat.az xəbər verir ki, “SOCAR Recruitment”in verdiyi məlumatda bildirilir ki, bununla bağlı şirkətdən kənar işə qəbul prosesinin həyata keçirilməsi müvəqqəti məhdudlaşdırılıb.

Bildirilib ki, həmin razılaşma çərçivəsində öhdəliklərin icrasının təmin edilməsi məqsədilə neft hasilatının azaldılması istiqamətində bir sıra yataqların fəaliyyəti dayandırılıb və iş həcmləri azaldılıb:

“Qeyd edilənlərlə əlaqədar olaraq, boşdayanması gözlənilən SOCAR əməkdaşlarının məşğulluğunun və sosial dayanıqlığının təmin edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Belə ki, “SOCAR-ın boşdayanma yol verilən iş yerlərində işçilərin məşğulluğunun, kadr hazırlığının təmin edilməsi üzrə” proqram təsdiq edilmiş və icrası davam etməkdədir”.

Əlavə edilib ki, müvafiq tədbirlərə uyğun olaraq SOCAR üzrə yaranan vakant yerlərin komplektləşdirilməsində ilk növbədə şirkət əməkdaşlarının, o cümlədən boşdayanmada olan və sərbəstləşən işçilərin iştirakını təmin etmək üçün 10 fevral 2021-ci il tarixində vakansiyalar şirkətdaxili elan edilib.

Qeyd edilib ki, SOCAR əməkdaşları işçi portalına daxil olmaqla “Karyera imkanları” bölməsinin “Vakansiyalar üzrə axtarış” hissəsində müvafiq vakant yerlərlə tanış olaraq müraciət edə bilərlər.

Müraciət edənlər arasında vakansiya üzrə kvalifikasiya tələblərinə uyğunluğu nəzərə alınmaqla qiymətləndirmə nəticələrinə və yaşayış ünvanına uyğun olaraq ilk növbədə boşdayanmada olan və ya sərbəstləşən işçilərin işə qəbul məsələsinə baxılacaq və onlara üstünlük veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR