Gənclərin Məşvərət Şuralarının üzvləri rayon İcra Hakimiyyətləri ilə yeni layihələrlə bağlı fikir mübadiləsi apardılar -

“5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi çərçivəsində müvafiq rayonlar üzrə fəaliyyət göstərən Şura üzvləri ilə Bakı şəhəri Xəzər rayonu, Biləsuvar, Şəmkir, Tovuz və Qazax rayon İcra Hakimiyyəti başçıları və nümayəndələri arasında onlayn formatda görüşlər keçirilib.

Təşkilatdan Metbuat.az-a verilən məlumata görə, görüşlərin keçirilməsində əsas məqsəd Məşvərət Şuralarının fəaliyyət göstərdikləri müddət ərzində həyata keçirdikləri işlər barədə rayon İcra Hakimiyyətlərinin nümayəndələri ilə müzakirələrin aparılması olmuşdur. Eyni zamanda görüşlər zamanı Məşvərət Şuralarının üzvləri tərəfindən gələcəkdə region gənclərinin inkişafı üçün həyata keçiriləcək layihələr barədə məlumatlar verilib və fikir mübadilələri aparılıb. Qeyd edək ki, gənclərdən ibarət Məşvərət Şuralarının faəliyyəti rayon İcra Hakimiyyətləri tərəfindən yüksək qiymətləndirilib.

Region gənclərindən ibarət Məşvərət Şuraları istər pandemiya müddətində, istərsə də Vətən müharibəsində fəal iştirak edərək, öz icmalarında yaşayan gənclərin inkişafı və maariflənməsi istiqamətində fəal mübarizəyə qoşulublar. Şuraların əsas məqsədi gənclərin icma quruculuğuna cəlb olunmasını stimullaşdırmaq, onları narahat edən məsələləri araşdırmaq və həlli istiqamətində addımlar atmaqdır. Qeyd edək ki, Şura üzvləri tərəfindən bir müddət öncə karantin qaydalarına uyğun olaraq gənclər arasında aparılmış sorğunun nəticələrinə əsasən yeni layihələrin həyata keçirilməsinə başlanılır.

Məlumat üçün qeyd edək ki, “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi Avropa İttifaqının maliyyə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və UNICEF-in Azərbaycan Nümayəndəliyinin texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR