x
Loading...
.

Neft bazarında ''böyük oyun'' - Aprel görüşü hər şeyi dəyişə bilər / AÇIQLAMA

.

Hazırda iqtisadi analitiklər Səudiyyə Ərəbistanı ilə Rusiyanın incikliyi, həmçinin Amerikanın bu məsələdə adı çəkilən dövlətlərə qarşı qərəzli mövqeyi barədə gələcəkdə neft hasilatında hansı dəyişikliklərin baş verəcəyə barədə müxtəlif analizlər edirlər.

Biz bu mövzu və ətrafında olan sualları iqtisadçı ekspert Elman Sadıqova ünvanladıq.

Ekspert Metbuat.az-a özəl müsahibəsində bildirdi ki, OPEC+ ölkələri ilk baxışda neft bazarında qiymətlərin artmasına yönəlmiş addımı atdı.

- Bəs qarşıdakı aprel ayında keçirilməsi nəzərdə tutulan iclasda OPEC+ , bazarı nəzarətdə saxlamaq üçün hansı addımları atacaq?


''Bildiyiniz kimi ABŞ Səudiyyə Ərəbistanı və Rusiyaya qarşı daha sərt və kəskin mövqe ortaya qoyur. Bu ikibaşlı nəticəsi olan oyun neft bazarında qiymətlərin artırılmasına atılan addımlar sonda qiymətlərin kəskin enişi ilə də nəticələnə bilir.

Hər bir halda bu baş verənlər riskli addım kimi qiymətləndirilir.

Əgər belə davam edərsə, Amerikada şist neft hasilatçıları, ciddi bir şəkildə artıq istehsalı bərpa edib, bazara daxil olacaqlar.

Rentabelli olmayan, qışda istismarı soyuq səbəbindən bağlanan quyular, yazın gəlişi, havaların isinməyə başlaması ilə neft bazarına ABŞ istehsalçıları tərəfindən kəskin axın başlaya bilər.

Hər bir halda hazırki vəziyyət gözləmə mövqeyində olmağa vadar edir.

Gündəlik neft hasilatının 1.5 milyon barel artırılacağı gözlənilsə də (Rusiya və Qazaxıstana gündəlik neft hasilatını 130 min və 20 min barel artıra biləcək) kiçik istisna xaric olmaqla hasilat artımı olmayacaq.


Növbəti iclas 01 apreldə olacaq və may ayı müzakirə olunacaq.

OPEC+ bazarı aylıq nəzarətdə saxlaması müsbət, neft bazarına bu qədər təzyiq göstərməsi isə arzu olunan deyil.

OPEC-in əsaslandırmalarına görə, pandemiya bitmədiyindən hasilatın artırılması neft bazarının çökməsinə səbəb ola bilər. Amma bundan sonra baş verəcəklər üçün də şərait yaratdılar.

Əgər neft bazarında qiymətlər birdən artarsa eyni sürətlə də enə bilər. Neft bazarında yenidən kəskin dalğalanmalar ehtimalı yüksəkdir'.

- Son vaxtlar qızılın qiymətində olan enmələr barədə siz daha öncə də açıqlamalar vermişdiniz. Buna əsas səbəb nədir?


"Bildiyiniz kimi qızılın qiymətinin bütün proqnozlara baxmayaraq enməsi əslində gözlənilən idi. İnflyasiyanı boğmaq üçün qızılın qiymətinin enişi səbəb və ya nəticə olmasından asılı olmayaraq baş verməli idi. Qızıl inflyasiyaya təsir göstərən əmtəədir.

Qiymətinin enməsini həm maliyyə alətləri, həm də ABŞ xəzinə istiqrazlarının illik gəlirinin müsbətə keçməsi və 1% ətrafına çatdırılması maliyyənin istiqraz bazarına axmasına və qızıldan müəyyən dərəcədə çıxmasına səbəb oldu''.

- Post-pandemiya dövründə ölkələr daxilində baş verən dalğalanmalar inkişafa necə təsir edəcəkdir? Biz bu baş verənlərə peyvəndləmə zamanı ədalətsizliyi də aid edərsək, deyə bilərikmi, dünya yeni bir xroniki böhrana çevrilmiş vəziyyət ilə üz-üzədir?

Əlbəttə, ölkələrin inkişafı çox fərqli olacaq. Elə indiki peyvəndləmə prosesində ölkələr arasındakı tamamilə fərqli göstəricilər və ədalətsizliklər kimi.

Hələ 100-dən çox olkədə bircə peyvənd belə vurulmayıb. Bir çox ölkələr inflyasiya, az bir hissəsi deflyasiya, bir hissəsi staqflyasiya, bir hissəsi də xroniki böhran vəziyyəti ilə üz-üzə qalacaqlar. İqtisadi inkişafda sıçrayış əldə edənlər də olacaq. Hansı yolda getmək isə hər bir ölkənin öz seçimidir.

Dünyada baş verən hadisələr böyük güclərin arasındakı ciddi fikir ayrılıqlarının təzahürüdür. Bir çox ölkələr ciddi staqflyasiya tələsinə düşməkdədirlər və ya həmin tələyə salınırlar (staqflyasiyadan çıxmağın maliyyəti yüksək, bədəli ağırdır)''.


- Elman müəllim səhv nədədir?

''Ölkələrin etdikləri ən böyük səhvlərdən biri də zamanlamadır. Sadə müqayisə ilə fikrimi izah edim. İnsanın ayağında damarlardan biri kəsilib, qan axır.

Həmin qanı kəsmək üçün qıçı yaradan bir qarış üstdən qayışla bərk sıxaraq, qanın axmasını azaldırlar.

Qayış orada əməliyyata qədər qala bilər. Bir neçə saat. Amma qayış orada günlərlə, aylarla qalsa qıça qanın işləməməsi qıçın amputasiyasına qədər gətirib çıxara bilər.

İqtisadiyyatlar da belədir. Bəzi müvəqqəti tədbirlərin uzanması iqtisadiyyatın bəlli sahəsini iflic edə bilər. Nəticədə həmin iflic olan sahə də digər sahələri iflic edər. Sanki domino effekti yaranır. Bir çox ölkələr də bu tələyə düşməkdədir. Qeyd edim ki, söhbət təkcə, pandemiyaya görə qapanmalardan getmir''.

- Qarşıda baş verəcək hadisələr ilə bağlı gözləntiləriniz barədə nə deyə bilərsiniz?

''Ölkələr arasındakı mövcud olan qeyri-bərabərlik təəssüf ki, post-pandemiya dövründə çox kəskin şəkildə dərinləşəcək. Peyvəndləmənin səviyyə və sürəti post-pandemiya dövründə iqtisadiyyatların bərpalarının səviyyə və sürətləri ilə düz mütənasibdir. ABŞ-ın iqtisadi bərpa sürəti digər ölkələrə nisbətən bir neçə dəfə sürətli olacaq.

Pandemiya dövründə ən çox qazanc əldə edən Çin olub. Post-pandemiya dövründə davamının olacağı şübhə altındadır.

Təbii ki, bütün bunlar sadəcə baş verən bir neçə prosesin və bütün ölkələrin talelərinə təsir edəcək gedişatların qısa başlıqlarıdır''.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR