x
Loading...
.

"Serj Sarkisyanın son müsahibəsi Ermənistan siyasi dairələrindəki çaşqınlığı göstərir" - Müşfiq Ələsgərli

"Prezident İlham Əliyevin Qarabağa hər səfərindən sonra Ermənistanda siyasi təlatümlər yaşanır"

Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın “ArmNews.TV”yə verdiyi müsahibə birqütblü şərh edilə bilməz. İlkin təəssürat budur ki, sabiq prezident hazırki hökumət başçısı Nikol Paşinyanı və onun komandasını hədəf seçib, xələflərini II Qarabağ savaşındakı məğlubiyyətə görə ittiham edir. Sarkisyan Paşinyan komandasını əvvəlcə bacarıqsızlıqda, sonda isə yalançılıqda və xəyanətdə ittiham edib. Öz fikirlərini əsaslandırmaq üçün əvvəlcə“İskəndər” raketlərinin istifadə edilməməsini nümunə göstərib, mövcud hakimiyyəti “İskandər” raketlərini Azərbaycana qarşı istifadə etmədiyinə görə qınayıb. Belə davranışın səbəbini anlamadığını deyib: “Ermənistan iskəndərləri istifadə etmək üçün almamışdımı? Onları indi, belə ağır durumda yox, bəs nə vaxt istifadə edəcək?”-deyə sual edir. “İsgəndər” raketlərinin istifadəsinin zəruriliyini vurğulayan Sarkisyan hesab edir ki, Paşinyanilk növbədə Azərbaycanın neft və qaz kəmərlərinə zərbələr endirilməsinə nail olmalıymış. Amma etməyiblər. Sarkisyan hesab edir ki, bu, təkcə hərbi səriştəsizlik və ya taktiki yanlışlıq deyil. Onun məntiqincə, Paşinyan hansısa səbəblərə görə Prezident İlham Əliyev qarşısında gözükölgəlidir, onun qarşısında gərəkən addımları ata bilmir.

Bunun ardınca Paşinyan komandası yalançılıqda ittiham olunur. Sarkisyan deyir ki, Şuşa noyabrın 5-6-da faktiki olaraq Azərbaycan hərbi qüvvələrinin nəzarəti altına düşmüşdü, amma Paşinyan noyabrın 9-na kimi yalan bəyanatlar verərək erməni xalqını aldadırdı.

Serj Sarkisyan Paşinyan komandasını həm də bacarıqsızlıqda, səriştəsizlikdə qınayır. Qeyd edir ki, hərbçilər Gəncə aeroportunu, strateji obyektləri, su anbarlarını hədəf aldıqlarını deyirdilər. Amma bunun əvəzində Gəncədə mülki binaları, mülki insanları vurdular: “Bununla da Azərbaycan hərbçilərinə səbəb verdilər ki, Stepanakerti və Martunini hədəf seçsinlər, buradakı strateji obyektləri dağıtsınlar”.

Göründüyü kimi, Serj Sarkisyanın hədəfi Paşinyandır, onu bacarıqsızlıqda, yalançılıqda, xəyanətdə ittiham edir. “ArmNews.TV”yə müsahibəsindən 2 gün öncə isə o, Paşinyan əleyhinə etiraz aksiyaları keçirən gənclərin çadırlarını ziyarət etmişdi, onlara siyasi və mənəvi dəstəyini elan etmişdi. Aşkar görünür ki, 2 il müddətində susqun qalan Sərkisyan aktiv siyasətə dönür və dönüşü üçün təqdimat tezislərini Paşinyan komandasına qarşı narazılıq üzərində qurur. Amma onun müsahibəsində diqqət çəkən başqa nüanslar da var.

“ArmNews. TV”yə müsahibədə diqqət çəkən digər məqam budur ki, Sarkisyan həm də Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhərinə, digər yaşayış məntəqələrinə raket və artilleriya zərbələri endirdiyini, mülki əhaliyə qarşı cinayətlər törədildiyini etiraf edir. Ermənistan siyasi dairələrində təmsil olunan bir şəxsin dilindən bu etirafların səslənməsi Azərbaycan üçün əhəmiyyətlidir. Gələcək günlərdə beynəlxalq tribunala müraciət etməyə hazırlaşan ölkəmiz üçün bu, vacib məsələdir. İşğal nəticəsində ölkəmizə dəymiş maddi ziyanla yanaşı, mülki əhaliyə qarşı törədilmiş hərbi cinayətlər, pozulmuş beynəlxalq konvensiyalar da Ermənistanı cəzalandırmaq üçün vacib faktlardır.

Paşinyanı anladıq, bəs Serj Sarkisyan nə üçün belə açıqlamalar verir? Keçmiş prezident siyasətə qayıdış üçün ölkəsinin maraqlarını bilərəkdənmi qurban verir, yoxsa bacarığı, səriştəsi bu qədərdirmi? Sual açıq qalır, bilinən tək budur ki, Ermənistanın siyasi elitasında ciddi çaşqınlıq var. Onlar məğlub və aciz durumdan çıxmaq üçün çaba göstərirlər, amma çabaladıqca da daha dərinlərə batırlar. Bu yerdə, istər-istəməz, Prezident İlham Əliyevin çıxışındakı cümlə yada düşür: “Onların başına elə bir yumruq vurduq ki, onlar elə zərbə aldılar ki, bir daha özlərinə gəlməzlər”.

Qeyd edək ki, Serj Sarkisyanın bu çıxışı Prezident İlham Əliyevin 14 fevralda Qarabağa, işğaldan azad edilmiş bölgələrə səfəri dövrünə təsadüf edir. Prezidentin azad edilmiş torpaqlara hər səfərindən sonra Ermənistan siyasətçilərində ciddi çaxnaşma hiss olunur. Bu dəfə Laçına bayraq sancılması onları əməlli-başlı çaşdırıb.

Müşfiq Ələsgərli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR