Cümhuriyyət: Tiflisdən Bakıya gedən yol

Cümhuriyyət: Tiflisdən Bakıya gedən yol
09:54 28 May 2015
188 Ölkə
Ölkə mətbuatı
A- A+

Şərqin ilk demokratik respublikasının yaşam savaşı

 

 

1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. Hakimiyyətə gələn Müvəqqəti hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Fevral inqilabının qələbəsindən sonra Dövlət Dumasındakı Zaqafqaziyadan olan deputatların təşəbbüsü və Müvəqqəti hökumətin qərarı ilə Zaqafqaziyanı idarə etmək üçün Duma deputatlarının üzvlüyü ilə Xüsusi Zaqafqaziya Komitəsi yaradıldı.

 

Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında hakimiyyət çevrilişi baş verdi. Petroqradda hakimiyyəti ələ keçirən bolşeviklər Rusiya Sovet Federativ Sosialist Respublikasını elan etdilər. Bolşeviklərin Petroqraddakı çevrilişi Zaqafqaziyada rəğbətlə qarşılanmadı. 1917-ci il noyabrın 15-də Tiflisdə bu ərazidə yaşayan üç xalqın (azərbaycanlı, gürcü və erməni) nümayəndələrindən ibarət Zaqafqaziya Komissarlığı yaradıldı. Noyabrın 26-28-də isə Qafqazdan Rusiya Müəssislər Məclisinə seçkilər keçirildi. 1918-ci ilin yanvarında bolşeviklər Rusiyada Müəssislər Məclisini buraxdıqdan sonra Zaqafqaziya Diyar Soveti yerli hökumət strukturunun yaradılmasını qərara aldı. Zaqafqaziyadan Rusiya Müəssislər Məclisinə seçilmiş deputatlar 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seyminin - Zaqafqaziya parlamentinin yaradılmasını qərara aldılar.


Zaqafqaziya Seymində Müsəlman Fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputatdan ibarət dörd müsəlman partiyası - "Müsavat" və ona qoşulan demokratik bitərəflər qrupu (30 deputat), "Müsəlman sosialist bloku" (7 deputat), "Rusiyada Müsəlmanlıq" ("İttihad" - 3 deputat), "Hümmət" (menşevik - 4deputat) partiyaları təmsil edirdi. Müsəlman Fraksiyası və ya Müsəlman Şurası əslində Zaqafqaziya müsəlman parlamenti funksiyasını yerinə yetirirdi.


Dövlət dumalarında olduğu kimi, Zaqafqaziya Seyminin də ən ardıcıl üzvləri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin kəskin milli mənafe ziddiyyətləri Zaqafqaziya Seyminin və Zaqafqaziya Cümhuriyyətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

 

1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının (Zaqafqaziya Müsəlman Parlamentinin) üzvləri də ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla əslində Azərbaycan tarixində ilk parlament yarandı və Şərqdə ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. tarix üzrə fəlsəfə doktoru Nəsiman Yaqublunun dediyinə görə, Müsavat Partiyası sədrliyə Məhəmməd Əmin Rəsulzadənin namizədliyini irəli sürdü. "İttihad" partiyası istisna olmaqla, qalan təşkilatların səsverməsi nəticəsində M.Ə.Rəsulzadə Milli Şuranın sədri, H.Ağayev və M.Seyidov Milli Şura sədrinin müavinləri seçildilər. Elə həmin iclasda Milli Şuranın doqquz nəfərdən ibarət icraiyyə orqanı yaradıldı, F.Xoyski icraiyyə orqanının sədri seçildi.

 

Mayın 28-də Qafqaz canişininin Tiflisdəki iqamətgahında Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. İclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacinski, Əli Əskər bəy Mahmudbəyov, Asian bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İSTİQLAL BƏYANNAMƏSİni qəbul etdilər. Səsvermədə 24 nəfər müstəqilliyin lehinə səs verdi, iki nəfər (S.M.Qənizadə və C.Axundov) bitərəf qaldı.


İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradıldığını elan edirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:


1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.


2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.


3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.


4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.


5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.


6. Müəssislər Məclisi toplanana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.


Azərbaycan Milli Şurası həmin iclasında eyni zamanda bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti Hökumətinin tərkibini də təsdiq etdi. İlk Müvəqqəti Hökumət bu tərkibdə idi:

 

Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri;

Xosrov Paşa bəy Sultanov - hərbi nazir;

Məmməd Həsən Hacınski - xarici işlər naziri;

Nəsib bəy Yusifbəyli - maliyyə naziri və xalq maarifi naziri;

Xəlil bəy Xasməmmədov - ədliyyə naziri;

Məmməd Yusif Cəfərov - ticarət və sənaye naziri;

Əkbər Ağa Şeyxülislamov - əkinçilik naziri və əmək naziri;

Xudadat bəy Məlik- Aslanov - yollar naziri və poçt-teleqraf naziri;

Camo bəy Hacınski - dövlət nəzarətçisi.


Beləliklə, Birinci Dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi. 1813-cü ildən sonra ilk dəfə olaraq Azərbaycanın müstəqil idarə olunmasına başlandı.

 

Mayın 30-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Türkiyə, Almaniya, Avstriya-Macarıstan, Fransa, Böyük Britaniya, İtaliya, ABŞ, Bolqarıstan, Rumıniya, İran, İspaniya, Hollandiya, Rusiya, İsveç, Ukrayna, Danimarka və Yaponiya Xarici İşlər nazirliklərinə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması barədə məlumat göndərdi.

 

Gənc Azərbaycan dövləti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə doğulmuşdu. Bakıda hakimiyyəti Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik güruhu ələ keçirmiş və Azərbaycanın türk-müsəlman əhalisinə qarşı dəhşətli soyqırımına başlamışdı. Çar generalları tərəfindən silahlandırılmış erməni quldur dəstələri Şərqi Anadolunun, Cənubi və Qərbi Azərbaycanın türk-müsəlman əhalisinə qarşı qanlı qırğını - soyqırımını davam etdirirdilər. On minlərlə türk-müsəlman əhali ancaq milli və dini mənsubiyyətinə görə qətlə yetirilir və əmlakları talan edilir, yüzlərlə yaşayış məntəqələri, maddi mədəniyyət abidələri, Azərbaycan xalqının əsrlər boyunca yaratdığı mənəvi sərvətlər yerlə yeksan olunurdu. Azərbaycan xalqı fiziki cəhətdən tamamilə məhv edilmək təhlükəsi qarşısında qalmışdı. Neft Bakısını ələ keçirməyə çalışan xarici qüvvələr arasındakı rəqabət daha da kəskinləşməkdə və bütün Cənubi Qafqaz üçün yeni təhlükə - bolşevik Rusiyasının təcavüzü təhlükəsi yaxınlaşmaqda idi. Azərbaycan xalqı öz tarixinin ağır yolayrıcında qalmışdı: ya milli qurtuluş, ya da ki, məhv edilərək Cənubi Qafqazın etnik-siyasi xəritəsindən tamamilə silinmək! Azərbaycanı müstəqil dövlət elan etmiş Cümhuriyyət xadimləri məhz belə bir tarixi şəraitdə çaşqın vəziyyətə düşmüş və çıxış yolu tapa bilməyən xalqın önünə keçdilər.

 

1918-ci il mayın 28-dən 1918-ci il iyunun 16-na qədər Azərbaycan Milli Şurası və Müvəqqəti hökuməti Tiflisdə fəaliyyət göstərdi. Cümhuriyyət tariximizin Tiflis dövründə gələcək uğurların əsasını qoyan iki mühüm addım atıldı - Osmanlı dövləti ilə Batum müqaviləsi bağlandı və Osmanlı dövlətindən hərbi yardım istənildi. 4 iyun 1918-ci ildə bağlanmış bu müqavilə Azərbaycan Hökumətinin imzaladığı ilk dövlətlərarası saziş idi. Müqaviləyə əsasən Osmanlı AXC-nin müstəqilliyini tanıdı və hərbi yardımı öz üzərinə götürdü. Müqavilənin 4-cü maddəsində deyilirdi: "Osmanlı imperator hökuməti Azərbaycan Cümhuriyyəti Hökumətinə qayda-qanun və ölkənin təhlükəsizliyinin təmin olunmasına ehtiyac duyduğu təqdirdə, hərbi qüvvə ilə kömək etməyi öhdəsinə götürür".

 

Osmanlı yardımında əsas məqsəd 1918-ci ilin yazında bolşeviklərin ələ keçirdiyi Bakını azad etmək idi. Maraqlıdır ki, bu saziş imzalanmazdan bir qədər əvvəl Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğının qarşısını almaq və Dağıstan müsəlmanlarına kömək etmək məqsədilə Osmanlı dövləti tərəfindən Qafqaz İslam Ordusu adlı yeni struktur yaradılmış və Nuru Paşa bu hərbi birləşməyə komandan təyin olunmuşdu. Mayın 25-də isə Qafqaz İslam Ordusu artıq Gəncədə idi. Professor Nəsib Nəsiblinin qeyd etdiyinə görə, Nuru Paşa Gəncəyə gəldiyi vaxt bolşevik-daşnak qoşunlarına qarşı cəmi 600 nəfərdən ibarət dəstələr dururdu.

 

Yeni dövlətin mübahisəli və birmənalı qarşılanmayan qərarı - İrəvanın Ermənistana güzəştə gedilməsi də Tiflisdə baş verdi. 1918-ci il mayın 29-da İrəvan bir şərtlə Ermənistana güzəştə gedildi - ermənilər Dağlıq Qarabağa olan ərazi iddialarından əl çəkməli idilər. Lakin təəssüf ki, bu baş vermədi.

 

Milli Şura və ilk hökumət 1918-ci il iyunun 16-da Gürcüstan hökumətinin tələbi ilə Tiflisdən Gəncəyə köçdü. Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin tarixində ilk hökumət böhranı baş verdi. Bu zaman Batum müqavilələrinin (1918) şərtlərinə əsasən, soyqırımına məruz qalan Azərbaycan xalqının köməyinə gələn və artıq Gəncədə olan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa ilə Milli Şura üzvləri arasında fikir ayrılığı yarandı. Hökumətin inqilabi tədbirlər həyata keçirəcəyindən ehtiyat edən Azərbaycan burjuaziyası və mülkədarları nümayəndələrinin işə qarışması və bunun nəticəsində Nuru Paşa ilə Azərbaycan Milli Şurası və Hökuməti arasında ixtilaf yaranması vəziyyəti daha da ağırlaşdırdı. Çətinliklə qazanılmış istiqlalın itirilməsi təhlükəsi yarandı. Mirzə Bala Məmmədzadə bu xüsusda yazırdı: “Nuru Paşa yalnız bitərəflik elan etməmiş, hökumətin və Milli Şuranın tamamilə dağılmasını və mövqeyini paşanın öz ordusu ilə təşkil edəcəyi hökumətə verməsini istəyirdi. Təşkil olunacaq bu “hökumət” isə rus çarizminin sabiq deputatları ilə şeyxülislamdan ibarət olacaqdı”.

 

(Davamı var)

 

Cavid Cabbaroğlu

tarix üzrə fəlsəfə doktoru

 

















Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/204078

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR