Lavrov bu gün Ceyhun Bayramovla görüşəcək

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Bakıya səfərinin ikinci günündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Metbuat.az xəbər verir ki, görüşün əsas mövzusu Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında bölgənin dinc həyata qayıtması ilə bağlı əldə edilən birgə razılaşmaların həyata keçirilməsi olacaq.

Bayramov və Lavrov görüşündə Azərbaycan-Rusiya münasibətlərinin inkişafı və beynəlxalq platformalardakı qarşılıqlı əlaqələrin koordinasiyası məsələsi də kənarda qalmayacaq. Tərəflər nazirliklərarası məsləhətləşmələr Planını da imzalamaq niyyətindədirlər.

Rusiyanın naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edəcək, Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə və Zərifə xanım Əliyevanın məzarına gül dəstələri qoyacaq.

Eyni zamanda, Lavrov Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR