x
Loading...

Dünya iqtisadiyyatının “tutulan damarı”: Süveyş gec açılsa, nə baş verəcək? - TƏHLİL

.

Aralıq dənizi və Qırmızı dənizi bir-birinə bağlayan Süveyş kanalında baş verən gəmi qəzasından sonra kanalın naməlum müddətədək dəniz nəqliyyatına bağlanması Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) nəqlini çətinləşdirir.

Metbuat.az "Anadolu" agentliyinin kanalın əhəmiyyəti ilə bağlı yayımladığı məqaləni təqdim edir.

Mərkəzi Norveçdə yerləşən enerji araşdırma qurumu olan "Rystad Energy"nin məlumatına görə, dünyanın ən sıx ticarət yollarından biri olan Süveyş kanalının LNG ticarəti üçün strateji əhəmiyyəti var.

Kanal Orta Şərqdən Avropaya gedən LNG yükləri və Aralıq dənizindən Asiyaya gedən bəzi yüklər üçün əsas yol mövqeyindədir.

Keçən il kanal üzərindən Qətərdən Avropaya həftədə təxminən beş ədəd olmaqla, ümumilikdə 260-a yaxın LNG yükü göndərilib.

Şotlandiyanın araşdırma şirkəti olan "Wood Mackenzie"nin məlumatına görə, Süveyş kanalı qlobal LNG ticarətinin 8 faizini özündə birləşdirir.

Kanalda saya oturaraq, dəniz nəqliyyatının dayanmasına səbəb olan nəhəng "The EverGreen" gəmisini xilas etmək üçün işlər davam edərkən kanalın bir neçə həftə qapalı qalma ehtimalı Avropaya gedən LNG yükləri üçün böyük risk təşkil edir.

Hazırda aprelin ilk həftəsində Avropadakı LNG terminallarına çatdırılması planlaşdırılan, ancaq Süveyşdə Aralıq dənizini keçməyi gözləyən üç dolu LNG gəmisi var.

Bundan başqa, Ərəbistan dənizindən Süveyş kanalına gedən 1 milyon kubmetr tutumlu iki gəminin də mövcud şərtlər daxilində Avropaya çatması qeyri-mümkün görünür.

"Rystad Energy" Təbii Qaz və Elektrik Bazarlarının rəhbəri Torres Diaz Avropada artan temperaturla təbii qaz tələbinin azalmağa başladığını, ancaq qitədə aşağı yeraltı saxlama səviyyələrini yeniləmək üçün mütəmadi olaraq LNG tədarükünə ehtiyac olduğunu bildirib:

"Süveyş kanalından həftədə orta hesabla beş gəmi keçir. İki həftəlik bir qapanma təxminən 2 milyon kubmetr LNG-nin Avrapaya çatdırılmasını gecikdirə bilər. Ən pis ssenari olan dörd həftəlik bir qapanma isə təxminən 4 milyon kubmetr yükün çatdırılmasını gecikdirmiş olacaq".

T.Diaz yolun bir həftə içində keçidə hazır vəziyyətə gəlməsi halında belə kanalı keçmək üçün uzun bir gəmi tıxacı yaranacağını deyib:

"Yolun açılması nə qədər uzun çəkərsə, gəmi tıxacı o qədər uzun olacaq".

O Rusiyanın Avropaya boru xətti ilə qaz çatdırılmasının hazırda maksimum həcmindən aşağı olduğunu xatırladıb:

"Rusiyanın qaz təchizatı bu müddətdə rahatlığı təmin etməyə kömək ola bilər. Hazırkı vəziyyətdə ən çox kimin fayda əldə edəcəyinə baxsaq, problemin həllinə tələsməyən ölkənin Rusiya olduğunu deyə bilərik.

Normalda Avropanın ikinci böyük qaz tədarükçüsü olan Norveç də bu vəziyyətdə qazanc əldə edə bilərdi, amma boru xətti sistemi indi, demək olar ki, maksimum gücü ilə işləyir".

ABŞ-ın qaz istehsalında müşahidə olunan aylıq artıma diqqət çəkən T.Diaz bu artımın ölkədəki istehsalçılara belə bir daşınma yolu böhranında bəzi sifarişləri zəmanətə almaq üçün fürsət yaratdığını deyib:

"Gəmilər daha baha başa gələn Afrikanı dolanaraq Avropaya çatmaq əvəzinə, ABŞ-ın LNG ixracat müəssisələrindən Avropaya daha sürətlə daşınma həyata keçirə biləcək".

"Wood Mackenzie"nin baş mütəxəssisi Lukas Şmitt də kanalın bir neçə gün içində açılması halında qapanmanın LNG bazarı üzərindəki təsirinin məhdud olacağını bildirib.

Onun özlərinə görə, prosesin uzanması ilə keçən ay Panama kanalı istiqamətindəki yüklərdə yaşanan gecikmələrə bənzər bir prosesin yaşana biləcəyi, bunun da bazar üzərindəki təsirinin böyük olacağı qaçılmazdır.

L.Şmitt sözügedən hadisənin qlobal LNG qiymətlərinə təsirini dəyərləndirib:

"Bu hadisənin zamanı diqqətə alındıqda, LNG bazarında aralıq mövsümə girildiyi üçün qapanmanın qiymətlər üzərindəki təsiri daha az hiss ediləcək".

Qeyd edək ki, dünyanın ən vacib su yollarından biri olan Süveyş kanalında martın 24-də nəhəng bir konteyner gəmisi ölkədəki qum fırtınası və çətin hava şəraiti nəticəsində görünüş məsafəsinin itməsi ilə bağlı sahilə çırpılaraq, qəza törədib.

"The Evergreen" adlı gəminin dar kanalda eninə yolu bağlaması uzun gəmi tıxacı yaradıb və dəniz nəqliyyatının dayanması ilə xam neft və LNG daşınmasında axsamalar yaşanıb.

Süveyş kanalı idarəsi həmin gün dəniz nəqliyyatının normal qaydasına düşdüyünü açıqlamış, ancaq martın 25-də gəminin yenidən hərəkət edənədək Süveyş kanalından hərəkətin təxirə salındığını elan etmişdi.

Sözügedən gəmin sahibi olan Yaponiya şirkəti martın 26-da gəminin yenidən üzməsi istiqamətində çalışmalarda çətinliklə qarşılaşdıqlarını bildirmişdi. (qafqazinfo)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR