x
Loading...

Şəhid Xəyal Məmmədovun xatirəsinə "Xəyal Körpüsü" salındı - FOTO

.

Göyçayın Birinci-Ərəbcəbirli kəndində Vətən müharibəsi şəhidi Xəyal Məmmədovun əziz xatirəsinə həsr olunan "Xəyal Körpüsü"-nün açılışı olub.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi xəbərinə görə, açılışda şəhidimizin yaxınları və qohumları, Vətən müharibəsi iştirakçıları iştirak edib. Bu təşəbbüs rayon camaatı tərəfindən həyata keçirilib. İlk öncə torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına canlarından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra körpünün açılış rəmzi olan qırmızı lenti kəsilib. Həmin körpü Göyçay sakinləri tərəfindən şəhidin əziz xatirəsinə salınıb. Bu gün həm də şəhid X.Məmmədovun ad günü olduğundan ona həsr olunan tort da kəsilib. Sonra isə çıxış üçün söz qəhrəman şəhidimizin valideynlərinə verilib.Qeyd olunub ki, Xəyal Arif oğlu Məmmədov 1989-cu il fevral ayının 13-də rayonun Birinci-Ərəbcəbirli kəndində anadan olub. İlk orta məktəb təhsilini Göyçay Səməd Vurğun adına internat məktəbində alıb. Xəyal uşaqlıqdan məktəb vaxtlarında da vətənpərvərliyi ilə digər şagirdlərdən fərqlənirdi. O, təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yola düşüb. Ümumilikdə 11 il müddətində hərbi xidmətdə həm işləyib, həm də xidmət göstərib. O, ömrünün bütün illərini hərbiyə həsr edib. İkinci Qarabağ müharibəsindən 4 il əvvəl 2016-cı ildə 4 günlük davam edən Aprel döyüşlərində də iştirak edib. Nəhayət ki, 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Ali Baş Komandan İlham Əliyevin əks hücum göstərişinə tabe olaraq X.Məmmədov Vətən müharibəsi zamanı gedən şiddətli döyüşlərdə də müharibəyə qatılıb.

Döyüş yoldaşları ilə birlikdə xüsusi qəhrəmanlıqlar yerinə yetirib. Torpaqlarımızı işğaldan azad etdikcə onlarda daha da intiqam hissi yaranırdı.Oktyabr ayının 2-si tarixində Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Oktyabrın 3-ü isə doğulub boya-başa çatdığı Birinci-Ərəbcəbirli kənd qəbiristanlığında torpağa tapşırılıb. Çıxışlar bitdikdən sonra Azərbaycanın üçrəngli bayrağı qaldırılıb. Körpünün hündürlüyü 4.5 metrə, uzunluğu 11 metr, eni isə 7 metrədir. Allah bütün şəhidlərimizə rəhmət etsin!

Davud Tarverdiyev
Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR