Prezident Həsən Ruhani ABŞ-la bir MASAYA otura bilər -

“Nə ABŞ, nə də İran tərəfi bir-birilərinə inanmır və ona görə də güzəştə getmədən qarşı tərəfə şərtlər irəli sürürlər. Yəni nə ABŞ İrana qarşı qəbul edilmiş sanksiyaları ləğv etmək, nə də İran nüvə fəaliyyətini dayandırmaq istəyir. Şübhəsiz ki, burada İsrailin ABŞ-a təziqlərini də nəzərə almaq lazımdır’’.

Bu açıqlamanı Metbuat.az-a özəl olaraq “Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi eksperti Samir Hümbətov edib. Ekspert deyir ki, İsrail İranın nüvə fəaliyyəti ilə bağlı dürüstlüyünə inanmır və onun bu məsələdə şəffaf olacağını şübhə altına alır.

“Bu məsələnin ikinci tərəfi odur ki, İranın rəhbərliyində daxilində belə bu məsələdə müəyyən mənada fikir ayrılıqları mövcuddur.

Ali dini lider Ayatullah Əli Xomnei, prezident Həsən Ruhani və XİN başçısı Məhəmməd Cavad Zərifin ABŞ-a qarşı tutduğu mövqedə müəyyən fərqlər hiss olunmaqdadır.

Ali dini lider Ayatullah Əli Xomnei və XİN başçısı Məhəmməd Cavad Zərif İranın nüvə məsələsində ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları tamamilə ləğv etməsi tələbini irəli sürürlər.

Onlardan fərqli olaraq prezident Həsən Ruhani bu məsələdə sanksiyaların ləğvi ilə yanaşı ABŞ-la danışıqlar masasına otumağın mümkünlüyünü də bildirir. Yaranmış bu durum ondan xəbər verir ki, İranda iqtisadi vəziyyət olduqca ağırdır, İran valyutası infliyasiyanın pik həddinə çatıb və İrana qarşı tətbiq olunmuş sanksiyalar iqtisadiyyatı iflicləşdirib’’.


İranın həm neft, həm də qaz satışında üzləşdiyi çətinliklərin səbəbini də ABŞ-ın tətbiq etdiyi sanksiyalarla əlaqəli olduğunu bildirən Samir Hümbətov bildirdi ki,əgər Çin və Rusiyanın nüvə məsələsində üzdə İrana dəstək versələr də, arxa planda bu məsələyə ABŞ-la eyni mövqedən çıxış edirlər. O buna misal kimi Çin və Rusiyanın da iştirakı ilə İranın uranın zənginləşdirilməsini dayandırmaqdan imtina etməsi ilə əlaqədar olaraq 24 mart 2007-ci ildə BMT TŞ-nın yektilliklə sərt sanksiyaları nəzərdə turan 1747 saylı qətnaməni qəbulunu qeyd etdi.

“Çin və Rusiyanın bu qətnamənin qəbu edilməsində tutduğu mövqedən belə qənaətə gəlmək olar ki, özündən başqa heç bir dövlət İranın nüvə silahı əldə etməsinə razı deyil.

Baxmayaraq ki, İran dövləti uranı dinc məqsədlər üçün əldə etmək istədiyini bildirir.

Nəticə olaraq bildirmək lazımdır ki, bu gün İran ətrafında yaranmış vəziyyət və İranın bu vəziyyətə cavabı adekvat görünmür.


İran iqtisadiyyatının ağır durumda olması, Covid-19 pandemiyasının İran iqtisadiyyatına vurduğu ziyanlar, sanksiyalar səbəbindən neft və qaz satışının azalması İranı dalana dirəyib. Əgər vəziyyəti düzgün qiymətləndirsək və məsələyə strateji nöqteyi-nəzərdən yanaşsaq, İranın yaxın zamanlarda ABŞ-la, müəyyən mənada isə İsraillə danışıqlara başlamaq məcburiyyətində qalacağını deyə bilərik’’.

Qeyd edək ki, İranın İsraillə danışıqlar masası ətrafında oturmasına səbəb, bu gün ABŞ xarici siyasətinə yön verən əsas qüvvələrdən biri kimi orada fəaliyyət göstərən yahudi lobbisinin olmasındadır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR