Azərbaycanla Rusiya arasında yükdaşımaların həcmi açıqlandı

Xəbər verdiyimiz kimi, Moskvada Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 19-cu iclası keçirilib.

Nazirlər Kabinetindən Metbuat.az-a verilən məlumata görə, iclasda Komissiyanın həmsədrləri - Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçukun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

İclasda Azərbaycan-Rusiya əmtəə dövriyyəsinin bu ilin birinci rübündə 2 faiz artdığı qeyd edilib. Əmtəə dövriyyəsi mallarının çeşidinin olduqca geniş olduğu xüsusi vurğulanıb.

Bildirilib ki, pandemiyaya baxmayaraq, ötən ildə Azərbaycan ilə Rusiya arasında aqrar-sənaye kompleksi məhsullarının dövriyyəsində 6 faizlik artım qeydə alınıb.

Ölkəmizdən Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının çeşidinin şaxələndirilməsinin vacibliyi vurğulanıb. Bu kontekstdə mövcud hüquqi bazanın möhkəmləndirilməsinin önəmi qeyd olunub.

Azərbaycan ilə Rusiya arasında nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib. Vurğulanıb ki, cari ilin birinci rübündə dəmir yolu ilə daşınan yüklərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5%-dən çox, avtomobil nəqliyyatı ilə yükdaşımaların həcmi isə 11%-dən çox artıb.

Eyni zamanda, Şimal-Cənub və Şimal-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin uğurla fəaliyyət göstərdiyi bildirilib. Pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, Şimal-Cənub dəhlizinin fasiləsiz fəaliyyəti üçün göstərilən birgə səylərin önəmi vurğulanıb.

Bunun nəticəsində ötən ildə dəhliz üzrə daşınan yüklərin həcminin 2019-cu illə müqayisədə 15%-dən çox olduğu qeyd edilib. Dəmir yolu ilə yükdaşımaların həcmində 23%-dən çox, avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcmində isə 14%-ə yaxın artım olub. Eyni zamanda, cari ilin birinci rübündə dəhliz üzrə daşınan yüklərin həcmində 23,5%-lik artım qeydə alınıb.

Həmçinin, 2020-ci ildə Şimal-Qərb beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların həcminin 11 faiz artdığı məmnunluqla qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR