x
Loading...

"BMT Azərbaycanın təşəbbüsünü dəstəklədi, Ermənistan təklənib gülünc duruma düşdü" - Müşfiq Ələsgərli

Martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib.

BMT üzv dövlətlərinə və digər əlaqədar qurumlara COVID-19 əleyhinə peyvəndlərin bütün dövlətlər arasında ədalətli bölüşdürülməsini təmin etmək istiqamətində müvafiq tədbirlər görməyə çağırış edilir. Eyni zamanda, peyvəndlərin ədalətli bölüşdürülməsini dəstəkləmək məqsədilə yaradılmış beynəlxalq təşəbbüslərə, o cümlədən COVAX təşəbbüsünə dəstək ifadə edilir. Vurğulanır ki, bütün dövlətlər peyvəndlərin digər ölkələrə ixracı ilə bağlı mövcud olan lazımsız əngəlləri aradan qaldırmalıdırlar.

Qeyd edək ki, sənədin təşəbbüsçüsü qismində Qoşulmama Hərəkatının sədri olan Azərbaycan çıxış edib. Qətnamədə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz, qeyri-bərabər bölüşdürülməsi məsələsinə diqqət çəkilir.

Bunun insan hüquqları məsələsinə mənfi təsir göstərdiyi, pandemiyanın tamamilə aradan qaldırılmasına, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasına əngəllər yaratdığı vurğulanır.

Həmçinin, pandemiyanın aradan qaldırılmasında qlobal həmrəyliyin və çoxtərəfli əməkdaşlığın əhəmiyyətinə xüsusi yer ayrılır. Qətnamədə Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilmiş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiyasının əhəmiyyəti də qeyd edilir.

Sənədə ümumilikdə 133 dövlət həm-müəlliflik etmişdir ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir. Həm-müəlliflər sırasında dünyanın fərqli regionlarında yerləşən, iqtisadi göstəriciləri kəskin fərqlənən və fərqli siyasi qruplaşmalara məxsus olan ölkələr təmsil edilir.

Qətnamənin ərsəyə gəlməsində konsensusa nail olunması üçün uzun müddətdir ki, Cenevrədə BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində danışıqlar aparılırdı.

Məlumat üçün bildirək ki, sözügedən qətnamə Prezident İlham Əliyevin 1 fevral tarixində Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibəsində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin COVID əleyhinə peyvəndlərin dünya miqyasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə laqeyd qalmayacağı ilə bağlı ifadə etdiyi mövqeyə uyğun olaraq irəli sürülmüşdü.

Əldə edilmiş nəticəyə əsasən demək olar ki, ölkə başçısının pandemiya ilə bağlı əvvəlki təşəbbüsləri kimi, bu təşəbbüs də qısa müddət ərzində qlobal dəstək qazandı. Ölkə başçısının təşəbbüsünə uyğun olaraq, bəhs olunan qətnamədən əvvəl 5 mart 2021-ci il tarixində Qoşulmama Hərəkatının Nyu-York şəhərində fəaliyyət göstərən Əlaqələndirmə Bürosu tərəfindən də müvafiq mövzuda Komünike qəbul edilmişdi.

Buna əsasən demək olar ki, ölkə başçısının pandemiya ilə bağlı əvvəlki təşəbbüsləri kimi, bu təşəbbüs də qısa müddət ərzində qlobal dəstək qazandı.

Ermənistan qətnamənin qəbuluna maneə olmağa çalışmış, amma uğursuzluğa məruz qalnış və rüsvay olmuşdur. Ermənistan nümayəndəsi qətnamənin müzakirəsi zamanı çıxış edərək, ölkəsinin bir sıra təkliflərinin qətnamədə nəzərə alınmadığını bildirib. Ölkəmizin diplomatik uğurlarına, beynəlxalq müstəvidə çəkisinin artmasına qısqanclıqla yanaşan və tamamilə mövzudan kənar danışan Ermənistanın nümayəndəsi bildirib ki, Azərbaycanda 2020-ci ilin noyabrında “ermənilər yaşayan Qarabağ”da dezinfeksiya aparılmasını əks etdirən poçt markası dövriyyəyə buraxılmışdı.

Guya bununla Azərbaycan belə bir mesaj verirdi ki, ermənilər virusdur və buna görə də aradan qaldırılmalıdır. Daha sonra Ermənistan Azərbaycanda guya ermənilərə qarşı nifrət zəminində çıxışların edildiyini, etnik təmizləmə aparıldığını iddia edib. Son olaraq qətnamənin BMT Baş Assambleyasının koronavirusa qarşı xüsusi sessiyası kimi qlobal təşəbbüslərin alqışlandığı bəndi üzrə konsensusa qoşulmadığını bildirib. Ermənistanın bu bənd üzrə konsensusa qoşulmamasının yeganə səbəbi həmin xüsusi sessiyanın Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə çağırılmasıdır.

Ermənistanın bütün cəhdlərinə rəğmən, Azərbaycan Prezidentinin təşəbbüsü keçərli oldu, qətnamə qəbul olundu. Ermənistan yenə də təklənib gülünc duruma düşdü.

Müşfiq Ələsgərli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR