Məhkəmə zalında həbs edilən sabiq müstəntiq məşhur müğənninin yeznəsidir -

Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Metbuat.az Lent.az-a istinadən xəbər verir ki, həbs edilən sabiq müstəntiq Müşfiq Abbasov müğənni Ruhi Əliyevanın bacısının əridir.

Xatırladaq ki, hökmə əsasən, M. Abbasov 7 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.

M. Abbasov dələduzluq və rüşvət verməyə təhriketmə əməllərində təqsirləndirilir. İttihama görə, M. Abbasov 12 iyun 2014-cü il tarixindən 11 sentyabr 2017-ci il tarixinə kimi Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə külli miqdarda zərər vurma, təkrar dələduzluq, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə, birbaşa yolla özü vasitəsi ilə maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təhrik edib.

M. Abbasov 11 sentyabr 2017-ci ildə yol verdiyi nöqsanlara görə prokurorluq orqanlarından xaric olunub. Səbail Rayon Məhkəməsinin 6 dekabr 2017-ci il tarixli hökmü ilə dələduzluq, vəzifə səlahiyyətlərini aşma cinayətlərini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi. Hökmlə ona Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti ilə həmin cəzaya şərti məhkum edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR