Koronavirusun yayılma səbəbi ilə bağlı DƏHŞƏTLİ FAKT:

Koronavirusun laboratoriyadan sızması ehtimalı yenə gündəmdədir.

Metbuat.az xəbər verir ki, Fransanın “Le Figaro” qəzetində bununla bağlı dərc edilən yazıda xatırladılır ki, pandemiyanın ilk dövrlərindən virusun Çinin Uhan şəhərindəki laboratoriyadan sızması məsələsi təkzib olunub: “Amma indiyədək virusun vəhşi təbiətdən yayıldığı və heyvan mənşəli olduğu barədə ortaya tutarlı sübut da qoyulmayıb”.

Yazıda bildirilir ki, koronavirusun mənşəyini araşdırmaq üçün Çinə göndərilmiş beynəlxalq ekspert qrupunun hesabatından sonra hətta Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus da virusun ehtiyatsızlıq üzündən Uhandakı laboratoriyadan sızması versiyasını birdəfəlik qırağa qoya bilməyəcəyini diqqətə çatdırıb. Baş direktor deyib ki, ekspert qrupu virusun laboratoriyadan sızdığını inandırıcı saymasa da, əlavə araşdırmalara ehtiyac var: “Mən mütəxəssislərin iştirakı ilə əlavə araşdırıcı missiya təşkil etməyə hazıram”.

Məqalədə deyilir ki, narahatlıq doğuran yeni dəlillər toplandıqca virusun təsadüfən laboratoriyadan sızdığı daha inandırıcı görünməyə başlayır: “Hərçənd bu dəlillər hələ qəti mühakimə yürütməyə əsas vermir. Aylardır pərdəarxası elmi mübahisələr davam edir. Bu, Dünya Səhiyyə Təşkilatına ünvanlanan açıq məktublarda da özünü büruzə verir. Beynəlxalq Alimlər Qrupu (fransızların təşəbbüsü ilə yaradılan bu qurumun qeyri-rəsmi adı “Paris qrupu”dur) ilin əvvəlindən təşkilata ünvanladığı məktubda hərtərəfli qərəzsiz araşdırmanın aparılmasına çağırıb və Çin hökumətindən şəffaflığa əməl olunmasını istəyib.

Bugünlərdə mediada yayılan bir açıq məktubda isə cavabsız qalmış suallara aydınlıq gətirilməsi üçün təkliflər irəli sürülüb. Məktubda virusun yayılmasının faktiki bütün mümkün ssenariləri təfərrüatı ilə təsvir olunub və bu ssenarilərin bir-bir araşdırılmasının vacibliyi vurğulanıb.

Açıq məktubun müəlliflərindən olan, internetdəki məlumatlardan istifadə etməklə pandemiya problemlərini araşdıran “Drastic” müstəqil tədqiqat qrupunun üzvü Jil Demanef qeyd edir ki, Çin dövləti Dünya Səhiyyə Təşkilatı qarşısında “süni Çin səddi” çəkib”.

“Le Figaro” yazır ki, hazırda “tüstü bacasını örtən pərdənin nəyi gizlətdiyini” bilmək mümkün deyil: “Bəlkə də gizlədiləsi bir şey yoxdur. Çox güman ki, Çin istəmir dünyada pandemiyanın baiskarı kimi tanınsın. Ancaq şəffaflığın olmaması şübhələri artırır. Şübhə doğuran məqamlardan biri də virusologiya sahəsində dünyanın ən mühüm tədqiqat mərkəzlərindən birinin məhz Uhan şəhərində yerləşməsidir. Uhan Virusologiya İnstitutu yarasalarda koronavirusu araşdırmaqla məşğuldur. Burada dünyaca məşhur alim – doktor Si Cen Linin rəhbərliyi altında tədqiqatçılar yarasalar üzərində təcrübələr aparırlar. Onlar 2013-cü ildə Yünnan vilayətində xarabalığa çevrilmiş bir mis mədənində yarasaların peyin nümunəsində genetik baxımdan Sars-CoV-2 virusuna ən yaxın RaTG13 virusunu aşkar ediblər. Doktor Si Cen Li RaTG13 virusunun laboratoriyada heç vaxt əkilmədiyini və sınaqdan keçirilmədiyini söyləyir. O, virus nümunəsinin tamamilə məhv edildiyini iddia edir. Ancaq bu iddia açıq məktubun müəlliflərindən olan, Parisin Jak-Mono İnstitutunda çalışan Vircini Kurtyeyə qəribə təsir bağışlayır. Doktor Kurtye deyir: “Adətən həmişə bir qədər material qalmış olur, biz heç vaxt materialın hamısını istifadə etməyə ehtiyac duymuruq”.

Daha bir qəribə məqama diqqət yetirək. Si Cen Li 2020-ci ilin noyabrında “Nature” jurnalına açıqlamasında virus nümunəsinin həqiqətən Yünnan əyalətində yiyəsiz qalmış şaxtadan tapıldığını təsdiqləyib. 2012-ci ildə həmin şaxtada 6 fəhlə atipik pnevmoniyaya yoluxub və onlardan 3-ü ölüb. Bu, çoxlu sual doğurur. Çünki Çin hökuməti o vaxt həmin hadisə barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırmayıb. Şaxtaçıların xəstəliyinə yarasa virusunun səbəb olub-olmadığı naməlum qalır.(Novator.az)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR