x
Loading...

"Müharibə gedə-gedə bizə qarşı sanksiyalar tətbiq etmək istəyirdilər" - İlham Əliyev

İkinci Qarabağ müharibəsinə hazırlaşmalı idik və hazırlaşdıq. Siyasi sabitlik, vətəndaş birliyi təmin edildi. Xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparıldı və siyasi müstəvidə artıq vəziyyət sağlamlaşdı. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edildi.

Metbuat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışından sonra hərbi qulluqçularla görüşündə danışıb.

“Mən bu barədə əvvəlki illərdə danışarkən bəziləri hesab edirdi ki, bəli, bunlar qəbul olundu, amma bunun nəticəsi yoxdur. Bu gün gördük bunun nəticəsini, hər kəs gördü bunun nəticəsini. BMT Təhlükəsizlik Şurasının qətnamələri var idi, ondan başqa ciddi bir sənəd yox idi. BMT Baş Assambleyasının qərarı, Qoşulmama Hərəkatının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti. Avropa Şurası Parlament Assambleyası həmişə bizə düşmənçilik mövqeyi sərgiləyir, hətta onlar da məcbur olub ərazi bütövlüyümüzə dəstək nümayiş etdiriblər. Bütün bunlar siyasi və hüquqi baza yaradıbdır. Əgər bu, olmasaydı, müharibə dövründə bizə qarşı Minsk qrupuna həmsədrlik edən ölkələrin BMT-dəki təşəbbüsü nəticə verə bilərdi. Bunu da hər kəs bilsin, bir çoxları bilmir. Müharibə gedə-gedə bizə qarşı sanksiyalar tətbiq etmək istəyirdilər”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Öz torpağında vuruşan, öz ərazi bütövlüyünü bərpa edən Azərbaycana qarşı sanksiyalar tətbiq etmək istəyinin ədalətsizlik, vicdansızlıq olduğunu bildirən Prezident İlham Əliyev deyib: “Kim idi bunları təşkil edən? Minsk qrupuna həmsədrlik edən ölkələr. Kim bunun qarşısını aldı? Bizə dost olan ölkələr, Qoşulmama Hərəkatına üzv olan ölkələr. Çünki biz Qoşulmama Hərəkatının sədri kimi özümüzü ləyaqətlə aparmışıq, bu ölkələrə kömək etmişik, həm maliyyə yardımı göstərmişik, həm də humanitar yardım. COVID ilə bağlı 30-dan çox ölkəyə humanitar, maliyyə yardımı göstərmişik. Onların maraqlarını müdafiə etmişik və onlar da, öz növbəsində, bizə dəstək verdilər. Düzdür, hər hansı bir qətnamə qəbul olunsaydı belə, bizi dayandıra bilməzdi. Heç kim və heç nə bizi dayandıra bilməzdi”.

Prezident qeyd edib ki, əgər biz hansısa bir ölkədən və yaxud da hansısa beynəlxalq maliyyə qurumundan asılı olsaydıq, müharibəni apara bilməzdik. Çünki min cür təzyiq edəcəkdilər, bizi təhdid edəcəkdilər, imkanlarımızı kəsəcəkdilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR