Guya “qanun imperiyadan üstündür” yazan adamlar gerçəkləri görmürlər?

Guya “qanun imperiyadan üstündür” yazan adamlar gerçəkləri görmürlər?
15:05 18 Yanvar 2015
180 Digər
Ölkə mətbuatı
A- A+

2015-ci ildə Türkiyəni daha geniş arealda qınaq məhkəməsinə çəkəcəyinə böyük ümid bəsləyən dünya erməniçiliyinin potensialı, milli hiddət və qəzəb seli indi tamam ayrı səmtə yönəlib.
 
Görünür, soyqırım ruhuna yüz illər ərzində aludə olmaq, bir toplum kimi genosidə pərəstişi varlığının və siyasi mövcudluğunun əsasına çevirmək mistik bir mahiyyət alaraq erməniləri qara zolaqdan - kütləvi ölüm zolağından uzaqlaşmağa qoymur.
 
Əslində, Valeri Permyakovun bir ailənin qətlinə bais olması 6 nəfər avetisyanların faicəsindən daha böyük rezonans doğurdu. Elə bil, min illik sirlərin qorunduğu qalaya dəyən zərbə hər şeyi gün üzünə çıxardı və rəsmi dövlət orqanları təkcə lokal etiraz selinin qabağında durmaqla deyil, həm də ökənin özülünü təşkil edən ideoloji və siyasi platformanın çökməməsi üçün tədbirlər görməyə məhkum oldu.
 
Razılaşın ki, söhbət təkcə taxt-tacını qorumaq vəzifəsindən getmir, üstəlik, bir rus əsgəri qədim ingilis imperiyasının çökməsi hadisəsində olduğu kimi, şaha vaxtında xəbəri çatdıra bilməyən və bununla da qoşunların basılmasına şərait yaradan günahkara çevrilib.
 
Ona görə küçələrə axışan insanların əvvəlcə yerli hakimiyyət orqanlarına, sonra Rusiyaya yönələn ittihamlarının səbəbi 2 əsrin suallarını çözmək qədər mürəkkəb məsələdir. Lakin belə geniş əks-səda doğuran cinayətin üzərinə yeriyən kütlə qollarındakı zəncirdən xilas ola bilməyəcəyinə də əmindir. Axı ermənilərin ata-babalarının qoyub getdiyi təbəəlik ənənələrinin və ağa-vassal münasibətlərinin alternativi türk-azərbaycanlı əhatəsi ilə yaşamağın şərtlərini tapmaq, dörd bir tərəfini almış müsəlman ölkələri ilə razılaşmağı bacarmaqdır.
 
İndi İrəvanda baş qaldıran üsyan sanki öz tarixi məntiqinə doğru geriyə dönərək hər şeyi ötən yüzilin əvvəlinə qaytarır. Osmanlının çöküşü səbəbilə Rusiyaya sığınan və kollaborasionistlik edən bir millət təzədən Atatürkün xilas etdiyi Cümhuriyyətdən yaşayış vəsiqəsi almağa məcburdur. Axı başqa bir səbəblə 102-ci hərbi bazanı öz ərazisində saxlamağın zərurətini necə əsaslandırmaq olar ki!
 
Bir yandan da Permyakovu rus-erməni birliyini çökdürmək istəyən Qərbin casusu adlandırmağa əldə heç bir əsas yoxdur. Avrokomissarlar onsuz da 6 il ərzində “Yaxın qonşuluq” siyasətinə xərclədikləri milyonların havaya sovrulacağını, Sərkisyanın bir gün Brüsseldəki məmurlara arxa çevirəcəyini və ermənilərin əbədi izdivacda olduqları Avrasiya İqtisadi Birliyinə qoşulacaqlarını kəşfiyyatsız belə bilirdilər. Ancaq Cənubi Qafqazda ikinci dövlət başçısına Yanukoviçin taleyini yaşatmaq nəinki iki cəbhədə vuruşmaq kimi riskli qərar idi, o cümlədən, Saakaşvilinin 2008-ci il avantürasından sonra onsuz da nüfuz dairəsi və dayaqları xeyli sarsılmış Qərbin rüsvayçı şəkildə Qafqazları tərk etməsinə səbəb ola bilərdi.
 
İndi deyirsiz, xalqın içərisində qalan avrodəyərlərin közərmiş yarası görünməmiş bir şəkildə Avetisyan ailəsinin soyqırımı ağrısına transformasiya edərək əsil geosiyasi inqilaba çevrilib? Yox, qətiyyən buna inanmaq mümkün deyil. Çünki İrəvanda anti-Maydan reseptlərini çoxdan tapıblar və hamı istənilən itaətsizlik hərəkatının sonunun nə ilə qurtaracağını yaxşı bilir. 1999-cu ildə parlamentdə linç edilən keçmiş hökumət rəhbərlərinin aqibəti heç kimin yadından çıxmayıb.
 
Ona görə də küçədə polislə toqquşan insanların seçkidə səsini qazanmağa çalışan milli liderlər anti-Rusiya hərəkatını yalnız ekranın və planşetlərin obyektivindən izləməklə məşğuldur. Doğrudur, Ermənistan Donbas deyil, plakatı ilə meydana gələnlər də var, amma 24 illik müstəqillik tarixində bütün seçkilərin yalnız bir şüarı olub: “Ermənistanda Rusiyanın ən yaxşı xidmətçisi kim olacaq?” Özü də bütün tarixi keçid anlarında seçdiyimiz sloqan öz əhəmiyyətini itirməyib və bunu hətta keçmiş “Qarabağ hərəkatı”nın ən güzəştsiz təmsilçilərindən olan Aşot Manuçaryan da etiraf etməkdən çəkinmir.
Qəzəblənmiş camaatın qarşısına çıxan və daşa basılan baş prokuror Gevorq Kostanyan əsil cəsarət sahibi olsaydı, poqonlarını söküb adi vətəndaş kimi mitinqçilərə qarışar və onu lənətləyənlərdən öz mənəvi qisasını alardı. Bilirsizmi, nəyi?
 
Axı həqiqət ortada olanda mübarizə aparmaq daha asan olur, deyirlər. Guya “qanun imperiyadan üstündür” yazan adamlar gerçəkləri görmürlər? Məgər onlar bilmir ki, söhbət keçmiş sovet prokurorların Kremldən əbədi asılılığından getmir, eləcə də bir ölkənin başçısı və xalqı uzun illər boyu suverenlyini təhlükəsizliyə dəyişməyə razılığını verib?
 
102-ci hərbi bazanın 4 minlik kollektivi üçün Ermənistanın vətən olmadığı hamıya məlumdur. Sərhədlərindən xeyli kənarda, yad bir bölgədə və sərt iqlim şəraitində qulluq keçən orta statistik valerilər, sergeylər üçün Rusiyanın “cənub cinahı” anlayışı, geopolitik maraqlarının daha geniş məkanlarda qorunmasına dair doktrinalar, Türkiyənin, İranın və Gürcüstanın hava məkanına nəzarət barəsində səfsəfələr Gümrüdə illərini keçirən adamlar üçün heç bir müqəddəslik daşımır. Onlara görə rəsmilərin titullu salonlardakı bəlağətli nitqləri və rus-erməni qardaşlığına dair imzalanan sənədlər tonlarla kağız itkisindən başqa bir şey deyil.
 
Ona görə də hədəfsiz qalan əsgər Gümrü dağının ətəyində qarşısına çıxan hər cür obyektdən yad sərhədləri qorumağının intiqamını yerli əhalidən almağa hazırdır. Mənəvi-ruhi düşkünlüyə, yaxud içki aludəçiliyinə tutulmayanların da daxili yaşantısı bundan ibarətdir.
İndi qeyri-adi dərəcədə coşan əhali xatırlamağa başlayıb ki, 1999-cu ildə də kazarmanı tərk edən əsgərlər iki uşağı qətlə yetirmiş, 9 nəfəri isə yaralamışdılar. 2012-ci ildə isə hərbi bazanın minaları növbəti qurbanlara səbəb olmuşdu. Deməli, rus əsgəri Ermənistanı qorumaq istəmir və Permyakovun güllələri də ermənilərə ilk olaraq bunu xatırladır! Bura Vətən deyil və onu hər iki ağız deyir - erməni də, rus da!
 
Yoxsa, kiminsə intizamsızlıq göstərərək xidmət yerini niyə tərk etməsini, növbətçinin hərbi hissədə olmadığını görüb həyəcan siqnalı verməyən rəhbərliyin günahını bir kənara qoyub bu suala cavab tapmaq lazımdır: ermənilər indi nifrətlə yad etdikləri hərbi bazanı ərazilərindən çıxarmağı həqiqətənmi istəyirlər?
 
Belə hərc-mərclik şəraitində susan və efir məkanına erməni ailəsinin faciəsini buraxmayan Rusiya elitasının isə sükutu daha səmimi və əsaslıdır. Məgər yüz illər boyu ermənilərin ayaqda qalması üçün canını qurban verən və onların düşmənlərindən torpaq alıb onlara dövlət quran rusun məntiqini başa düşmək o qədərmi çətindir?
 
Bəli, hazırda Ermənistanın titulu və şərəfi deyil, siyasi varlığı növbəti sınaq qarşısındadır. Lap tutalım kütlənin qəzəbini yatırtmaq üçün Permyakovu onlara təslim edirlər, xalq məhkəməsi isə 1982-ci ildə bir alman vətəndaşını güllələmiş sovet əsgərinin cəzasına bərabər bir hökmlə çıxış etməli olur. Xatırlayaq - o vaxt SSRİ hərbi rəhbərliyinin cinayət işinin istintaqını qarşı tərəfə vermək istəmədiyini görən ADR sakinləri qatildən qisaslarını gizlin olaraq hissəyə hücum etməklə, onu öldürməklə almışdılar. Qəzəbin və nifrətin dalınca gedib rus əsgərini edam edəndən sonra doğrudanmı, ermənilər həqiqi güclərinə inanacaqlar və bu Qafqazda yeni bir müstəqil dövlətin doğuluşu, yaxud boyunduruqdan xilası olacaq!
 
Birdən Kremlin əsəbi o qədər böyüyər ki, Ermənistanın da daxil olduğu vahid ittifaqın Ali Baş Komandanı Putin Krım hadisələrində olduğu kimi əsrlər boyu bu torpaqlar uğrunda qan tökməyinə, həyatını itirən əcdadlarının ruhuna xatir, qoşunlarını çəkib gələr Ağrı dağının ətəyinə və erməniləri də “Modest Kolerovun dediyi kimi” göndərər Tiqranın sələflərinin hazırda vuruşduğu Bəşər Əsədin yurduna. Hər halda “Ana Vətən”in ruhu çağırmalıdır, axı!
 
Onda rus konsulluğuna hücum çəkənlərin Putindən əfv diləməyə heç Eçmiədzin kilsəsi və dünyaca məşhur 2-ci Qareginin də gücü çatmaz. Axı vaxtilə həmin patriarxların rus çarlarına müraciətinin surquclu mətni hələ də durur və Lavrovun idarəsində, yaxud keçmiş DTK-nın gizli zirzəmilərində bu gün hər bir ermənini çarmıxa çəkməyə yetəcək qədər tarixi sənədlər yatır orda. Həmin minalar istənilən döyüş bölgəsindəki silahlardan daha təhlükəlidir və onlar üzə çıxarılsa, nəinki soyqırımların, eləcə də uydurlmuş bir dövlətin puç olan əfsanəsini, “uğur hekayəsi”ni qaytarıb yerinə tikmək mümkün olmayacaq.
 
Türk və azərbaycanlı tarixçiləri ilə vuruşmağa nə var! İlana anası qənim kəsiləndə onun zərbindən qurtula bilməzsən!
 
İndi Zori Balayan qabağa çıxıb xalqına müdrik məsləhətlərindən niyə vermir, görəsən? Cəmi bir əsgərin saçdığı dəhşətə dözə bilmirlər. Məgər ictimai şüuru belə şok doğuran cinayətlərə öyrədib, azərbaycanlılar üzərində ölüm plantasiyaları salıb indi öz siyasi-hərbi-iqtisadi, bir sözlə Yaradanları qədər borclu olduqları qüvvəyə necə qarşı çevrilə bilərlər?
 
Hər halda ruhunun qidası, mental dəyərləri və mədəniyyəti soyqırım fəlsəfəsindən kənarda olmayan bir milləti hərəkətə gətirən başqa hadisəni görən olmayıb. Yüz ildir bütün ölümlərini yazdıqları ayağa-türkün kürəyinə Permyakovun cinayətini yükləməyə isə heç bir dəlil-sübut yoxdur.
 
Bəs Azərbaycan keçmiş rus ordularının işğallarına necə dözüb və özündə güc taparaq yenidən bir dövlətin elitasına, xalqına əl uzadaraq birgə yaşamanın yollarını axtarıb? Ermənilər düşmən dedikləri azərbaycanlıların əvəzindən nəinki bir əsgərin, bütöv bir motoatıcı diviziyanın saldırısına məruz qalsaydılar, qəddar yaddaşlarından bunu silib atardılarmı?
 
Ona görə Permyakovu Krıma, yaxud Novorossiyaya yeriyən ordu ilə bir tutub mühakimə edə bilməzsən, erməni məhkəməsi! Permyakov heç Şahbaz, Dilqəm də deyil! Kəlbəcərdə və Gümrüdə dirçələn türk ruhunun hansı rus əsgərində təcəlla etdiyini isə qarışmış soyköklərini araşdıran institutlar belə təyin edə bilməzlər!
 
Rusiya Qarabağı Azərbaycana qaytarmaq üçün nəinki bir rayonu, cəmi bir kəndi boşaltmaq əmrini versə, bütün erməni əsatirləri dağılar, Bako Saakyanın yaratdığı rəşadətli ordunun dayandığı səngərlər bir günün içində boşalar. Lakin Kremlin strateqləri iki yüz illik xidmətçilərindən əllərini götürmək istəmədikləri üçün belə etməzlər. Bəli, təəssüf ki, pis ənənə çox vaxt dəyişmir.
Ona görə indi rusun əsgərini işğalçı statusda görüb ona sansksiya müharibəsinə çıxan Qərblə eyni sırada durmağa çalışan erməni xalqı soyuq ağılla qərar verməyə məcburdu. Gümrü Brüssel, Berlin, Vaşinqton deyil. Putinə qurulan məhkəmənin, rus prezidentinin ünvanına azərbaycanca yazılan söyüşün əks-zərbəsi yalnız bir səbəbə görə reallaşmır: Kremlin sahibi Potyomkin kimi Ermənistanı şumlayıb problemi bircə həftəyə həll edər və göstərər ki, onun əsgəri ABŞ ordusu kimi Əfqanıstanda etdiyi heç bir əmələ görə Kabil məhkəməsi qarşısında durmur! Qulların cənnətə gedən yolları bağlıdır! Onlar ağalarına qarşı üsyan qaldıra bilərlər, amma son hökmü hər zaman padşahlar verməlidir!
 
Kreml ermənilərə bütün tarixlərinin məhkəməsini qurar. Özü də Rusiya prezidentini ağır söyüşlə təhqir edərkən, azərbaycanlı lüğətinin səngərinə niyə sığınırlar? Qədim erməni dilinin hər yerə uzanan incə sənət materialı olduğunu ki hamı yaxşı bilir!
Ona görə 102-ci hərbi baza Ermənistanın təhlükəsizlik qarantıdır, Cənubi Qafqazda hərbi-siyasi balansı təmin edən qüvvədir, arsenalında olan zenit-raket kompleksləri və qırıcı təyyarələri ilə məhz erməniləri qoruyur və bunun əksini düşünənlər Putinin vaxtilə dediyi ultimativ mesajı gərək unutmasınlar.
 
“Rus əsgəri Qafqazdan getsə, buradakı xalqlar bir-birini qırar və Qafqaz qan gölünə dönər” demişdi bizim yeni rus çarımız və imperatorumuz. Ona görə Putinin üzr istəməsi haqda ukraynalıların tələbinə aludə olub, bayraq yandıranların rus ordusu olmadan Ermənistanın nəinki siyasi, eləcə də coğrafi mövcudluğuna, gələcək təhlükəsizliyinə zəmanəti yoxdur. Beləliklə, xilaskarlıq missiyasını yerinə yetirən bir ordunun üzvü kimi Permyakovun yeganə günahı tətiyini səhv ünvana çəkməsidir. Axı özünü qorumayan millətin yad ölkənin əsgərinə xidmət etməyə borclu olduğunu bizə qədim çin strateqləri çoxdan öyrədib.
 
Kalaşnikovun heykəli Gümrüdə qoyulmuşdu, əgər yadınızdan çıxmayıbsa! Onda biz demişdik ki, Puşkinə deyil, silaha əyilən başlar, təzim edən cüssələr bir gün həmin avtomatın qabağında tamam-kamal dizlərini yerə qoymalı olacaqlar! Məgər, bir xalqın mənəvi idealına tank-top yeridilirsə, bir ailənin soykökünün həmin silahın qundağı ilə vurulmuş sonuncu körpədən asılı qalması niyə vahimə, göz yaşları, kədər doğurmalıdır ki!
 
Avetisyanları qətlə yetirən silahın markası nə idi, ulu Tiqranın yetirmələri?
 
Zahid Oruc

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR