Rəsmi Moskvadan Azərbaycan Ordusunun təlimlərinə

"Azərbaycanda keçirilməsi planlaşdırılan təlimlər regionda sabitliyə və təhlükəsizliyə risklər yaratmır”.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin martın 15-də Azərbaycanda keçirilməsi planlaşdırılan hərbi təlimlərin Qarabağla bağlı üçtərəfli bəyanatın icrasına təhlükə yaratması ilə bağlı sualına cavabında bildirib.

"Hərbi təlimlər, adətən, bütün Cənubi Qafqaz ölkələri tərəfindən keçirilir. Bu təlimlər müntəzəm əsasda keçirilir və müvafiq məlumatlar maraqlı tərəflərə vaxtında çatdırılır. Bizdə olan məlumatlara görə, Azərbaycandakı hərbi təlimlər planlı xarakter daşıyır və qoşunların döyüş hazırlığının yüksəldilməsinə istiqamətlənib. Təlimlər regionda sabitliyə və təhlükəsizliyə risklər yaratmır”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 15-dən Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri keçiriləcək.

Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 10.000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək.

Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR