QHT Şuradan miras qalan problemlər:

III sektorda “Soros sindromu”

Azərbaycanda qeyri-hökumət təşkilatları platforması normal şərtlər altında formalaşmayıb. 90-cı illərin əvvəllərində totalitar Sovet sistemindən açıq cəmiyyətə xaotik keçid tendensiyası III sektora da möhür vurub. III sektor beynəlxalq standartalara deyil, siyasi mərkəzlərin istək və arzularına, dünya görüşlərinə uyğun olaraq formalaşdırılıb. 90-cı illərdə aktiv olan QHT və KİV-lərin böyük kəsimi vətəndaş cəmiyyəti institutu olmaqdan daha çox, hansısa partiyanın, siyasi mərkəzin peyki kimi görünüb. Adları qarşısında bəlli bir epitet vardı: “bu QHT AXCP-nin, o təşkilat Musavatındır” deyə bölgü yaranmışdı. Yəni, hansısa güc mərkəzinin əlində alət olmaq, peyk funksiyasını icra etmək bir növü, QHT və KİV-lər üçün mahiyyətə çevrilmişdi.

Mövcud boşluq xarici güc mərkəzləri üçün də əlverişli idi. Qərbin demokratik təsisatları adıyla ölkəyə gələn institutlardan bir qismi III sektora töhvə vermək yerinə, bu sektor vasitəsiylə Azərbaycanı nəzarətdə saxlamaq üçün mexanizmlər formalaşdırır, öz işlərini qururdular. Bu baxımdan Azərbaycanda QHT sektoruna ən böyük zərbəni bilavasitə “Soros” Fondu və “Sorosabənzər” digər Qərb institutları vurublar. Fond ölkədə QHT-lərin siyasiləşdirilməsi, öz mahiyyətindən və fəaliyyət fəlsəfəsindən uzaqlaşdırılaraq siyasi alət kimi istifadə olunması təcrübəsini yaradıb. Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu, yəni Soros Fondu Azərbaycanda 1996-cı ilin sonlarından fəaliyyət göstərib. Fond özü rəsmən elan edib ki, fəaliyyəti dayanana qədər (2011-ci il) Azərbaycanda “demokratik inkişafa”, o cümlədən, media və QHT sektoruna yönəlik proqramlara orta hesabla hər il 3 milyon dollar vəsait xərcləyib, qrant ayırıb. Cəm halda 15 il üçüntəqribən 55 milyon dollar vəsait edir. Mahiyyətcə böyük vəsait deyil. Amma bu kiçik vəsaitlə Azərbaycan informasiya məkanında və QHT sektorunda nələr ediblər? Bircə nümunə verməklə təsəvvür formalaşdıraq: 90-cı illərdə, 2000-ci illərin əvvəllərində “Sorosa bənzərlərin” yönləndirməsi ilə küçəyə çıxıb Azərbaycan polisinə daş atan “Azərbaycan jurnalistləri”ni, “QHT təmsiçiləri”ni, yəqin ki, əksəriyyət xatırlayır.

III sektorun missiyası böyükdür, funksiyası çoxşaxəlidir. Bu sektor dövlət-hakimiyyət orqanları üzərində ictimai nəzarət missiyasını həyata keçirməlidir; ictimai maraq kəsb edən problemləri müəyyənləşdirməli, həlli üçün təkliflər hazırlayıb dövlət və hakimiyət qurumlarına təqdim etməli,icrasına nail olmalıdır. Amma bu missiyanı yerinə yetirməyin yolu müvafiq qurumlarla dioloqdan keçir. “Soros sindromunun” isə mahiyyəti budur ki, hökumət, dövlət strukturları ilə dioloq yolunu seçib ictimai problemlərin həllinə yardım etməli olan III sektor, əksinə, konfrantasiyaya meylləndirilir, ortada antaqonist ziddiyyətlər yaradılırdı.

“Soros” Fondunun yaratdığı bu sindrom Azərbaycanın III sektorunda uzun müddət hakim olub, yalnız ölkədə milli donor institutlarının formalaşdırılması ilə əhəhmiyyətli dərəcədə təsirdən salınıb.

QHT Şuranın həll etmədiyi problemlər

QHT sektorunun yad təsirlərdən xilas edilməsi, milliləşdirilməsi, özmissiyasına qaytarılması üçün töhvə vermiş qurumlar sırasında QHT-lərə Dövlət Dəstəyi Şurası ön cərgədə dayanıb. Yaradılış baxımdan (2007-ci il) milli donor institutları sırasında ilk olan QHT Şura ölkədə sonradan yaradılan donor instutları üçün örnək/təcrübə formalaşdırıb, yeni bir platformaya çevrilib. QHT Şuranın dəstəyi ilə QHT sektoru milliləşib, peşəkarlaşıb, inkişaf edib. Bu, danılmaz bir həqiqətdir. Amma problemlərin tamamilə aradan qaldırılmasını tam təmin edə bilibmi? Təəssüf ki, bu məqamda nikbin danışmaq imkansızdır. QHT-lərin problemləri çoxdur, həll edilmələri zəruridir. Jurnalist təşkilatının təmsilçisi qismində QHT-lərin problemlərini bilirəm, daha doğrusu, bu problemləri yaşayıram. Onların hamısını sadalamaq imkansız olsa da, nümunələr verməklə təsəvvür formalaşdıraq.

  • Ölkədə 3000-dən çox QHT var, bunlardan neçəsi institutlaşa bilib? Təəssüf ki, 1 faizin özü də mübahisəlidir. QHT Şura QHT-lərin peşəkarlaşdırılmasına töhvə verib, amma QHT-lərin institutlaşmasını təmin etməyib. “Ehsan” paylayırmış kimi ildə 1-2 dəfə eyni məbləğdə vəsaiti qrant adıyla bütün QHT-lər arasında bərabər şəkildə bölmək çıxış yolu deyil. Bacarığı, imkanları, potensialı olan QHT-lərə fərqli münasibət olmalı, fərqli müstəvidə iş qurulmalıdır. QHT Şura bu prinsipi tətbiq edə bilmədi.Şura QHT-lərlə deyil, layihələrlə işlədi.
  • Beynəlxalq standartlara uyğun iş qura bilmiş, beynəlxalq təşkilatlarla əməkdaşlığa nail olmuş milli QHT-lərin sayı minimum səviyyədədir, onları bir neçə barmaqla saymaq olar. QHT Şura bu QHT-lərlə sistemli iş qura bilmədi. Hansı ki, yaşadığımız günlərdə buna çox ciddi şəkildə ehtiyac var. 44 günlük müharibə bu sahədəki boşluqları çılpaqlığı ilə göstərdi.
  • QHT-lər üçün peşəkar kadr hazırlığına töhvə verilməlidir. Acı da olsa, həqiqətdir: “Soros” Fondu öz təmayülünə uyğun gələn QHT-lər üçün tədris-təlim proqramını qura bilib. Bunu sistemli şəkildə, institutsional formada həyata keçirir. QHT Şura isə bu sahədə milli QHT-lərə töhvə verə bilmədi.

Nümunələrin sayını artırmaq olar, amma gərək yoxdur, durum ortadadır. Təhlillər onu göstərir ki, yarandığı dövrdə dövlətin ictimai sektorla əməkdaşlığı üçün mütərəqqi mexanizm olan QHT Şuranın səlahiyyətləri, funksiyanallığı,hüquqi statusu cəmiyyətin mövcud çağırışlarına tam cavab vermir.

QHT-lərə Dövlət Dəstəyi Agentliyindən gözləntilər

Prezident İlham Əliyev Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması barədə Fərman imzalayıb. Agentliyin Nizamnaməsindən görünür ki, onun hüquqi statusu konkretdir, həm də, Şuradan daha çoxdur. QHT Şurasının hüquqi statusu isə qeyri-müəyyən idi. Şura nə mərkəzi icra hakimiyyəti orqanı, nə qeyri- kommersiya qurumu, nə də publik hüquqi şəxs deyildi. Bu baxımdan çevik manevrlər edə, vətəndaş cəmiyyəti institutlarının tələblərinə operativ reaksiya verə bilmirdi.

Agentlik QHT-lərin maliyyə resurslarının şaxələndirilməsi üçün yeni mexanizmlər tətbiq etmək səlahiyyətinə malikdir; publik hüquqi şəxs qismində kənar mənbələrdən əlavə fondlar cəlb edə bilər.

Agentliyə ictimai nəzarətin təşviq edilməsi və İctimai şuraların fəaliyyətinin dəstəklənməsi istiqamətində səlahiyyət verilir. Bu da QHT-lərin daha üstün statusunu təmin edir, onları kimsənin əlavəsi olmaq durumundan çıxarır, nəzarətedici quruma çevirir. Bu, QHT-lərlə yanaşı, bütün cəmiyyət üçün faydalıdır, idarəetmədə şəffaflq və hesabatlıq əmsalının artmasına ciddi töhfə verilir. Agentlik qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafını dəstəkləmək, bu sahədə fəaliyyəti təşviq etmək, beynəlxalq tədbirlərdə qeyri-hökumət təşkilatlarının iştirakını təmin etmək üçün vəsait ayırmaq öhdəliyi daşıyır. Həmşinin, bu sahədə peşəkar mütəxəssislər hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsini təmin etmək baxımından məsul tutulur.

Ümid etmək olur ki, qeyd edilən dəyişikliklərin həyata keçirilməsi ilə, Azərbaycan QHT sektorunu yeni bir müstəviyə çıxarmaq, modern tələblərə uyğunlaşdırmaq mümkün olacaq.

Müşfiq Ələsgərli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR