x
Loading...
.

Ədəbi muhitimizə baxış - Dağınıqlıq, əyyaşlıq, qeyri-ciddi adam statusu...

.

Ədəbiyyat bir fabrikdir, daim istehsalı olmalıdır. Necə ki, bir istehsal fabrikində yeni məhsullar yaradılır, yeni texnologiyalar işlədilir, ədəbiyyat da elə. Çağdaş ədəbiyyatımızda isə barmaqla sayılacaq sayda müəlliflər fonunda qeyd etdiyim "fabrik" müəyyən kütlə üçün çalışır, o da yarım növbə.

Yeni yazarların yetişməsi, daha doğrusu movcud yeni yazarların özlərini daha geniş kütlələrə tanıtması üçün zəmin yoxdur. Niyəsini açıqlamağa çalışacam. Hazırda oxuduğunuz məqalə mənim subyektiv fikrim və az-çox apardığım müşahidələrə əsaslanır.

Gəldiyim nəticələri bəndlərə bölərək Sizinlə paylaşıram:

1. "Böyük balıqlar."

Özlərini sovetlərdən bəri təsdiq etmiş, bir qismi də müəyyən məqam-vəzifə sahibi olanlardır. İstedadsız deyillər, gözəl əsərləri də var. Amma, bir növ 'monopoliya" kimi görürlər ədəbiyyatı, ədəbi mühiti.

Öz ərazilərini daim patrul edərək, başqalarının ora girməsinə icazə vermirlər. Proses sadəcə pərdə arxası gedir. Hətta, potensialca özlərinə rəqib hiss etdikdə iş sosial səbəkələrdə yeni yazıları "bəsit" adlandıracaq istifadəçilərin peyda olmasına qədər iyrənc hal alır. Qalan məsələlər təbiidir. Nəşriyyatlar, çap evləri tanınmış sima olmasa, işi pulsuz və ya vədəli, bir neçə dəfə ödəməylə etmir, satışa kömək etmir və s. Bunu daha geniş izah edərdim, sadəcə qeyd edim ki, Türkiyədəki "yayım evləri" sistemi mükəmməl olmasa da, kifayət qədər inkişaf edib və yeni yazarlar üçün imkanlar bizdən qat-qat güclüdür. Bu işdə Rusiya da kifayət qədər irəliləyib.

2. Öz çevrələri olanlar.

Bəzi yazarlar birləşərək çevrə əmələ gətirir, bu da haradasa, "böyük balıqlar"ın ərazilərinin ətrafında "sağ qalmaq" üçün bir taktikadır. Bu çevrələrdə mütləq jurnalist dostlar, yazarların aktiv istifadəçilərindən ibarət yoldaşlar olur ki, onlar da bir növ təbliğat maşını rolunu oynayır. Başqa yerli yazarları oxusalar da sadəcə çevrədən kənara çıxmır, onları görməzdən gəlirmiş kimi davranırlar. Əgər yeni yazarlardansansa, bu çevrələrdə tanışın, tanıdığın, sənə zamin duracaq biri yoxdursa, o zaman, qəzan mübarək olsun, tək başınasan.

3. Tənzimləyici orqanın passivliyi.

Əslində ədəbiyyatda, xüsusilə də çağdaş ədəbiyyatda tənzimləyici orqan sadəcə senzura olan ölkələrdə olduğu üçün, bizdə də vaxtilə mövcud olub. Oralara girməyəcəm. SSRİ Azərbaycanında da yuxarıda qeyd etdiklərim bir başqa formada, xüsusilə də tənzimləyici orqanın əliylə, daha sərt addımlar həyata keçirilib. Bəzi üstün məqamlar var idi, o da müəyyən yazarlar və şairlərə şamil idi.

Sadəcə onu qeyd edim ki, hazırda adı olub, özü olmayan tənzimləyici orqanı, gözəl bir körpüyə çevirmək olar, orada tanınmış ədəbi simaları da cəlb edib, yazar, şair olmaq istəyənlərə ədəbi təlimlərdən tutmuş, film industriyasınacan tövhə vermək olar. Beləcə, yuxarıda qeyd etdiyim "fabrik istehsalı"na tam yeni nəfəs vermək olar. Hə, deyəcəksiniz ki, yaxşı tənqid və problemlərdən hər kəs danışır, həll yolu üçün nə təklif edə bilərsən, bunun prinsip və mexanizmləri məndə demək olar ki, hazırdır. Amma,necə deyərlər, lazım gələrsə...

4. Oxucu.

Bu yaralı yerdir əslində. Bizdə oxucu kütləsi ilə bağlı problemlər çoxdur. Amma sadəcə bir -ikisinə toxunacam. Bəzi oxucular ümumiyyətlə yerli yazarları oxumağı geridə qalmışlıq hesab edir və müdafiə qalxanı da "bizdə yaza bilən var ki?" olur. Halbuki, anlasalar, əllərində tutduğu dünya şöhrətli yazarın kitabı onların əlinə, elə həmin yazarın oxucuları vasitəsilə düşüb, məncə, dediyim müdafiə qalxanını da bir kənara qoyarlar. İkinci məsələ fikir bildirmə, paylaşma "xəsis"liyi/passivliyidir. Yerli ədəbiyyat oxucularının bir qismi oxuduqlarını paylaşmır, fikir bildirmir, təbliğ etmir. Edənlər də əksəri "çevrələr"in vasitəsilə yayımlanmanın inikasına düşürlər. Yəni "çevrələrdə" yayımlayanları oxuyur, onları paylaşır, fikir bildirirlər. "Böyük balıqlar"ın isə zatən hər daim oxucusu var.

5. Maddi yetərsizlik.

Əslində bu ilk bənd olmalı idi. Və inanın, o qədər danışmaq olar ki bu haqda. Sadəcə yenə bir-iki məqama toxunacam. Yazıçı və oxucu tərəflərin hər ikisində maddi yetərsizlik olmasa, nə oxucu pdf axtarar, nə də yazıçı fəaliyyətinə ara verər.

Əfsuslar olsun ki, bəzi oxucular bəyəndikləri məişət qayğılarıla boğulan yazıçını fabrik kimi düşünürlər. Hesab edirlər ki, yazar bircə ay fasilə verdisə daha yazmayacaq.İzləmədən çıxarırlar, oxumurlar, hətta inciyib, tələb də edirlər ki yaz. Çünki, məişət qayğılarını görmürlər onun. Görsələr də bu maraqlı deyil onlara. Amma əlinizi vicdanınıza qoyub deyin, yazıçıdan tələb edərkən onun təminatını düşunənimiz neçə nəfərdir?

Yazıçı, şair yaşamaq üçün işləməlidir, çünki, yazdıqları əksər halda daimi gəlir yeri olmur. 8 və daha çox saat işləyib, evinə gələn, orada da məişət problemlərilə vuruşan, beyni "sabaha necə çıxacam"la məşğul olan yazıçıdan, şairdən nə gözləmək olar ki?

6. Dağınıqlıq, əyyaşlıq, bir sözlə, qeyri-ciddi adam statusu.

Bilmirəm bu stereotipi kim yeridib, hətta dünya trendlərində də var ki, ədəbiyyat adamı bir az sərgədan, yarısərxoş olmalı, kasıb yaşamalı, mütəvazi, eyni zamanda bir az yelbeyin olmalıdır. Məncə, bu bir az da siyasi xarakter daşıyır, yaza bilən adamlardan çəkinən idarəedicilər bunu aşılayıblar ki, yaza bilən adamlar cəmiyyətə işıq tutmasın, tuta bilməsin. Halbuki, batan cəmiyyətləri xilas edən aydınların içində qələm əhli az deyil.

Nə isə, bu küyə düşüb bəzi qələm əhli nümayəndələri özlərinə belə bir imic, hətta yaşam tərzi götürüblər. Onları izləyənlər, oxuyanlar da az deyil. Bu da kütləni əldə saxlamağa, xüsusən də qeyd etdiyim, problemlərlə dolu ədəbi mühitdə bir vasitədir. Sadəcə səmimi, sadə görüntü kimi bu imici anlayan izləyiciləri var. Hətta bir neçəsi ilə təxminən bu cür dialoqum olmuşdu:

-Filankəsi izləyirsən...

-Hə, o çox səmimi insandır...

-Əla, yazdıqlarını oxuyursanmı?

-Yox elə canlı yayım açır, baxıran, fikirlərini bəyənirəm.

Bundan gerisini düşünməyi də sizə buraxıram.

Yenə də mənim düşüncəmdir, yazıçı, sair, ümumiyyətlə yaza bilən adamlar cəmiyyətin flaqmanları olmaldırlar.

Sadəcə qeyd etdiyim problemləri düşünüb analiz edin. Bu gün əl birliyilə bu problemlərin həlli üçün hərəmiz çox cüzi səy göstərsək, inanın ki, çox şey ədəbi mühitdə dəyişər, hətta dünya markası olacaq yazarlar, şairlər yetişər.

Yoxsa, bir neçə nəsil sonra, ədəbi mühitimiz sizlərə ömür....

"Laboratory of Art" sosial platformasının rəhbəri, yazıçı Fərid Nəsibzadə / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR