Pandemiya dövründə Ramazan ayı -

Hazırda bütün müsəlman dünyası müqəddəs Ramazan ayını yaşayır. Aclıq və susuzluğun nə demək olduğunu insanlara öyrədən bu ayda doğmalıq və nəfsini nəzarət almaq hissi insanları bir-birinə yaxınlaşdırır.

Pandemiyanın ikinci ilini yaşadığımız bu Ramazan günlərində insanların qidalanarkən, həm də imunitetlərini nəzarət altında saxlamaq kimi bir öhdəliyi yaranıb.

Məhz bu sualların cavabını öyrənmək üçün Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov ilə söhbət apardıq.

Mütəxəssis Metbuat.az-a bildirdi ki, Ramazan ayında oruc tutan şəxs günboyu yemək yemədiyi üçün imsak və iftar yeməklərinə xüsusi diqqət yetirilməlidir.

Bir Ağa Salamov, kostyum və outerwear şəkili ola bilər

''Hazırda havalar bir qədər sərin keçdiyi üçün, oruc tutanların susuzluqdan əziyyət çəkmək kimi problem bir o qədər də olmur. Amma imsak və sahurda çalışmaq lazımdır ki, ədviyyatlı məhsullar, duzlu pendir, turşular, konservləşdirilmiş məhsullar, emal olunmuş ət məhsulları (kolbasa,sosiska,hisə verilmiş balıq) kimi qidalardan uzaq durmaq lazımdır. Bu cür qidalar gün ərzində susuzluq hissini artırır ki, buda oruc tutan adamda susuzluq əmələ gətirir. Həmçinin qazlı rəngli içkilər, enerji içkiləri və qəhvədən uzaq durmaq lazımdır.

Duzdan imtina o demək deyil ki, biz ümumyyətlə qida zamanı duzdan istifadə etməməliyik. Gün ərzində orqanizmə tələb olunan 5 qram duzu biz qidalanma zamanı qəbul etməliyik.

Tər vasitəsi ilə insanlarda gün ərzində bir çox minerallar bədəndən ayrılır. Ona görə də orucumuzu açdığımız zaman, bişirilən yeməklərin tərkibində duz olmalıdır ki, itirdiyimiz həmin faydalı mineralların defisitini yaşamayaq''.


Gün ərzində toxluq hissi yaşamaq və bədənin gücdən düşməməsi üçün hansı qidaların qəbulu vacibdir?

''Bura əsasən yumurta, ağartı məhsulları, kərə yağı, nehrə yağı, qaymaq, qatıq, yüksək lifli qidalardan,mərci, lobya, noxud, çərəzlər və quru meyvələr istehlakı daxildir.

Karbohidratlar, zülal tərkibli qidalar və bunlardan hazırlanan sahur yeməyinin qəbulu gün ərzində enerji və əzələ gücünün təmin olunmasında köməklik göstərir. Həmçinin oruc tutan insanların aclığa olan tələbatını azaltmaq üçün paxlalı bitkilər, quru meyvələrin qəbulu da önəmlidir.

Ramazan ayında adətən 8-16 saat orucluq vaxtı olur. Bu mövsüm isə 15 saat biz ac qaldığımıza görə bu müddətdə itirdiyimiz enerjini geri qaytarmaq üçün ət məhsulları, ağartı məhsulları, lifli qidalar, çərəzlər, tərəvəzlərin qəbulu, orqanizmanın zəifləməməsi və maddələr mübadiləsinin pozulmaması üçün çox vacibdir''.

Ramazanda suyun istehlakı necə olmalıdır?

Həddindən artıq çox su içmək ZİYANLIDIR

''Səhər sahur vaxtı tədricən 700ml suyun istehlakı gün ərzində susamamaq, bədənin su balansının təmin olunmasında önəmlidir. Suyun da burada fəlsəfəsi böyükdür. Gün ərzində susuz qalıb qatılaşmış qanı durultmaq üçün su içilməsi mütləqdir. Suyun sadə PH səviyyəsi7.35-45 arasında olması lazımdır. Qətiyyən rəngli, qazlı sular ilə iftarı açmaq düzgün sayılmır''.

Uzun sürən aclıqdan sonra boş mədəni yükləməmək üçün iftarımızı hansı qaydada açsaq daha sağlam qala bilərik?

''Qızartma, həddindən artıq yağlı, xəmir yeməklərindən və unlu qənnadı məmulatlarından, iftar və imsak süfrələrində doyumluq deyil, yalnız dadmaq üçün istehlak etmək məqsədə uyğundur. Yaxşı olar ki, iftar otaq temperaturunda su və xurma ilə açılsın. Xurmanın tərkibində şəkər, zülal, lif və yağdan başqa 15 fərqli mineral və C, B1, B2, niacin və A vitaminləri var. Həmçinin xurmada immunitet sistemini gücləndirərək xərçəngin qarşısını alma funksiyasına sahib olan selenium kimi minerallarda mövcuddur.

İftar yeməyinə, mərci, tərəvəz və ya paxlalı, gül kələmi, brokolidən hazırlanmış şorba və bir dilim tam buğda ya da çovdar çörəyi ilə başlamaq lazımdır. Şorbadan sonra dərhal əsas yeməklərə keçmək olmaz.Təqribən 15 dəqiqə gözlədikdən sonra digər yeməklərə başlamaq olar. Onu da qeyd edim ki, ana yeməklər ilə qidalanma zamanı norma həddi gözlənilməlidir. Zülal tərkibli qidalar və bunlardan hazırlanan yeməklərin istər sahur, istərsə də imsak vaxtı qəbulu bədənin enerji təminatı baxımından vacibdir. Nəzərə alsaq ki, insan çəkisinin hər kiloqramına 1qram zülal düşür, biz də o zaman bunun yarısını yəni 50 faizi bitki mənşəlli, 50 faizi isə heyvan mənşəlli zülal ilə balanslaşdırıb o formada qəbul etməliyik. Qeyd edim ki, əsas yeməyi yaxşı çeynəmək lazımdır. Həzm prosesimizi yaxşılaşdırmaq, mədənin lazımı qədər şirə ifraz etməsi üçün bu, mütləqdir''.


''Qatıq, ayran, bu da yoxdursa, kompot mütləq şəkildə süfrədə olmalıdır. Çünki qatıq, ayran həm də susuzluğu aradan qaldıran nemətdir. Lakin bunlar sənaye məhsulu deyil, mütləq orqanik olmalıdır. İçkilərə gəlincə, rəngli, qazlı, enerji içkiləri olmalı deyil. Yaxud normal su, yaşıl və ya bitki tərkibli çayların ( kəkotu, reyhan, sumax çayı və.s) qəbulu da mümkündür”.

Bəs kimlərə oruc tutmaq sağlamlıq baxımından olmaz?

''Qan təzyiqi olan, epilepsiya, insulin qəbul edən, həmçinin mədə və 12 barmaq xəstəliyiolan eyni zamanda COVİD xəstələri oruc tuta bilməzlər. Yaşlı və xəstə insanlar mütləq həkim müayinəsindən keçməli və həkimlərinin məsləhəti olmadan oruc tutmaqları da tövsiyə olunmur.''

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR