Ermənistanı qorxuya salan SOM RAKETLƏRİ -

Türkiyənin Müdafiə sahəsində Tədqiqat və İnkişaf Mərkəzi olan TÜBİTAK-SAGE tərəfindən dizayn olunmuş, quru, dəniz və hava platformalarından atıla bilən yüksək dəqiqlikli, yeni nəsil qanadlı raket olan SOM qanadlı raketləri Azərbaycanın hərbi invertarında yer alan döyüş təyyarələrinə inteqrasiya ediləcəkdir.

Metbuat.az xəbər verir ki, bu raketin alınması ilə Azərbaycan 250 kilometr və daha çox mənzilli raketə malik olacaqdır .

Mövzu ilə bağlı Metbuat.az-a özəl müsahibə verən hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, SOM raketləri 2006 cı ildən etibarən quruda və suda həm hərəkətli, həm sabit hədəfləri vurmaq üçün nəzərdə tutularaq istehsal edilməkdədir.

"SOM quru, hava, dəniz platformalarından buraxıla bilən yükək dəqiqlikli və yeni nəsilə aid olan yüksək dəqiqlikli universal qanadlı raketdir.

İlk dəfə 4 iyun 2011-ci il tarixində İzmir şəhərində yerləşən Çiğli aviabazasında Türkiyə Hərbi Hava Qüvvələrinin 100-cü quruluş ildönümü münasibətilə təşkil olunan tədbirdə nümayiş etdirilən SOM qanadlı raketi 180 km-dən artıq məsafədə həm hərəkətdə olan, həm də stasionar hədəfləri məhv etmək üçün nəzərdə tutulub.

Türkiyənin ROKETSAN şirkətinin istehsalı olan SOM qanadlı raketləri i ilk dəfə 2018-ci ildə Azərbaycan Ordusunun 100 illik yubiley paradında nümayiş etdirilib. Amma o zaman bu raketlərin Azərbaycan tərəfdən hansı miqdarda alınması, hansı sistemlərdə tətbiqi barədə konkret məlumatlar yox idi.

Uzun mənzilli SOM raket ailəsinin SOM-A, SOM-B1, SOM-B2, SOM-C və SOM-J kimi konfiqurasiyaları mövcuddur. Qırıcı təyyarələrlə bərabər həm hücum helikopterlərində həm də, ağır pilotsuz uçan aparatlarda (PUA) inteqrasiyası mümkündür''.

Ədalət Verdiyev bildirdi ki, raketin əsas üstünlükləri onların təchiz olunduğu idarəetmə sistemləri ilə xarakterizə olunur.

''Bu raketlər ətalətli naviqasiya sistemi, qlobal mövqe təyin etmə sistemi(GPS), yer səthinə, görüntüyə istinad edən naviqasiya sistemi və avtomatik hədəf aşkarlama sisteminə malik olması ilə xarakterizə olunur.

Raketlərin buraxıldıqdan sonra digər hədəfə yönləndirilməsi də mümkündür. Bu raketlər yer və su səthini təkrarlaya bu səthə yaxın sahədə uçuş həyata keçirdiyi üçün düşmən radarları üçün görünməz olaraq qalır.

SOM raketi baza versiyasında 3.6 metr uzunluğa, 600 kq ümumi və 230 kq döyüş başlığı kütləsinə malik idi. 500 kiloqram ümumi kütləyə malik olan SOM-J isə 4 metr uzunluqdadır, raketin qəlpəli fuqas və ya zirehdələn döyüş başlığının kütləsi isə 140 kq-dan artıqdır.

Bu raketlərin alınması Azərbaycanın regiondakı hərbi müdafiə qüdrətinin artıracaqdır.Həmçinin raket arsenalında hava hücumundan müdafiə vasitələrinin düşmənin məhvetmə zonasına daxil olmadan, rəqib hədəflərini 250+ kilometr məsafədə və yüksək dəqiqliklə zərbə qabiliyyətinə malik sursatla “cərrah dəqiqliyi” ilə məhv etmək qabiliyyətinə malik olacaqdır''.

Mövzu ilə bağlı Metbuat.az-a özəl açıqlama verən Türkiyənin Azərbaycanda keçmiş hərbi ataşesi general Yücel Karauz Metbuat.az-a özəl olaraq dedi ki, yüksək zərbə yetirmək gücünə malik SOM raketləri hədəfi 1 metr dəqiqlik ilə vuracaq qədər həssaslığa malikdir.

“Bu raketlər, hədəf təyyarədən atıldıqdan sonra yeni meydana gələcək hədəflərə qarşı da istiqamətləndirilə bilər.

Mövcud görüntü sistemləri ilə hədəfi yüksək dəqiqlik ilə vurması mümkündür. Mərkəzi şəbəkə əməliyyat konsepsiyasına uyğun olaraq hazırlanan SOM, zəruri hallarda, buraxıldıqdan sonra başqa bir istifadəçi tərəfindən və digər hədəfə qarşı da tətbiq edilə bilər.

Son raketlərinin 250 kilometrdən 500 kilometrə qədər hədəfi məhv etmə qabiliyyətinin 800 kilometrə qədər artırılması üzərində də işlər davam etdirilir.

Hava müdafiə sistemləri tərəfindən görünüm imkanları çox aşağı olan bu raketlər təsbit edilib məhv edilməsi çox çətindir.

SOM-B2 komfiqurasiyasının 650 kq çəkidə və 230 kq döyüş başlığına malikdir. Bu başlıqların daxili yüksək partlama gücünə malikdir. Həmçinin raketin daxilində olan təzyiq hissəcikləri də partlama zamanı böyük təsir gücünə malikdir.

SOM qanadlı raketlərinin ilk 3 versiyası olan SOM-A, SOM-B1, SOM-B2 hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin silahlanmasında olan F-16 (CCIP və Blok 50 variantlarında) və F-4E 2020 döyüş təyyarələrinə inteqrasiya olunub''.


Yücel Karauz qeyd etdi ki, raketlər JP-10 yanacaq sistemi ilə çalışır və turbojet mühərrik sisteminə malikdir. SOM raketləri ilə sabit radarlar, stratejik düşmən hədəfləri, komanda və nəzarət mərkəzləri, hava müdafiə sistemləri, və dənizdəki gəmilər təsir altına salına bilər.


''Naviqasiya və infraqırmızı aşkarlama sensor başlığı sayəsində yüksək hədəf vurma qabiliyyətinə malik raket, uçuşunun son mərhələsində hədəfə doğru daha həssas hərəkət etməyə imkan verir. Eyni zamanda hədəfi məhv etdikdən sonra da hədəfin son durumunu güncəlləşdirə bilmək imkanlarına sahib olan SOM raketləri ani görünən hədəfləri də həmin anda məhv etmə qabiliyyətinə malikdir.

Azərbaycan hərbi təyyarələrinə taxılacaq olan SOM raketləri Azərbaycanın hava sahəsində bütün Ermənistanı əhatə edəcək səviyyədə bütün hədəflər nəzraət altında saxlaya biləcəkdir.

Eyni zamanda SOM raketləri dənizdə istifadə ediləcəyi təqdirdə Xəzər dənizinin təhlükəsizliyi,eyni zamanda enerji qaynaqlarının

mühafizəsində Azərbaycan üçün daha əlçatan olacaqdır''.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR